Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1084/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul ələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 12/23 saylı müqavilə üzrə 10675 manat məbləğində əsas borc, 2135 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 620,29 manat və 131 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 12/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10675 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş elektronqaimə ilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində 10675 manat borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, 12/23 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borca 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 45281,45 manat cərimə məbləği təşkil etsə də, Cəmiyyət tərəfindən güzəşt faizi tətbiq edilərək, əsas məbləğin ≈20%-i həcmində, yəni cəmi 2135 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi, cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 620,29 manat pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu 131 manat təşkil edir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 12/23 saylı müqavilə üzrə 10675 manat məbləğində əsas borc, 2135 manat məbləğində cərimə dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 620,29 manat pul, 131 manat dövlət rüsumu və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər arasında mövcud olan işgüzar münasibətlərə əsasən qaimələr göndərilmiş, ödənişlər edilmişdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərəncamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən sifarişçinin daşıyıcıdan xidmətlərin nəzərdə tutulmuş formada və müddətdə, lazımi keyfiyyətdə təmin edilməsini tələb etmək hüququ, həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən sifarişçinin daşıyıcı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etmək vəzifəsi vardır. Həmin müqavilənin 3.3.1-ci maddəsinə əsasən daşıyıcının şərtləşdirilmiş keyfiyyətdə və zamanda icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən daşıyıcı müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. Yükləmə və boşaltma üçün müəyyən edilmiş müddətin yükləmə və boşaltma üçün bölgüsü sifarişçi tərəfindən müəyyən edilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə üzrə yükün təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən sifarişçi xidmət haqqını daşıyıcı tərəfindən təqdim edilmiş hesabfaktura əsasında avans şəklində öncədən ödəyir və xidmət təhvil verildikdən sonra təhviltəslim aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün qalıq borcun 1%-i miqdarında dəbbə pulu hesablanacaq. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, müqavilə üzrə Cavabdeh MMC-yə ümumilikdə 29310 manat dəyərində (19 qaimə üzrə ümumi məbləğ) xidmət göstərilmiş, həmin məbləğdən 18635 manat ödənilmiş, qalıq məbləğ 10675 manat təşkil etmişdir. Müqavilə üzrə Cavabdeh MMC-nin ödəniş üzrə xx.xx.2024-cü il tarixinədək 483 gün gecikməsi müşahidə edilir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, 12/23 saylı müqavilə üzrə əsas borcu 10675 manat, cərimə borcu 45281,45 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla faiz məbləği 620,29 manat təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 308001 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 3750 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2023-cü ilin iyul ayında yükdaşıma xidmətinə görə göndərilmiş 058879 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur.
11. 25.09.12/23-cü il tarixli, EBDP seriyalı, 012567 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 1200 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2023-cü ilin sentyabr ayında yükdaşıma xidmətinə görə göndərilmiş 062297 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur.
12. 02.10.12/23-cü il tarixli, EBDP seriyalı, 543683 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 2900 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2023-cü ilin sentyabr ayında yükdaşıma xidmətinə görə göndərilmiş 062489 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur.
13. 10.10.12/23-cü il tarixli, EBDQ seriyalı, 134715 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 2040 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2023-cü ilin oktyabr ayında yükdaşıma xidmətinə görə göndərilmiş 063666 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur.
14. 05.12.12/23-cü il tarixli, EBDU seriyalı, 308774 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 1200 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2023-cü ilin oktyabr ayında yükdaşıma xidmətinə görə göndərilmiş 064373 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur.
15. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 800 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
16. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 800 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
17. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1000 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
18. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 800 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
19. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 800 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
20. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1600 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBDB seriyalı, 135677 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə göstərilmişdir.
21. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 500 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli hesab-faktura göstərilmişdir.
22. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3000 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBDB seriyalı-973417 nömrəli, EBDC seriyalı-235693 nömrəli, EBDG seriyalı- 783405 nömrəli qaimələr göstərilmişdir.
23. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 6335 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBDB seriyalı-135677 nömrəli, EBDB seriyalı-973417 nömrəli, EBDC seriyalı- 235693 nömrəli, EBDJ seriyalı-562668 nömrəli qaimələr göstərilmişdir.
24. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3000 manat vəsait köçürülmüşdür. Ödənişin əsası kimi xx.xx.2023-cü il tarixli, 726103 nömrəli EBDJ seriyalı qaimə göstərilmişdir.
25. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 10675 manat borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd edilmişdir ki, borcun ödənilməməsi halında ödənilməmiş 10675 manat məbləğində borcla yanaşı, borcun məcburi icrası məqsədilə mediasiya və məhkəmə xərcləri də olmaqla, əlavə sanksiya da ödəməli olacaqlar. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, 12/23 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşıma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşınma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə 10675 manat məbləğində daşıma haqqı ödənilməmiş qalmışdır. Həmin hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışında Cavabdeh MMC-yə ümumilikdə 29310 manat dəyərində xidmətin göstərildiyi (arayışda 19 elektron qaimənin tarixi, seriyası, nömrəsi, məbləği qeyd olunur), həmin məbləğdən 18635 manatın ödənildiyi (ödəniş tarixləri və məbləği qeyd olunur), qalıq məbləğin 10675 manat təşkil etdiyi göstərilmişdir. Həmçinin məhkəməyə müvafiq ödəniş sənədləri təqdim olunmuşdur və həmin sənədlərin bir çoxunda ödənişin təyinatı kimi müvafiq elektron qaimələrə istinad olunur.
29. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə üzrə 10675 manat məbləğində əsas borcun tutulması təşkil edir.
30. Hazırkı tələblə bağlı məhkəməyə sübut qismində təqdim olunmuş, ödənişi aparılmayan 5 qaimə üzrə ümumi məbləğ 11090 manat təşkil edir. Həmin məbləğin bir qismi ödənilmiş, qalıq məbləğ 10675 manat təşkil etmişdir.
31. Həmçinin iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, tərəflər arasında mövcud olan münasibətlərə əsasən onlar tərəfindən qaimələr göndərilmiş, cavabdeh də həmin qaimələr əsasında ödənişlər etmişdir. Həmin halın təsdiqi kimi ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir.
32. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 10675 (on min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
33. Həmçinin nəzərə alınmışdır ki, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı, yeri barədə SMS bildiriş göndərilsə də, iştirak edilməmiş, cavabdehin qanuni təmsilçisinin e-kabineti olsa da, iddiaya hər hansı münasibət bildirilməmiş, etiraz edilməmişdir. Bu da dolayısı ilə iddinı qəbul etmə anlamına gəlir.
34. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2135 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
35. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün qalıq borcun 1%-i miqdarında dəbbə pulu hesablanacaq.
36. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 550 (beş yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Bundan əlavə iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 620,29 manat faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 620,29 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır (maliyyə arayışında gecikən günlərin sayı, müvafiq hesablama öz əksini tapmışdır).
39. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131 manat dövlət rüsumu və 300 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması xahiş edilmişdir.
40. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 115 (yüz on beş) manat və 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli müqavilə üzrə 10675 (on min altı yüz yetmiş beş) manat əsas borc, 550 (beş yüz əlli) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 620,29 manat (altı yüz iyirmi manat iyirmi doqquz qəpik), 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 (yüz on beş) manat olmaqla, cəmi 12260,29 manat (on iki min iki yüz altmış manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova