Məhkəmə qərarları › İş №e-2-2(113)-1085/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1085/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1085/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X4 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh “X7” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Qapalı Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2015-ci il tarixli üzləşmə aktını etibarsız hesab edib, cavabdehdən artıq ödənilmiş 43790073 ABŞ dolları və 3530300.0 manat məbləğidə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2015-ci il tarixli üzləşmə aktını etibarsız hesab edib, cavabdehdən artıq ödənilmiş 43790073 ABŞ dolları və 3530300.0 manat məbləğidə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-2603/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər “X9” MMC, Mirkan Aygül və “Baglan Group FZCO” şirkəti tərəfindən iddiaçı “xxxx” QSC qarşısında göstərilimiş xidmət haqqının ödənilməsi öhtəliyinin yerinə yetirilməməsi hərəkətləri qanunsuz hesab edilmiş, cavabdehlər “X9” MMC-dən, Mirkan Aygüldən və “Baglan Group FZCO” şirkətindən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yükdaşımasına görə 42.777.021 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yük daşımalara görə 137.805 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-2603/2017 saylı qətnaməsindən “Baglan Group FZCO” şirkəti tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10684/2018 saylı xx xxxxxx 2018ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayəti təmin edilərək, mülki iş Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(103)-11184/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X9” MMC-nin xx.xx.2015-ci il tarixli həmin üzləşmə aktına imza atan Mirkan Aygülün imza sələhiyyəti olmamışdır. xx.xx.2015-ci il tarixli üzləşmə aktında 62934470 milyon ABŞ dolları saldo yoxlama dövrünə 13088931 ABŞ dolları hesab və “X9” MMC tərəfindən 33251380 ABŞ dolları vəsait ödənildiyi göstərilmişdir. “X9” MMC tərəfindən xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən “xxxx” QSC-nə xx.xx.2014-cü il tarıxdən xx.xx.2015-ci il tarıxınədək ********.0 ABŞ dolları və 3530300.0 manat məbləğində pul ödənilmişdir ki, bu da həmin üzləşmə aktının etibarsız olduğuna əsasdır. “Prime Legal” ekspertiza və hüquq şirkəti tərəfindən xx xxxx 2020-ci il tarıxli, 41 saylı ekspert rəyində göstərilən hal sübuta yetirilmişdir. Ekspertizaya “xxxx” ASC tərəfindən iddiaçının aldığı hesabdan çıxarışlar təqdim edilmiş və rəy ona uyğun verilmişdir. Ekspert rəyi və bank çıxarışları ilə sübuta yetirilir ki, “xxxx” QSC-nə xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2014-cü il tarıxdən xx.xx.2015-ci il tarixinədək ********.0 ABŞ dolları və 3530300.0 manat vəsait ödənilmişdir. Bu da iddiaçının aktda göstəriləndən 43790073 ABŞ dolları və 3530300.0 manat artıq ödədiyini sübuta yetirir. Eyni zamanda üzləşmə aktı qanunsuz olsa belə iradə ifadəsini təcəssüm etdirdiyi düsünüldüyü halda yenə də mülki qanunvericliyin tələbi pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 87.10-cu maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin Baglanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. “X9” MMC-nin təsisçisi “xxxx” MMC-dir. Azərbaycan Respublikasındakı fəaliyyətini etibarnamə əsasında həyata keçirir və həmin etibarnamədə xüsusi əhəmiyyətli əqd bağlamaqla bağlı heçbir diskression səlahiyyət verilməmiş, verilmiş olsa belə qanunvericiliyə zidd olardı. X5 aktında iddiaçı üçün öhdəlik yaradan məbləğ aktın Baglandığı tarixə “X9” MMC-nin xalis aktivlərinin 50 faizindən çox-çox yuxarı məbləğdir. Xüsusi əhəmiyyətli əqd Baglandığı halda cəmiyyətin ümumi yığıncağının qərarı olmalıdır. Üzləşmə aktı Baglandığı zaman ümumi yığıncağın heç bir qərarı olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddianın predmeti xx.xx.2015-ci il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi və sonra MMC tərəfindən artıq ödənilmiş vəsaitin cavabdehdən tutularaq, ona ödənilməsidir. Eləcə də, iddia tələbi 3 dəlilə əsaslandırılmışdır. Üzləşmə aktına imza edən Mirkan Aygülün səlahiyyətinin olmaması, ekspert rəyi və bank çıxarışları əsasında iddiaçı tərəfindən cavabdehə artıq pul vəsaiti ödənildiyi sübut olunduğu üçün, üzləşmə aktı xüsusi əhəmiyyətli əqd olduğundan iddiaçının ümumi yığıncağının qərarı olmadığına görə həmin üzləşmə aktı etibarsız hesab edilməlidir. İddia tələbi iddiaçının yalnız və yalnız formal mülahizələrinə və fərziyələrinə əsaslandırılmış və həqiqəti əks etdirmir. «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə «X9» MMC, Mirkan Aygül və «xxxx» şirkəti arasında başa çatmış məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında faktlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1002 saylı Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası vəziyyətinin yoxlanılması ilə əlaqədar görülmüş işlər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilməsilə əlaqədar daxil olmuş xx.xx.2015-ci il tarixli, 1\49 saylı məktubun icrası zamanı müəyyən olunmuşdur ki, «X9» MMC ilə «xxxx» QSC arasında xx.xx.2015-ci il tarixli üzləşmə aktları imzalanmış və iddiaçının ödənilməmiş külli miqdarda borcu mövcuddur. Həmin dövrdən borc məbləğinin ödənilməsi iddiaçıdan dəfələrlə tələb olunsa da, sonuncu tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Odur ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə «X9» MMC arasında ilk dəfə məhkəmə mübahisəsi təqribən 4 il bundan əvvəl yaranmış və xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia ərizəsində də etiraf olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2603\2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər «X9» MMC, Mirkan Aygül və «xxxx» şirkəti tərəfindən iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti qarşısında göstərilmiş xidmət haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməməsi hərəkətləri qanunsuz hesab edilmiş, cavabdehlər «X9» MMC, Mirkan Aygül və «xxxx» şirkətindən müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yükdaşınmasına görə 42777021 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yükdaşımalara görə 137805 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin məhkəmə tərəfindən tətqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə «X9» MMC arasında «Dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiyası olunması haqqında» Müqavilələr Baglanmış, «xxxx» QSC ilə «X9» MMC arasında xx.xx.2015-ci il tarixli «Üzləşmə» Aktları imzalanmış, idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, xx.xx.2015-ci il tarixli idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən üzləşmə dövrünün əvvəlinə xx.xx.2014-cü il tarixə saldo 62934470 ABŞ dolları 25 sent «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir, yoxlama dövründə «X9» MMC-yə daşınan yüklərə görə «xxxx» QSC tərəfindən 13088931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində «X9» MMC tərəfindən «xxxx» QSC-yə 33251380 ABŞ dolları 71 sent vəsait ödənilmiş, beləliklə xx.xx.2015-ci il tarixə saldo 42772021 ABŞ dolları 05 sent «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir, eyni zamanda xx.xx.2015-ci il tarixli daxili yük daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən üzləşmə dövrünün əvvəlinə xx.xx.2014-cü il tarixə saldo 413182 manat 31 qəpik «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə «X9» MMC-yə daşınan yüklərə görə «xxxx» QSC tərəfində 78622 manat 46 qəpik ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində «X9» MMC tərəfindən «xxxx» QSC-yə 354000 manat vəsait ödənilmiş, beləliklə xx.xx.2015-ci il tarixə saldo 137 804 manat 76 qəpik «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir. Həmin qətnamədən «X9»MMC və «xxxx» şirkəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10684/2018 saylı qətnaməsi ilə «X9» MMCnin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2603\2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi «X9» MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10684/2018 saylı qərardadı ilə «xxxx» şirkəti tərəfindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qətnamədən «X9» MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4360/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarına əsasən cavabdeh «X9» MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10684/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin Qərarın 3-cü səhfəsinin 5-ci abzasında göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsini apellyatora münasibətdə dəyişdirmədən saxlayarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Həmin Qərarın 6-cı səhfəsinin 9-cu abzasında göstərilmişdir ki, kassasiya kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin müqavilə üzrə icra edilməmiş öhdəliyinin yaranması ilə bağlı qənaətə gələrkən, cavabdeh tərəfin işdə oln müqavilələrin əsillərinin iddiaçı tərəfindən təqdim edilməməsi və surətlər əsasında qərarın qəbul edilməsinin yolverilməzliyi, müqavilələrdə cavabdeh tərəfin nümayəndəsinin imzasının olmaması, üzləşdirmə aktlarındakı imzanın cavabdeh Mirkan Aygülə aid olmaması, habelə onun bu aktı imzalamağa səlahiyyətinin olmaması kimi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən halları qanunvericiliyin tələb etdiyi şəkildə zəruri olan araşdıma aparmamaqla, habelə işdə olan sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 11184/2019 nömrəli qətnaməsi ilə «X9» MMC və «xxxx» şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi apelyantlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən məhkəmə iclasında «X9» MMC-nin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərdən əlavə olaraq qeyd etmişdir ki, MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, 63000000 manatdan çox vəsait ödəmişdir. Həmin ödənişlərə dair sənədləri məhkəməyə təqdim edir. Üzləşmə aktlarını MMC-nin direktorunun imzası və möhrü ilə təsdiq olunmasını etiraf etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11184/2019 nömrəli qətnaməsindən «X9» MMC və MMC-nin təsisçisi olan «xxxx» şirkəti tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-11184/2019 nömrəli qərardadı ilə «X9» MMC tərəfindən verilmiş kassasiya şikayətinə vəkil orderi təqdim olunmadığı üçün kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh «X9» MMC və vəkili X1 tərəfindən kassasiya şikayəti verilmiş, həmin qərardadın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11184/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-685/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-11184/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbavcan Respublikası Ali Məhkəməsinin 2(102)-2414/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarına əsasən «xxxx» şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarın 8-ci səhfəsinin 6-cı abzasında göstərilir ki, “xxxx” şirkəti Azərbaycan Respublikasında «X9» MMC və faktiki rəhbərliyini həyata keçirməklə tələb olunan pul vəsaitinin iddiaçıya qaytarılmamasında maraqlı olmuş və həmin şirkətin rəhbəri Nümayəndə1 həmçinin “X9” MMC-yə direktor təyin etməklə «X9» MMC-nin maliyyə təsərrüfat fəaliyyətinə faktiki rəhbərlik etdiyini bir daha təsdiq etmişdir. Həmin Qərarın 8-ci səhfəsinin 7-ci abzasında göstərilir ki, isin məhkəmələr tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, X3 qeydiyyatdan keçmiş “Baglan Group FZCO” şirkəti Azərbaycan Respublikasında əsasən logistika fəaliyyətini həyata keçirmək üçün «X10» MMC-ni təsis etmiş, “Baglan Group FZCO” şirkətinin rəhbəri Nümayəndə1, «X9» MMC-nin rəhbəri (qanuni təmsilçisi) isə X2 (Nümayəndə1 atası) olmuş, «xxxx» QSC ilə «X9» MMC arasında xx.xx.2015-ci il tarixli Üzləşmə Aktları imzalanmış, idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, xx.xx.2015-ci il tarixli idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, xx.xx.2015-ci il tarixli idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən üzləşmə dövrünün əvvəlinə xx.xx.2014-cü il tarixə saldo 82.934.470 ABŞ dolları 25 sent «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə «xxxx» QSC-yə daşınan yüklərə görə «xxxx» QSC tərəfindən 13.088.931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində «X9» MMC tərəfindən «xxxx» QSC-yə 33.251.380 ABŞ dolları 71 sent vəsait ödənilmiş, beləliklə xx.xx.2015-ci il tarixə saldo 42.772.021 ABŞ dolları 05 sent «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir, eyni zamanda xx.xx.2015-ci il tarixli daxili yük daşımalarına görə hesabatların Üzləşmə aktına əsasən üzləşmə dövrünün əvvəlinə xx.xx.2014-cü il tarixə saldo 413.182 manat 31 qəpik «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə daşınan yüklərə görə «xxxx» QSC tərəfindən 78.622 manat 46 qəpik ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində «X9» MMC tərəfindən «xxxx» QSC-yə 354.000 manat 00 qəpik vəsait ödənilmiş, beləliklə xx.xx.2015-ci il tarixə saldo 137.804 manat 76 qəpik «xxxx» QSC-nin xeyrinə təşkil etmişdir. Qeyd olunan hesablaşmalarda, saldo və sonuncu nəticənin əldə olunmasında «X9» MMC-nin Baş mühasibi olan cavabdeh Mirkan Ayqül şəxsən iştirak etmiş və Mirkan Aygül bütün yükdaşımalara Baş mühasib kimi üzərinə düşən vəzifələrə əsasən rəhbərlik etmişdir. Qeyd olunanlardan başqa, yəni iddia tələbinin əsassız və qanunsuz olmasının tam sübut olunması ilə yanaşı, hesab edir ki, «X9» MMC tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Belə ki, «X9»MMC ilə «xxxx» QSC arasında imzalanmış xx.xx.2015-ci il tarixli üzləşmə aktlarının etibarsızlığını və həmin üzləşmə aktlarına görə güya artıq ödənilən pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə 6 il 1 gündən sonra, yəni xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Təqdim olunmuş əsas iddia tələbi xx.xx.2015-ci il tarixli üzləşmə aktlarının etibarsızlığı ilə bağlı olduğu üçün, bu cür iddialar üzrə mübahisə edilməsinə görə iddia müddəti qanunla 1 il nəzərdə tutulmuşdur. Açıq-aşkardır ki, üzləşmə aktlarının xx.xx.2015-ci il tarixdə «X9»MMC-nin baş mühasibi tərəfindən imzalanması, eyni zamanda MMC-nin direktorunun imzası və möhrü ilə təsdiq olunması birbaşa sübut edir ki, elə həmin gün, yəni xx.xx.2015-ci il tarixdə həmin aktların mövcudluğundan, eyni zamanda aktlarındakı hesablaşmalardan, saldo və sonuncu nəticənin əldə olunmasından «X9» MMC xəbərdar olmuşdur. Təqdim olunmuş digər iddia tələbi üzləşmə aktlarına görə güya artıq ödənilən pul vəsaitinin tutulması ilə bağlı olduğu üçün, bu cür iddialar üzrə mübahisə edilməsinə görə iddia müddəti qanunla 3 il nəzərədə tutulmuşdur. İddiaçının bu tələbinin də açıqaşkar əsassız və qanunsuz olması «xxxx» QSC-nin xx.xx.2017-ci il tarixli iddia ərizəsi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhkəməyə müraciət olunanadək tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2414/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarına əsasən «X9» MMC-nin hərəkətlərinin qanunsuz olması, MMC-dən və digər şəxslərdən müştərək qaydada 42777021 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və 137805 manat məbləğində pul vəsaitin tutulmaqla, ziyanına yekun məhkəmə aktı çıxarıldıqdan sonra hazırkı iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməsinin yalnız və yalnız bir səbəbi vardır ki, bu və ya digər yolla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra işinə maneçilik törədilsin. Belə ki, MMC tərəfindən əgər artıq ödəmələrə yol verilmişdirsə, xx.xx.2015-ci il tarixdə həmin aktların mövcudluğundan, eyni zamanda aktlarındakı hesablaşmalardan, saldo və sonuncu nəticənin əldə olunmasından «X9» MMC elə həmin gün xəbərdar olduğu zaman 3 il ərzində nəyə görə həmin halı mübahisələndirməmişdir. Odur ki, iddiaçının uydurma və formal fərziyələrinə əsaslandırılmış pul tələbinin «xxxx» QSC-dən tutulması barədə iddiası 6 il 1 gündən sonra məhkəməyə təqdim edildiyindən iddia müddətinin keçmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2015-ci il tarixli Üzləşmə aktının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli hüq 1977 saylı müqaviləyə əsasən xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək olan dövr ərzində cavabdeh ilə iddiaçı tərəfindən idxal-ixrac və tranzit yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, üzləşmə dövrünün əvvəlinə xx.xx.2014-cü il tarixə saldo 62934470 ABŞ dolları 25 sent cavabdehin xeyrinə təşkil etmiş, yoxlama dövründə iddiaçıya daşınan yüklərə görə cavabdeh tərəfindən 13088931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində iddiaçı tərəfindən cavabdehə 33251380 ABŞ dolları 71 sent vəsait ödənilmişdir. Beləliklə, xx.xx.2015-ci il tarixə saldo 42772021 ABŞ dolları 05 sent cavabdehin xeyrinə təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)- 2603/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər “X9” MMC, Mirkan Aygül və “Baglan Group FZCO” şirkəti tərəfindən iddiaçı “xxxx” QSC qarşısında göstərilimiş xidmət haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər “X9” MMC-dən, Mirkan Aygüldən və “Baglan Group FZCO” şirkətindən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yükdaşımasına görə 42.777.021 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yük daşımalara görə 137.805 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 11184/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-2603/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbavcan Respublikası Ali Məhkəməsinin 2(102)-2414/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11184/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin Baglanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli Üzləşmə aktı Baglanmış və həmin aktla xx.xx.2013-cü il tarixli hüq 1977 saylı müqaviləyə əsasən iddiaçı xx.xx.2015-ci il tarixə 42772021 ABŞ dolları 05 sent cavabdehə borclu olmasını qəbul etmişdir. Cavabdeh iddiaçıya qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-2603/2017 saylı qətnaməsi ilə cavabdehlər “X9” MMC, Mirkan Aygül və “Baglan Group FZCO” şirkəti tərəfindən iddiaçı “xxxx” QSC qarşısında göstərilimiş xidmət haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər “X9” MMC-dən, Mirkan Aygüldən və “Baglan Group FZCO” şirkətindən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yükdaşımasına görə 42.777.021 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yük daşımalara görə 137.805 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11184/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-2603/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2414/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11184/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mübahisələndirilən aktla müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, akt üzrə tərəflər arasındakı hüquq münasibətləri müqavilənin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlməklə mübahisələndirilən akt tərəflər arasında Baglanmış müqavilə kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən üzləşmə aktı Baglanılarkən, aktın şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, aktı bağlamışlar, akt Baglandıqdan sonra uzun müddət onun şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən akt xx xxxxxx 2015-ci il tarixdə Baglanmış, lakin həmin tarixdən 6 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin Baglanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında Baglanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, üzləşmə aktının etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin ödənilmiş pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin göstərilən hissəsi üzləşmə aktının etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Qapalı Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2015-ci il tarixli üzləşmə aktını etibarsız hesab edib, cavabdehdən artıq ödənilmiş 43790073 ABŞ dolları və 3530300.0 manat məbləğidə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar