Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1081/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012ci il tarixli 525-L/12 nömrəli müqavilə üzrə yaranmış 6.370,00 (altı min üç yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 6.819,03 (altı min səkkiz yüz on doqquz manat 03 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 200 (iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi: 13.689,03 (on üç min altı yüz səksən doqquz manat 03 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqavilə üzrə yaranmış 6 370,00 (altı min üç yüz yetmiş) manat gecikdirilmiş borcu və hesablanmış 6 819,03 (altı min səkkiz yüz on doqquz manat 03 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandılılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinqverən” "xxxx" ASC, “lizinq alan” Cavabdeh olmaqla imzalanmış xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqaviləyə əsasən lizinq verən kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. 1.2 bəndə əsasən lizinq alan texnikaların dəyərindən 3.110 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsi isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. "xxxx" ASC və Cavabdeh arasında tərtib edilmiş xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikinə əsasən “AG-14-4” markalı kotanla bağlı 2014-cü il, “MTZ-89.2” markalı traktor üzrə sonuncu ödəniş tarixi 2020-ci il tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2022 tarixinə tərtib edilmiş maliyyə arayışından məlum olur ki, Cavabdeh 6.370 manat gecikdirilmiş borc, 6.819,03 manat cərimə borcu hesablanmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin idarə heyətinin sədri Əli Bayramov tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli 676/4 saylı əmrə əsasən “MTZ-89.1” markalı traktor və “AG-14-4” markalı kotanın xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli lizinq müqaviləsi əsasında Cavabdeh lizinqə verilməsi tapşırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus texnikaların təhvil-qəbulu barədə 13 aprel 2012-ci il tarixli akta əsasən MTZ-89.1” markalı traktor və “AG-14-4” markalı kotan Cavabdeh təhvil verilmişdir. Cavabdeh məxsus hesabdan çıxarışdan məlum olur ki, 525-L/12 saylı müqavilə əsasında sonuncu dəfə xx.xx.2015 tarixində 1.200 manat məbləğində ödəniş olmuşdur. 000İPX********** saylı xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 300 manat "xxxx" MMC tərəfindən “Xırdalan şəhər” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Cavabdeh göndərilmiş pretenziya məktubunda xx.xx.2014-ci il tarixli 525-L/12 nömrəli lizinq müqaviləsi əsasında yaranmış 6.370 manat məbləğində borcun və 6.819,03 manat məbləğində dəbbə pulunun ödənilməsi tələb edilmiş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında imzalanmış 27 may 2021-ci il tarixli məkhəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə sazişə əsasən “icraçı” ("xxxx" MMC) “sifarişçi”nin (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) adından məkhəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan”sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqaviləsi imzalanmış və müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikası təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. V.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli və yaranmış 6.370,00 (altı min üç yüz yetmiş) manat gecikdirilmiş borc cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh məxsus hesabdan çıxarışdan məlum olur ki, hazırda mübahisələndirilən xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2015 tarixində 1.200 manat məbləğində ödəniş olmuşdur. Daha sonrakı tarixlərdə olmuş ödənişlər isə 690-GL/16 saylı müqavilə əsasında aparılmışdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri erinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcimində cərimə tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən lizinq ödənişlərinin bir dəfədən artıq gecikdirilməsi öz təsdiqini tapdığından cərimə məbləği cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə cərimə məbləğinin iddia tələbində qeyd olunan hissəsinin əsas borca nisbətdə tənasübsüz dərəcədə yüksək olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan cərimə məbləği hissəsində qismən təmin edilməli, xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqavilə üzrə 318 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli 525-L/12 nömrəli müqavilə üzrə 6.370,00 (altı min üç yüz yetmiş) manat əsas borc 318 (üç yüz on səkkiz manat) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 200 (iki yüz) manat çəkilmiş mediasiya xərci Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1081/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1081/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver