Məhkəmə qərarları › İş №e-2-2(113)-1080/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1080/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1080/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, mediasiya xərci, cərimə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizing predmetinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA- KTT21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 1.927,51 manat gecikdirilmiş əsas borc, 215,84 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 2143,35 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTAKTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd Karataş SBM 165 markalı presbağlayanın saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Karataş SBM165 markalı presbağlayan cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin qiyməti 23800,87 manat təşkil etmişdir. Həmin məbləğin 7446 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 4760,17 manat məbləğində ilkin ödəniş və 2,38 manat müqavilənin rəsmiləşdirmə komissiyası xərcləri Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 1927,51 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 215,84 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli, PLX- 23/0103 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirik ki, xx.xx.2023cü il tarixdə, saat 13:30-da təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 1.927,51 manat gecikdirilmiş əsas borc, 215,84 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 2143,35 manat öhdəliyi vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, işə məhkəmədə baxılan müddətdə cavabdeh tərəfindən cəmi 995 manat ödəniş edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, imkanları olmadığı üçün ödənişləri vaxtında edə bilməyiblər. İş məhkəməyə verildən sonra müəyyən ödənişlər olub və borcu ödəməkdə davam edəcəklər.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə obyektini bu lizinq müqaviləninin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən obyektin dəqiq təsviri lizinq müqaviləsinin ayrılmaz hissəsi olan Əlavə 1-də göstərilir.

9. Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 23800,87 manatdır.

10. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 7446 manatdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütn ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər Əlavə 2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişinin ümumi məlbəği 18011,91 manatdır.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 48 aydır.

14. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan lizinq verənin müvafiq tələbində göstərilən müddətdə lizinq verənin tələblərinə cavab verən təminatı təqdim etməyi, yaxud əvvəllər verilmiş təminatı əvəz etməyi öhdəsinə götürür. Lizinq alan tərəfindən yuxarıda göstərilən şərtlər yerinə yetirilmədikdə, lizinq verən lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər.

15. Müqavilənin 8.2-ci bəndinə əsasən:

16. Müqavilənin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək.

17. Müqavilənin 8.2.14-cü bəndinə əsasən lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur.

18. Müqavilənin 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizin alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir.

19. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə hesablamaq hüququna malikdir.

20. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər:

21. Müqavilənin 14.1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə.

22. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq verən lizinq alana məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər.

23. Müqavilənin 14.4-cü bəndinə əsasən lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:

24. Müqavilənin 14.4.7-ci bəndinə əsasən lizinq müqaviləsi və Azərbaycan Respublikasının qanunvericilyi ilə nəzərdə tutulmuş digər hallarda.

25. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda xx.xx.2023-cü il tarixə 1579,23 manat (1444,39 manat əsas və 135,34 manat gecikdirilmiş) məbləğində borc yarandığı və həmin məbləğin 3 gün ərzində ödənilməsi Cavabdeh tələb edilmişdir. Qeyd edilən tələb icra olunmadığı təqdirdə, İddiaçı ASC ilə bağlanmış 29 aprel 2021-ci il tarixli lizinq müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir.

26. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə gecikmiş cari borcu 1927,51 manat, cərimə məbləği üzrə borcu 215,84 manat olmaqla cəmi 2143,35 manat borcu vardır.

27. Cavabdeh məxsus hesabdan çıxarışdan göründüyü kimi xx.xx.2024-cü il tarixdə 245 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə 250 manat ödəniş edilmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

30. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

31. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

33. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

35. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

36. Məhkəmə ilkin olaraq “Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nin ləğvi barədə tələbə dair aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

37. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

38. Tərəflər arasnda bağlanmış müqavilənin 14.2-ci bəndinə əsasən lizinq verən lizinq alana məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ nəzərdə tutulmuşdur.

39. İşdən də göründüyü kimi iddiaçı tərəf xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və yaranmış öhdəliyin icrası üçün 3 gen müddət müəyyən etmişdir. Lakin xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəfindən müqavilə üzrə yaranış borc öhdəliyi icra edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanış lizinq müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi üçün qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir.

40. Bundan əlavə iddia tələbinin digər hissəsi olan xx.xx.2021-ci il tarixli KTA- KTT21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə qədər 1.927,51 manat gecikdirilmiş əsas borca dair məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verildikdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 245 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə 250 manat olmaqla cəmi 995 manat ödəniş həyata keçirildiyindən iddia tələbi üzrə tələb edilən borc məbləğini də (ilkin tələb edilən əsas borc 1927,51 - məhkəmə gedişi zamanı ödənilən cəmi məbləğ 995= yekun qalan borc məbləği 932,51 manat) 932,51 manat həddində müəyyən edilməklə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 932,51 manat təşkil etmiş, o cümlədən həmin məbləğin mövcudluğuna dair də etiraz edilməmişdir. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.

42. Eyni zamanda texnikanın işlək vəziyyət geri qaytarılması tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb bu hissədə də əsaslıdır.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

44. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

45. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqavilə”nin 11.3-cü bəndinə əsasən iddiaçı əsas öhdəliyin gecikdirilməsinə görə cavabdehə 215,84 manat məbləğində cərimə borcu hesablamışdır.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 932,51 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

48. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 215,84 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2021-ci il tarixli KTA-KTT21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi üzrə 47 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilmiş hesab edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə 932,51 manat əsas borc, 47 manat məbləğində dəbbə pulu, cəmi 979,51 manat tutularaq İddiaçı ASC-yə ödənilməli və lizinq obyekti olan 1 ədəd “Karataş SBM 165” markalı presbağlayan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

52. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” xx.xx.2023-cü il tarixindən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4491 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” üzrə 932,51 manat əsas borc, 47 manat məbləğində dəbbə pulu, cəmi 979,51 manat (doqquz yüz yetmiş doqquz manat əlli bir qəpik), mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Lizinq obyekti olan 1 ədəd “Karataş SBM 165” markalı presbağlayan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar