Məhkəmə qərarları › İş №e-2-2(113)-1086/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1086/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1086/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh İddiaçı MMC -yə qarşı “dəymiş ziyanın ödənilməsi” (açar sözlər: yükdaşıma müqaviləsi, vəkil xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi/vəkili Vəkil1, İlkin iddiaçı üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh İddiaçı MMC -yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4630 manat daşıma xərci, 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 87 manat pul cavabdeh "X5 Eğitim Merkezi Sanayi ve Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçı “Gültekin Logisticst" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra daşıyıcı və ya iddiaçı) ilə "X5 Eğitim Merkezi Sanayi ve Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra sifarişçi və ya cavabdeh) arasında xx.xx.2024-cü il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtinə əsasən sifarişçinin tapşırığı Daşıyıcı müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürür. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.2.2-cı bəndinə əsasən sifarişçi yükün daşınmasına görə daşıyıcıya daşınma haqqını müqavilə ilə müəyyən olunmuş vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən sifarişçi müvafiq Sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və Daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra dərhal Daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır. Ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmiş məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.təyirəm ki, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən yük daşıma xidməti göstərilmiş, xidmətin müqavili 4630 manat müəyyən edilmiş, bu bardə cavabdehə elektron qaimə göndərilmiş və hazırda həmin qaimə təsdiq edilmişdir. Belə ki, cavabdehə 34 DFS 148 /34 BPL 344 qeydiyyat nişanlı yük avtomobililə daşınmış yük üzrəxx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 10197962 nömrəli 4630 manat dəyərində elektron qaimə göndərilmiş, lakin təsdiq edilmiş elektron qaimə üzrə 4630 manat borc ödənilməmişdir. Hazırda cavabdehin ümumi borcu 4630 manat təşkil edir. Cavabdeh isə borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı öhdəliyin icrası təmin edilməsilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək üçün və məhkəmədə iddiaçının pozulmuş hüquqlarının müdafiəsilə bağlı 2000 AZN vəkil xidmət haqqı ödəmişdir. Dövlət rüsumu olaraq 87 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı EMİS vasitəsi ilə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı MMCnin cavabdeh X5 EĞİTİM MERKEZİ SANAYİ VE TİCARET LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİna qarşı “Pul tələbinə” dair İddia tələbinin rədd edilməsi, 3970,44 Avro dəymiş zərərin, gecikdirilmiş 20 gün üçün cərimə qismində 2000 ABŞ dollarının, hüquqi yardıma görə ödənilmiş 1400 manatın və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq X5 EĞİTİM MERKEZİ SANAYİ VE TİCARET LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arşında xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı X3 əsasən iddiaçı və cavabdeh qarşılıqlı olaraq məsuliyyət daşıyırlar. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC qeyd olunan müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehna xeyli miqdarda maddi ziyan vurulmuşdur. İddiaçı MMC vaxtında çatdırmalı olduğu yükü gecikdirərək Polşa Respublikasına 15 gün ərzində çatdırmalı olduğu yükləri 35 gündən gec müddətə çatdırmışdır. Bunun nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı məcbur qalaraq Polşa Respublikasında görəcəyi işlər üçün 3970,44 Avro dəyərində malmaterial almışdır. Halbu ki, İddiaçı MMC vaxtında həmin mal- materialı təyin olunmuş ünvana çatdırsa idi həmin mal-materialın alınmasına zərurət yaranmayacaqdı. Tərəflər arşında xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı X4 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, yükü nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdırmaq daşıyıcının öhdəliyidir. Bundan başqa həmin müqavilənin 4.6-cı bəndinə əsasən gecikmələrə görə cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 avro, digər bütün ölkələrdən daşman mallar üçün 100 ABŞ dolları təşkil edir. Belə olduğu halda gecikdirilmiş 20 günün hər bir günü üçün 100 ABŞ dolları cərimə ödəmək İddiaçı MMC-nin borcudur. Nəticə etibarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və xx.xx.2024-cü il tarixdə bağlanmış 457 saylı X2 tələblərinə əsasən cavabdeh İddiaçı MMC onun təqsirindən alınmış mallara görə 3970.44 Avro dəymiş zərərin, gecikdirilmiş 20 gün üçün cərimə qismində 2 000 ABŞ dollarını, hüquqi yardıma görə ödənilmiş 1 400 manatı iddiaçı Cavabdehna ödəməyə borcludur. Qeyd olunan məsələrlə bağlı dəfələrlə cavabdehin nümayəndələri ilə söhbət aparılmış, onlardan tələb olunmuş amma cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən yayınır və bunların qarşısını alacağını düşünərək Məhkəməyə əsassız olaraq müraciət etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin rədd edilməsin xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını, ilkin iddia ərizəsinin rədd edilməsin xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" MMC ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2024-cü il tarixli yük daşınmasına dair müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin tapşırığı (bundan sonra ismin müvafiq halında Sifariş adlandırılacaq) ile Daşıyıcı müxtəlif növ yüklerin daşınmasını (bundan sonra ismin müvafiq halında Daşıma adlandırılacaq) həyata keçirməsini və/ və ya təşkil edilməsini öz öhdəsinə götürür. Sifarişçi isə Daşımanın müqabilində Daşıyıcıya müvafiq Sifarişdə nəzərdə tutulmuş daşımanın deyərini ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən daşıyıcı bəyan və təsdiq ədir ki. onun tələb olunan Daşımanın həyata keçirilməsi üçün müvafiq təcrübəsi, yüksək dərəcəli peşəkar heyəti və bütün digər lazımi vasitələri vardır.

11. Müqavilənin 1.3-cü bəndinə əsasən daşımanın yerinə yetirilməsi vaxtı Daşıyıcı texniki təhlükəsizlik qaydalarına və ekoloji normalara riayət etməli ve fiziki şəxslərin sağlamlığı və həyatı, ətraf mühit, hökumət orqanları, hüquqi şəxslər üçün yarana bitəcək zərər üzrə riski öz üzərinə götürür.

12. Müqavilənin 1.4-cü bəndinə əsasən daşıyıcı Daşımanı qüsursuz və üçüncü şəxslərin iddialarından azad heyata keçirir.

13. Müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcının hüquqları;

14. Müqavilənin 2.1.1-ci bəndinə əsasən sifarişçidən və ya Sifarişçinin qeyd etdiyi şəxsdən yükü müşayiət edəcək zəruri sənədlərini tələb etmək;

15. Müqavilənin 2.1.2-ci bəndinə əsasən sifarişçidən və ya Sifarişçinin qeyd etdiyi şəxsdən yükün düzgün qablaşdırılmasını tələb etmək;

16. Müqavilənin 2.1.3-cü bəndinə əsasən Sifarişçidən daşıma haqqını tələb etmək;

17. Müqavilənin 2.1.4-cü bəndinə əsasən tətbiq edilən qanunvericilik və Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

18. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin hüquqları:

19. Müqavilənin 2.2.1-ci bəndinə əsasən daşıyıcıdan təyinat yerinə çatdınlmış yükü təhvil almaq;

20. Müqavilənin 2.2.2-ci bəndinə əsasən yükün daşınması zamanı Daşıyıcıdan zəruri melumatlan tələb etmək;

21. Müqavilənin 2.2.3-cü bəndinə əsasən qanunvericilik ve Müqavilə ilə nəzərdə tutulmuş digər hüquqlar.

22. Müqavilənin 3.1-ci bəndinə əsasən daşıyıcının öhdəlikləri:

23. Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış Sifariş üzrə Daşımanı tətbiq edilən qanunvericiliyə uyğun olaraq göstermək;

24. Müqavilənin 3.1.2-ci bəndinə əsasən yükü müvafiq Sifarişdə nəzərdə tutulmuş müddətdə təyinat yerinə çatdırmaq;

25. Müqavilənin 3.1.3-cü bəndinə əsasən sifarişçiyə ya Sifarişçinin qeyd etdiyi şəxs tərəfindən verilən sənəd ve məlumatlarda aşkar edilmiş çatışmazlıqlar haqqında Sifarişçini xəbərdar etmək və yükün çatdırılmasına olan maneələr və yükün təyinat yerinə çatdırılması barədə Sifarişçiyə dərhal məlumat vermək,

26. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:

27. Müqavilənin 3.2.1-ci bəndinə əsasən yükün daşınması zamanı təyinat məntəqəsinin dəyişməsi barədə Daşıyıcıya göstəriş vermək, bu zaman Tərəflər arasında razılaşdırılmış əlavə xərcləri ödəmək;

28. Müqavilənin 3.2.2-ci bəndinə əsasən yükün daşınmasına görə Daşıyıcıya daşınma haqqını bu Müqavilə ilə müəyyən olunmuş vaxt ərzində ödəmək;

29. Müqavilənin 3.2.3-cü bəndinə əsasən daşıyıcını yükü müşayiət edəcək lazımı sənədlərlə təmin etmək;

30. Müqavilənin 4.1-ci bəndinə əsasən yükün Daşıyıcıya təhvili üç tərtib olunmuş qaimə (nəqliyyat növündən asılı olaraq) ilə rəsmiləşdirilir.

31. Müqavilənin 4.5-ci bəndinə əsasən Qrup halında yüklərin daşınması CMR sənədində qeyd edilmiş gömrük məntəqəsinədəkdir. Sifarişçi yükün boşaldılma ünvanına çatdılırmasını tələb edirsə, bu barədə öncədən sifariş verilərkən Daşıyıcıya bildirməlidir.

32. Müqavilənin 4.6-cı bəndinə əsasən əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir,yüz) USD təşkil edir.

33. Müqavilənin 4.7-ci bəndinə əsasən Konteynerin dəmiryolu ilə daşınması zamanı,konteynerin dəmiryolu stansiyasından maşınlara yüklənərək təyin olunan adresə çatdırıldıqdan sonra 3 saat ərzində sifarişçi tərəfindən boşaidılmalıdır.eks təqdirdə maşının gözlədiyi hər saat üçün əlavə 20 (İyirmi) USD cərimə tətbiq olunacaqdır.

34. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Daşımaya görə Sifarişçi tərəfindən Daşıyıcıya ödənilmən o an daşınma haqqı Tərəflər arasında Müqavilənin tələblərinə uyğun otaraq rəsmiləşdirilən Sifarişdə müəyyən edilir. Tərəflər arasında yazılı razılıq olmadıqda. daşınma haqqına bu müqavilənin 2-ci bəndində qeyd olunan xərclər və cərimələrdən başqa heç bir əlavə və ya dəyişiklik edilə bilməz.

35. Müqavilənin 6.1-ci bəndinə əsasən Sifarişçi müvafiq Sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və Daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən 30 iş günü ərzində Daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərso. hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır, ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmış məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.

36. Müqavilənin 6.4-cü bəndinə əsasən Daşıyıcı müvafiq ay ərzində icra olunmuş Sifariş üzrə təhvil-təslim aktlarını, yük-nəqliyyat qaimələrini, hesab və/və ya digər sənədlərini ən gec növbəti ayın 5-nə qədər Sifarişçiyə təqdim etməlidir. Daşıyıcı sənədlərdə təhvil verilmə tarixini qoymalıdır. Həmin sənədlərin əsl nüsxələri sonradan təqdim edilmək şərti ilə, elektron poçt vasitəsi ilə skan olunmuş surətləri göndərilə bilər. Daşıyıcı hazırkı bənddə qeyd olunan şərtlərə riayət etmədikdə Sifarişçi ödənişlərin gecikdirməsinə görə heç bir məsuliyyət daşımır.

37. xx.xx.2024-cü il tarixli, MT**********62 saylı e-qaiməyə əsasən 4630 manat məbləğində xidmət göstərilməsi ilə bağlı tərtib edilmişdir.

38. 30.07.2024-cü il tarixli email yazışmasından göründüyü kimi mailto:yesilkagıt@artekon.com.trElektron ünvan ünvanına göndərilmiş məktubda yükün gömrük prosedurları tamamlandığı, yük maşınının bu gecə Bakıdan yola düşəcəyini və yükün təmini olaraq Türkiyəyə gələrək orda başqa nəqliyyat vasitəsi ilə Türkiyədə dəyişdirilməklə Polşaya aparılacağı və yükün təxmini 20 gün ərzində Polşada olacağı qeyd olunmuşdur.

39. xx.xx.2024-cü il tarixli xx/xx/2024 saylı proformaya əsasən alıcı Artekon Polşa MMC tərəfindən Seramik qızdırıcı element 60 V G22-4, seramik qızdırıcı element topu 30 V G17-2, seramik qızıdırıcı elemnt topu 30 V G13-03P, seramik qızıdırıcı element topu 30 V Rope, polad lenti 16mm 28 kg və polad lent kilidi 100 ədəd satın alındığı və cəmi ödəni 3970,44 Avro olduğu qeyd olunmuşdur.

40. X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh şirkətinin burdakı təmsilçisidir, burdakı şirkətin rəsmi işlərinə - kadr işləri, gömrük və s. işlərinə baxıram. O, rəsmi işçi deyil. Şirkətin rəhbəri onun qoğumumdur və onun burdakı bütün işlərini etibarnamə əsasında o görür. İddiaçı şirkətlə 2-3 ildir ki, işgüzar münasibətlər vardır. Bütün danışıqlar iddiaçının Şirzad adlı nümayəndələri ilə aparılırdı. İşləri burda zəif olduğu üçün 15 iyun 2024-cü il tarixində Şirzad bəylə görüşüb burdakı malların Polonyaya göndərmək istədiyi barədə danışdılar. Xidmət xaqqını, müddətləri razılaşdırdılar. Yük 10-15 gün müddətində 2500 avro qarşılığında Polonyaya çatdırılacağını dedi. Telefon danışıqları, vatsap yazışmaları aparıldı. 30 iyulda yük Azərbaycandan çıxdı. Onlar təxminən 10 avqust, yəni 10-12 gündən yükün Polonyaya çatacağını düşünürdülər. Lakin yük 04 sentyabr tarixində, yəni 35-40 gün sonra Polonyaya çatdı. Başa düşəndə ki, yük gecikir və yükün harda olamasını aydınlaşdırmaq üçün onlar şirkət sahibləri, Şirzad bəy, Yavuz bəy, Məmməd bəylə görüşlər təşkil etdilər. Sonradan öyrəndilər ki, malımız Türkiyəyə çatdırılmış və orada başqa şirkətə təhvil verilmişdir. Bundan sonra yükümüz Polşa Respublikası tərəfə çıxarılır və orada Çexiya və ya Bolqarıstan tərəfindən yenə də sıxıntı olur, yükü təkrar endirib başqa Tıra yükləyirlər və yük Palonyaya gedir, lakin orada da müəyyən problemlər yarandığı üçün Tır birbaşa bizim anbara gedə bilmədiyi üçün yük bir daha başqa Tıra yüklənib anbarımıza göndərilmişdir. Bütün bunlarla bağlı səs yazıları, vatsap, rəsmi e-mail yazışmaları vardır. Bütün yazışmalarda yükün gecikdiyini İddiaçı şirkəti qəbul edir. Mal gəlmədiyi üçün artıq işimiz dayanmışdır, lakin narazılıq olmasın deyə işçilərin pulunu ödəyirdilər. İşlər dayanmasın deyə məcbur qalaraq Polşa Respublikasında gördükləri işlər üçün 4000 avroluq mal-material aldılar və işlərini davam etdirdilər. 35-40 gün sonra maları onlara təhvil verildi və iddiaçı pulun ödənilməsini tələb etdi, onlar da bildirdilər ki, malın gec çatdırılmasına görə onlara da ziyan dəymişdir və ödəniş etməkdən imtina etdilər. Daha sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etdi. Mallar qarşı tərəfə təxminən 28-29 iyul tarixində verilib, 30 iyulda isə mal Azərbaycandan çıxıb. 13 -14 avqustda mal Polşa Respublikasına çatdırılmalı idi, lakin 4 sentyabrda çatdırılıb. Yəni 14-15 avqustda çatdırılmalı yük 04 sentyabra çatdırıldı. Malı həmin tarixdə təhvil alınmasını təsdiq edən möhürlü SMR-lər vardır.

41. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

44. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

45. 850.1-ci maddəsinə əsasən X3 görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

46. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, X3 tapşırıq haqqında göstərişlər tətbiq edilir.

47. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

48. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

49. İşdən göründüyü kimi “Gültekin Logistics" MMC ilə "X5 Eğitim Merkezi Sanayi ve Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2024-cü il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı ilə Daşıyıcı müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürmüş. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Sifarişçinin sifariş etdiyi mallar təyinat nöqtəsinə çatdırılmış, buna görə də ilkin iddiaçı cavabdehdən daşınma xərcini məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə qarşılıqlı iddia üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyini və bunun nəticəsində onlara zərər dəydiyini və həmin zərərin tutulmasını qarşılıqlı cavabdehdən tələb etmişdir.

50. Məhkəmə birincisi ilkin iddia tələbinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Belə ki, iş materiallarından və ilkin iddia üzrə cavabdeh tərəfin izahatından müəyyən olunur ki, daşıma xərci 4630 manat olan xidmət iddiaçı tərəfindən göstərilmişdir, daşınan mallar cavabdehə təhvil verilmişdir. Lakin, cavabdeh bildirir ki, daşıma şərtləşdirilmiş müddətdə edilmədiyi üçün, yük gec təhvil verildiyi və bunun nəticəsində cavabdehə maddi zərər dəydiyi üçün həmin daşıma xərci cavabdeh tərəfindən ödənilmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, müqavilədə daşımanın hansı müddətdə həyata keçirilməsi müəyyən edilməmişdir. Lakin, cavabdeh tərəfindən təqdim edilən mail-yazışmasından müəyyən olunur ki, yazışma zamanı müəyyən edilmiş müddətdə deyil, yük daha gec vaxtda çatdırılmışdır cavabdehə. Yenə də, daşıma xidmətinin həyata keçirilməsi işin mübahisəsiz halıdır.

52. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimələr, qaimədə göstərilən xidmətin (gec də olsa) icra edilməsinə və həmin qaimələr üzrə ödənişin olmamasına dair cavabdeh tərəfin etirafı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 4630 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

53. Qarşılıqlı iddia tələbinə dair məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

54. Qarşılıqlı iddia üzrə iddiaçı ona dəymiş zərərin 3970,44 Avro olduğunu və buna əsas kimi ilkin iddiaçının müəyyən edilən vaxta daşımanı həyata keçirmədiyini, bunun nəticəsində yeni mal sifarişi veridiyini əsas kimi göstərmiş və buna dair məhkəməyə yeni alınan malların siyahısını, ödənişini və mail-yazışmasını təqdim etmişdir.

55. Məhkəmə ilkin olaraq qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi yeni alınan malların siyahısı ilə bağlı qeyd edir ki, adıçəkilən 3970,44 avro dəyərində olan məhsulların məhz ilkin iddia üzrə iddiaçı şirkət tərəfindən daşınan mallarla eynilik təşil etməsi işin halları ilə müəyyən edilmir, o cümlədən də məhkəmə prosesi zamanı da qarşılıqlı iddia üzrə iddiaçı tərəfdən də sübuta yetirilməmişdir. Başqa sözlə desək qarşılıqlı iddiaçı bildirir ki, iddiaçının onlara çatdırmalı olan malları vaxtında çatdırmadığı üçün məcbur olub eyni malları yenidən alıblar və nəticədə iddiaçıya zərər dəyib. Lakin, daşınmalı olan və gec çatdırılan malların və 3970 avro dəyərində alınan malların eynilik təşkil etməsi sübuta yetirilmədi.

56. Digər bir məqam isə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmalardan da göründüyü kimi mailto:yesilkagıt@artekon.com.trElektron ünvan 30 iyul tarixində mesaj göndərilmiş, nəqliyyat vsaitəsinin həmin gecə yola düşəcəyi və yükün təxminən 20 gün ərzində Polşaya çatacağı qeyd edilmişdir. Lakin malların alınmasına dair siyahıda isə alış tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Yəni qeyd olunan müddət yekunlaşmadan malların alışı həyata keçirilmişdir.

57. Bundan əlavə malın alıcısi qimsinə "xxxx" MMC qeyd olunmuş və həmin malların məhz qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən alınması və buna dair ödənişin də onun tərəfindən ödənilməsi sübuta yetirilməmişdir.

58. Qarşılıqlı iddia ərizəsinin digər hissəsini daşımanın gecikdirilməsinə görə 2000 ABŞ dolları cərimənin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, mail-yazışmasından daşımanın gecikdirilməsi halları müəyyən edilsə də, lakin, tərəflər arasında bağlanmış müqvilədə gecikməyə görə sifarişçi tərəfindən icraçıya cərimənin və ya hər-hansı başqa məsuliyyət tədbirinin tətbiq edilməsinə dair hüququnun mövcüdluğu müəyyən edilmir.

59. Mülki Məcəllənin 462.1-c maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

60. Beləliklə, hazırki mübahisədə (qarşılıqlı iddiaçının tələbinə dair) nə qanun, nə də müqavilə ilə dəbbə pulunun tətbiq edilməsinə dair şərtlər mövcüd olmadığı üçün qarşılıqlı iddia ərizəsi bu hissədə də təmin edilə bilməz.

61. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 2000 manat vəkil xərci və 87 manat dövlət rüsumu; qarşılıqlı iddiaçı ilə 1400 manat vəkil xərci və 126 manat dövlət rüsumu ödənilmişdir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

64. Məhkəmə hesab edir ki, ilkin iddia əsas borc hissəsində tam təmin edildiyindən iş üzrə ödənilmiş 500 manat vəkil xərci və 87 manat dövlət rüsumu, həmçinin qarşılıqlı iddia təmin edilmədiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş məhkəmə xərcləri ilkin iddia üzrə cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 4630 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 87 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh İddiaçı MMC -yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar