Məhkəmə qərarları › İş №e-2-2(113)-1085/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1085/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1085/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh AR DNŞ-nin “X1” Trestinə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Firması (bundan sonra-iddiaçı) Cavabdehnə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh ilə İddiaçı firması arasında xx.xx.2017-ci il tarixdə KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən təchiz edilməli mallar İncoterms DDP şərtləri əsasında Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, cavabdeh 7 (yeddi) bank günü ərzində çatdırılmış malların dəyərini iddiaçının bank hesabına ödəməli idi. Göstərilən müqavilə üzrə iddiaçı tərəfindən trestə cəmi 7516743,7 manat (yeddi milyon beş yüz on altı min yeddi yüz qırx üç manat yetmiş qəpik) məbləğində müxtəlif boru məmulatı təchiz edilmişdir. Müqavilə üzrə borular 4 (dörd) partiyada xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, və xx.xx.2019 tarixlərdə Arzu-NNN tərəfindən çatdırımış və trest tərəfindən qəbul edilmişdir. Lakin, trest tərəfindən çatdırılmış mallara görə ödənişlər gecikdirilmiş və son ödəniş xx.xx.2021 tarixində həyata keçirilmişdir, baxmayaraq ki, ödənişlərin edilməsi xx.xx.2019 tarixədək tamamlanmalı idi. Müqavilənin 10.2-ci maddəsinə əsasən trest təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada İddiaçıya cərimə ödəməlidir: - ilk 4 (dörd) həftə ərzində – gecikdirilmiş ödənişin 0 5%-·i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə – gecikdirilmiş ödənişin 1 5%-i (bir tam onda beş faizi) miqdarında. Müqavilənin 10.3-cü maddəsinə görə cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz . Müqavilə üzrə təchiz edilmiş malların yalnız 1-ci partiyası üzrə, yəni xx.xx.2018-ci il tarixdə gerçəkləşmiş mal çatdırılması üzrə cərimə məbləği 1532618,86 manat təşkil edir, lakin cərimə məbləği müqavilə dəyərinin 10% (on faizi) ilə məhdudlaşdığı üçün cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) təşkil edir. Cərimə məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilmiş, lakin cavabdehdən heç bir cavab alınmamışdır. Cərimə məbləğinin hesabalanması cədvəlləri iddia ərizəsinə əlavə edilir. Malların çatdırılmasını və qəbulunu təsdiq edən sənədlər və müqavilə ərizəyə əlavə edilmişdir.

3. Daha sonra İddiaçı Firması iddia tələbinin həcminin artırılması barədə ərizə verib 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin, 748006,68 (yeddi yüz qırx səkkiz min altı manat altmış səkkiz qəpik) manat məbləğində ARDNŞ-nin “X1" Tresti tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın və 976812,63 manat məbləğində gecikmə faizinin, cəmi 2476493,68 (iki milyon dörd yüz yetmiş altı min dörd yüz doxsan üç manat altmış səkkiz qəpik) manat, 2694,08 (iki min altı yüz doxsan dörd manat səkkiz qəpik) manat dövlət rüsumu məbləğinin, cəmi 2479187,76 (iki milyon dörd yüz yetmiş doqquz min bir yüz səksən yeddi manat yetmiş altı qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının da ərizəsindən görünür ki, İddiaçı firması ilə KQİT arasında xx.xx.2017-ci il tarixli, KQ-ANN/01-2017 №-li alqı-satqı müqaviləsi (bundan sonra ismin müvafiq hallarında “Müqavilələr”) bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. Müqavilənin 4-cü maddəsində təsbit edilmişdir ki, mallar alıcıya təhvil verildikdən 7 bank günü ərzində ödəniş ediləcəkdir. Qeyd edilir ki, müvafiq müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür.

6. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, malların çatdırılması öhdəliyi vaxtında icra edilmədiyi üçün 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu və 1041,67 (bir min qırx bir manat altmış yeddi qəpik) manat dövlət rüsmunun İddiaçı Firmasından tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-8842/2024 №-li kommersiya işi üzrə ilkin iddia üzrə İddiaçı firması ilkin iddia üzrə cavabdeh, SOCAR Cavabdehnə (bundan sonra ismin müvafiq hallarında “KQİT”) qarşı “alq-satqı müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı firması ilə KQİT arasında xx.xx.2017-ci il tarixli, KQ-ANNİ01-2017 №-li alqı-satqı müqaviləsi bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. Yuxarıda adı çəkilən Müqavilələrin 3.2-ci maddəsində təsbit edilmişdir ki, “Malları satıcı tərəfindən bu Müqavilənin 3.2-ci maddəsində göstərilmiş alıcının ünvanına DDF Bakı Puta DY Stansiyasına müqavilə imzalandığı tarixdən 90-210 gün ərzində çatıdırılacaqdır.” Habelə Müqavilənin 10.1-ci maddəsində təsbit edilmişdir ki, “malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada cərimə ödəməlidir. İlk 4 (dörd) həftə ərzində-gecikdirilmiş malların dəyərinin 0,5%-i miqdarında, daha sonrakı müddətdə- gecikdirilmiş malların dəyərinin 1,5%-i miqdarında” Müqavilənin 10.3-cü maddəsində təsbit edilmişdir ki, “cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 %-dən çox ola bilməz.” Müqavilənin xx.xx.2017-ci il tarixində təsdiq edildiyini nəzərə alaraq Arzu NNN firması tərəfindən müqavilə üzrə malların ilk mədaxili e-qaimə üzrə xx.xx.2018-ci ildə olmuşdur. Müqavilə şərtlərinə görə cəriməyə düşməmək üçün mallar xx.xx.2018-ci il tarixinə kimi təchiz olunmalı idi. Təchiz müddəti qeyd olunan tarixdən 65 gün gecikdirildiyi halda “Arzu NNN” firması təchiz olunacaq malların 10%-i həcmində cərimə ödəməli idi. Faktiki olaraq “Arzu NNN” firması tərəfindən təchizat 134 gün gecikmə ilə həyata keçirildiyi üçün qarşı tərəfə 10 % həcmində cərimə ödəməlidir. 10 % həcmində cərimə məbləği də 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat, otuz yeddi qəpik) manat təşkil edir. Qarşı tərəfin də təqdim etdiyi e-qaimələrdən, iddia ərizəsindən görünür ki, müqavilə üzrə şərtləşdirilmiş müddətdən çox daha sonra mallar KQİT-ə təhvil verilmişdir. Bu baxımdan İddiaçı firması malların təhvilinin gecikdirildiyini özü iddiasında dolayı yolla etiraf etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı firmasından qarşılıqlı iddia ərizəsi ilə tələb edilən 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) cərimə məbləğinə əlavə olaraq 400396,33 (dörd yüz min üç yüz doxsan altı manat otuz üç qəpik) məbləğində İddiaçı firması tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın (inflyasiya faizinin) və 246559,72 (iki yüz qırx altı min beş yüz əlli doqquz manat, yetmiş iki qəpik) manat məbləğində gecikmə faizinin, boşdayanma xərci qismində ******* manat, cəmi 2657 430,42 manat ( iki milyon altı yüz əlli yeddi min dörd yüz otuz manat qırx iki qəpik), 2118,72 manat (iki min bir yüz on səkkiz manat, yetmiş iki qəpik) dövlət rüsumu məbləğinin, beləliklə də cəmi 2659549,14 manat (iki milyon altı yüz əlli doqquz min beş yüz qırx doqquz manat on dörd qəpik) məbləğin İddiaçı firmasından tutularaq SOCAR Cavabdeh nəfinə tutulması və SOCAR Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlkin iddia üzrə İddiaçı Firması qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir.

10. Etiraz onunla əsalandırılmışdır ki, “Arzu-NNN" firması onunla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdeh arasındakı xx.xx.2017-ci il tarixli KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsi üzrə trest tərəfindən ödəniş öhdəliklərinin vaxtında icra edilmədiyi səbəbilə iddiaçıya yetirilmiş faktiki ziyanın və müqavilə üzrə nəzərdə tutulan cərimə məbləğinin ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi əsasında Bakı kommersiya Məhkəməsində kommersiya işi başlanmış və e-2-2(113)-8842/2024 nömrəli iş icraata qəbul edilmişdir. Trest tərəfindən xx.xx.2024 tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Qarşılıqlı odddia ərizəsində trest, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş təchizatın müqavilə ilə nəzərdə tutulmuş müddətdə icra edilmədiyinə görə müqavilənin 10.1-ci maddəsinə istinadla (1) müqavilə məbləğinin 10% həmində - 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat, otuz yeddi qəpik) məbləğində cərimə ödənilməsinin təmin edilməsini, habelə, (2) ilikin iddia ərizəsində yer alan ödəniş tələbinin rədd edilməsini xahiş etmişdir. Hesab edilir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsindəki tələblər aşağıdakı səbəblərə görə təmin edilə bilməz. (1) İlkin iddia üzrə cavabdeh tərəfindən təchizatın gecikdirilməsinə görə cərimə məbləği tətbiq edilməsi barədə tələb irəli sürmək üçün MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti ilkin iddia üzrə cavabdeh tərəfindən ötürülmüşdür, buna görə də onun qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilə bilməz. qarşılıqlı iddia ərizəsində ilkin iddia üzrə cavabdeh tərəfindən bildirilir ki, Müqavilə şərtlərinə görə cəriməyə düşməmək üçün mallar xx.xx.2018-ci il tarixinə kimi təchiz olunmalı idi. Bu da onu göstərir ki, qarşılıqlı iddia üzrə cərimə ödənilməsi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdə başlamışdır. Lakin, qarşılıqlı İddia ərizəsi verilən günə qədər ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı bir cərimə tətbiq edilməsi tələbi irəli sürülməmişdir. Hətta cərimə ödənişi tələbi üzrə iddia müddətinin axımının müqavilə ilə nəzərdə tutulan maksimum cərimə məbləğinin ödənilməsi tələbinin irəli sürülməsi hüququnun yarandığı gündən başladığını hesab etsək belə, yenə də qanunla müqavilə üzrə tələb irəli sürülməsi üçün müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülmüş olduğunu görürük. Müqavilə ilə nəzərdə tutulan maksimum 10% cərimə məbləğinin (müqavilənin 10.3-cü maddəsi əsasında) ödənilməsi tələbinin irəli sürülməsi hüququnun yarandığı gün xx.xx.2018-ci il tarixinə təsadüf edir. Həmin tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək iddiaçıya trest tərəfindən cərimə ödənilməsi ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İddia müddəti beləliklə, ən geci xx.xx.2021-ci ildə bitmişdir. Həmin tarixdən sonra MM-nin yuxarıda göstərilmiş maddəsinə əsasən trest müqavilə üzrə hər hansı tələb irəli sürmək hüququnu itirmişdir. İddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq qarşılıqlı iddia ərizəsinin təmin edilməsi yolverilməzdir. Buna görə də qarşılılqlı iddia ərizəsi cərimə ödənilməsi tələbi hissəsində MM-nin 373.2-ci maddəsinə əsasən rədd edilməlidir.

11. İddiaçı Firması iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, trest tərəfindən xx.xx.2024 tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Qarşılıqlı iddia ərizəsində trest, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş təchizatın müqavilə ilə nəzərdə tutulmuş müddətdə icra edilmədiyinə görə müqavilənin 10.1-ci maddəsinə istinadla müqavilə məbləğinin 10% həmində - 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat, otuz yeddi qəpik) məbləğində cərimə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Hesab edilir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsindəki tələblər aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İlkin iddia üzrə cavabdeh tərəfindən təchizatın gecikdirilməsinə görə cərimə məbləği tətbiq edilməsi barədə tələb irəli sürmək üçün MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti ilkin iddia üzrə cavabdeh tərəfindən ötürülmüşdür, buna görə də onun qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı İddia ərizəsində ilkin iddia üzrə cavabdeh tərəfindən bildirilir ki, Müqavilə şərtlərinə görə cəriməyə düşməmək üçün mallar xx.xx.2018-ci il tarixinə kimi təchiz olunmalı idi. Bu da onu göstərir ki, qarşılıqlı iddia üzrə cərimə ödənilməsi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdə başlamışdır. Lakin, qarşılıqlı iddia ərizəsi verilən günə qədər ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı bir cərimə tətbiq edilməsi tələbi irəli sürülməmişdir. Hətta cərimə ödənişi tələbi üzrə iddia müddətinin axımının müqavilə ilə nəzərdə tutulan maksimum cərimə məbləginin ödənilməsi tələbinin irəli sürülməsi hüququnun yarandığı gündən başladığını hesab etsə belə, yenə də qanunla müqavilə üzrə tələb irəli sürülməsi üçün müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülmüş olduğu görülür. Müqavilə ilə nəzərdə tutulan maksimum 10% cərimə məbləginin (müqavilənin 10.3-cü maddəsi əsasında) ödənilməsi tələbinin irəli sürülməsi hüququnun yarandığı gün xx.xx.2018-ci il tarixinə təsadüf edir. Həmin tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək iddiaçıya trest tərəfindən cərimə ödənilməsi ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İddia müddəti beləliklə, ən geci xx.xx.2021-ci ildə bitmişdir. Həmin tarixdən sonra MM-nin yuxarıda göstərilmiş maddəsinə əsasən trest müqavilə üzrə hər hansı tələb irəli sürmək hüququnu itirmişdir. İddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq qarşılıqlı iddia ərizəsinin təmin edilməsi yolverilməzdir. Buna görə də qarşılılqlı iddia ərizəsi cərimə ödənilməsi tələbi hissəsində MM-nin 373.2-ci maddəsinə əsasən rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib yazılı etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verib qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verib ilk iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. İddiaçı Firması (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms 2010”-a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırır, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyir.

17. Müqavilənin 3.2-ci bəndinə görə mallar satıcı tərəfindən bu Müqavilənin 3.2-ci maddəsində göstərilmiş alıcının ünvanına DDP Bakı Puta DY Stansiyasına müqavilə imzalandığı tarixdən 90-210 (doxsan - iki yüz on) gün ərzində çatdırılacaqdır. Malların çatdırma müddətindən əvvəl göndərilməsinə, hissə-hissə göndərilməsinə, bir nəqliyyat vasitəsindən başqa nəqliyyat vasitəsinə yüklənməsinə icazə verilir.

18. Müqavilənin 4.1-ci bəndinə görə mallar bu DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, alıcı 7 (yeddi) bank günü ərzində satıcının bank hesabına aşağıdakı sənədlər təqdim olunduqdan sonra çatdırılmış malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 7431336,86 AZN (yeddi milyon dörd yüz otuz bir min üç yüz otuz altı manat, 86 qəpik) məbləğində ödəniş edəcək. a) Hesab-faktura (invoys); b) Müvafiq nəqliyyat qaimələri; c) istehsalçının keyfiyyət sertifikatı; d) istehsalçının ölkəsinin TSP tərəfindən təsdiq olunmuş malın mənşə sertifikatı.

19. Müqavilənin 10.1-ci bəndinə görə malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada alıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində -gecikdirilmiş malların dəyərinin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə gecikdirilmiş malların dəyərinin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

20. Müqavilənin 10.2-ci bəndinə görə alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində -gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə -gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

21. Müqavilənin 10.3-cü bəndinə görə cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz. Cərimə məbləği 10%-ə (on faizə) çatdıqda tərəflər görüşüb 4 həftə ərzində malların təchiz və ödəniş şərtlərinə yenidən baxmalı və yeni təchiz və ödəniş şərtlərini razılaşdırmalıdırlar.

22. xx.xx.2017-ci il tarixdə KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli qoşmada müqavilə üzrə təhvil veriləcək malların adı, ölçü vahidi, miqdarı və qiymətləri razılaşdırılmışdır.

23. xx.xx.2017-ci il tarixdə KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsinə xx.xx.2018-ci il tarixli, 1 saylı əlavənin 3-cü bəndinə əsasən müqavilənin 4.1-ci bəndindəki malların ümumi dəyəri dəyişdirilərək 18% ƏDV daxil olmaqla 8067397,10 (səkkiz milyon altmış yeddi min üç yüz doxsan yeddi manat on qəpik) manat şəklində redaktə edilmişdir.

24. xx.xx.2017-ci il tarixdə KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsinə xx.xx.2018-ci il tarixli, 1 saylı əlavəyə 1 saylı qoşma ilə müqavilə üzrə təhvil veriləcək malların adı, ölçü vahidi, miqdarı və qiymətləri razılaşdırılmışdır.

25. xx.xx.2018-ci il tarixli akt, xx.xx.2018-ci il tarixli akt, xx.xx.2019-cu il tarixli akt əsasında mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

26. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli EAAM 881736 nömrəli 5097743,07 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAT 299355 nömrəli 191291 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAP 111355 nömrəli 1143901,52 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

27. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixə 400000 (dörd yüz min) manat, xx.xx.2021-ci il tarixdə 160000 (yüz altmış min) manat, xx.xx.2021-ci il tarixdə ******* (iki yüz min) manat, xx.xx.2021-ci il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2021ci il tarixdə 250000 (iki yüz əlli min) manat, xx.xx.2021-ci il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2021-ci il tarixdə 100000 (yüz min) manat, xx.xx.2021-ci il tarixdə 50000 (əlli min) manat, xx.xx.2021-ci il tarixdə 100000 (yüz min) manat, xx.xx.2021-ci il tarixdə 50000 (əlli min) manat, xx.xx.2021-ci il tarixdə 50000 (əlli min) manat, xx.xx.2019-cu il tarixdə ******* (bir milyon) manat, xx.xx.2019-cu il tarixdə 900000 (doqquz yüz min) manat, xx.xx.2021-ci il tarixdə 800000 manat, xx.xx.2021-ci il tarixdə 606621,91 manat məbləğində ödənişlər edilmişdir.

28. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.

29. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Belə ki, qarşılıqlı iddia ərizəsi 4 hissədən ibarətdir: 1. 751674,37 manat dəbbə pulunun ödənilməsi; 2. 400396,33 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi; 3. 246559,72 manat gecikmə fazinin ödənilməsi; 4. Boşdayanmaya görə ******* manat zərərin ödənilməsi.

31. Məhkəmə qarşılıqlı iddia ərizəsinin birinci hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməli olması qənaətinə gəlir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin mühüm şərti olaraq malların müqavilə imzalandığı tarixdən 90-210 (doxsan iki yüz on) gün ərzində çatdırılmalı olması razılaşdırılmışdır.

34. Adı çəkilən müqavilə üzrə mallar satıcı (iddiaçı) tərəfindən ən geci 30 həftə (210 gün), yəni müqavilənin bağlandığı tarixdən hesablanmaqla ən geci xx.xx.2018-ci il tarixdə təhvil verilməli olduğu halda, materiallarda olan təhvil-təslim aktlarından görünür ki, mallar iddiaçı tərəfindən hissə-hissə olmaqla xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərində alıcıya çatdırılmışdır.

35. Qarşılıqlı iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə dəbbə pulunun ödənilməsini tələb etsə də, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi verməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini açıq-aşkar ötürmüş, iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

36. Bundan əlavə, cavabdeh hüquqi şəxsdir.

37. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən idiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

38. Həmin Məcəllənin:

39. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

40. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

41. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

42. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malik olsa da, qarşılıqlı iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmiş, məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmiş, iddia müddəti qarşılıqlı iddiaçı tərəfindən ötürülmüşdür.

43. Bu səbəbdən məhkəmə 751674,37 manat dəbbə pulunun tutulması hissəsində iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməli olması qənaətinə gəlir.

44. Məhkəmə qarşılıqlı iddianı 400396,33 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi və 246559,72 manat gecikmə fazinin ödənilməsi hissəsində əsassız hesab edir.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

46. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

47. Belə ki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddiaçı tələb edilən dəbbə pulu məbləğinə münasibətdə hesablanmış gecikmə faizlərinin və inflyasiya faizi nəzərə alınmaqla zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsinin gecikdirilməsinə görə zərərin ödənilməsi tələb edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466.2.3-cü maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

49. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

50. Məhkəmə qarşılıqlı iddianı sonuncu, boşdayanmaya görə ******* manat zərərin tələb edilməsi hissəsində də əsassız hesab edir.

51. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

52. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

53. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

54. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

55. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

56. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

57. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

58. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

59. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

60. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

61. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

62. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

63. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

64. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq qarşılıqlı iddia üzrə cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun qarşılıqlı iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

65. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

66. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

67. Belə ki, ilk iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 751674,37 manat dəbbə pulunun ödənilməsi; 2. 748006,68 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi; 3. 976812,63 manat gecikmə fazinin ödənilməsi.

68. Məhkəmə ilk iddia ərizəsinin birinci hissədə qismən təmin edilməli olması qənaətinə gəlir.

69. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KQ-ANN/01-2017 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə görə mallar bu DDP Bakı Puta Stansiyasına çatdırıldıqdan sonra, alıcı 7 (yeddi) bank günü ərzində satıcının bank hesabına aşağıdakı sənədlər təqdim olunduqdan sonra çatdırılmış malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 7431336,86 AZN (yeddi milyon dörd yüz otuz bir min üç yüz otuz altı manat, 86 qəpik) məbləğində ödəniş edəcək. a) Hesab-faktura (invoys); b) Müvafiq nəqliyyat qaimələri; c) istehsalçının keyfiyyət sertifikatı; d) istehsalçının ölkəsinin TSP tərəfindən təsdiq olunmuş malın mənşə sertifikatı.

70. Müqavilənin 10.2-ci bəndinə görə alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində -gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə -gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

71. Müqavilənin 10.3-cü bəndinə görə cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 % (on faizindən) çox ola bilməz.

72. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.1-ci bəndinin tələblərinə əsasən ödəniş edilməsini üçün müvafiq elektron qaimələr xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə təqdim edilmişdir.

73. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə ödənişlər xx.xx.2019-cu il tarixdən başlanmaqla müxtəlif tarixlərdə edilmiş, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir.

74. İddiaçı təqdim edilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli elektron qaimələrin 7 (yeddi) bank günü ərzində ödənilməli olduğu halda, tələb edilən həmin tarixlərdən gec - xx.xx.2019-cu il tarixdən başlanmaqla ödənilmiş olmasını, bununla da hüquqlarının pozulmuş olmasını bilmişdir.

75. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sonuncu, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli elektron qaimələr üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə edilmiş, bununla da cavabdeh iddiaçıya ödəməli olduğu əsas borcu tam şəkildə ödəmişdir.

76. İddiaçı hazırda xx.xx.2018-ci il tarixli ilk qaimənin ödənilməsinin gecikdirildiyi xx.xx.2018-ci il tarixdən sonuncu ödənişin həyata keçirildiyi xx.xx.2021-ci il tarixə qədər hesablanmış 751674,37 manat dəbbə pulunun ödənilməsini tələb edir.

77. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməli olması barədə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

78. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

79. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

80. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun ödənilməsi ilə bağlı iddianı xx.xx.2024-cü il tarixdə iddia irəli sürməklə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə vermiş, hazırkı iddianı qaldırmaqla müvafiq subyektiv hüquqa malik olsa da, iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş etmiş, məhkəməyə hazırkı iddia ərizəsi verilənə qədər iddia müddətinin axımı kəsilməmiş, iddia müddəti açıq-aşkar iddiaçı tərəfindən ötürülmüşdür.

81. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə qədər olan dövr üzrə dəbbə pulunun tutulması hissəsində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

82. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia müddəti cavabdehin öhdəliyini gecikdirdiyi xx.xx.2021-ci il tarix üçün hesablanmış dəbbə puluna münasibətdə ötürülməmişdir.

83. Belə ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilmiş, həmin gün üçün iddiaçının tələb etdiyi dəbbə pulu ilə bağlı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, 3 illik iddia müddəti ötürülmədən məhkəməyə verilmişdir.

84. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci bəndinə görə alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün aşağıdakı qaydada satıcıya cərimə ödəməlidir: ilk 4 (dörd) həftə ərzində -gecikdirilmiş ödənişin 0,5%-i (sıfır tam onda beş faizi) miqdarında; daha sonrakı müddətdə-gecikdirilmiş ödənişin 1,5%-i (bir tam onda beş faizi) miqdarında.

85. Belə ki, xx.xx.2021-ci il tarix üçün cavabdehin gecikdirilmiş əsas öhdəliyi 606621 manat təşkil etmiş, həmin məbləğə tam həftə üçün ödənilməli olan dəbbə pulunun məbləği 9099,31 manat (606621 manatın 1,5 faizi), xx.xx.2021-ci il tarix üçün isə 1299,90 manat (9099,31 manat / 7 gün, tam həftə) təşkil edir.

86. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 1299,90 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

87. Məhkəmə ilk iddianı 748006,68 manat zərərin (inflyasiya faizi nəzərə alınmaqla) ödənilməsi hissəsində təmin edilməli olmaması qənaətinə gəlir.

88. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

89. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

90. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

91. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

92. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

93. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

94. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

95. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də tələb edilən zərər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

96. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də zərərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

97. İddiaçının hazırda tələb etdiyi 748006,68 manat zərər tələb etdiyi 751674,37 manat dəbbə pulu ilə əhatə edildiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.

98. Məhkəmə ilk iddianı sonuncu, 976812,63 manat gecikmə fazinin ödənilməsi hissəsində də əsassız hesab edir.

99. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

100. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

101. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

102. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

103. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

104. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, 1299,90 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.

105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

106. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən 33 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

V. Nəticə:

107. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdehndən 1299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu, ümumilikdə 1332,90 (bir min üç yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar