Məhkəmə qərarları › İş №e-2-2(113)-1088/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1088/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1088/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və fərdi sahibkar kimi vergi orqanında uçotda olan Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış 197961 manat əsas borc və 17025 manat faiz borcu və 505 manat dövlət rüsumu olmaqla, ümumilikdə 215491 manat (iki yüz on beş min dörd yüz doxsan bir manat) borcun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru X15 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış NSZ-21.09.21 nömrəli alqı-satqı müqaviləsinə əsasən idiaçı cavabdehə razılaşdırılmış qiymətə və şərtlərə uyğun olaraq mal-material satmağı, cavabdeh isə razılaşdırılmış müddətdə malın (sement məhsullarının) dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Arada formalaşmış işgüzar münasibətlərin xarakterinə zidd olaraq, cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə hər hansı avans ödənişi eləmədən "xxxx" MMC tərəfindən istehsal olunan sement məhsullarının Azərbaycanın müxtəlif bölgələrində satışını təşkil edəcəyinə vədlər verərək, onun külli miqdarda əmlakını ələ keçirsə də, ona təqdim olunmuş ümumilikdə 197961 manat məbləğində sement məhsullarının dəyərini iddiaçıya ödəməmişdir. İddiaçının hərəkətlərində dələduzluq cinayət əməlinin əlamətlərinin olduğu iddiası ilə müvafiq qaydada Nərimanov Rayon Polis İdarəsində müraciət edilmiş, fakt əsasında həmin idarədə cinayət işi açılaraq araşdırmaya başlanılmış, xx.xx.2024-cü il tarixli qərarla cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin mübahisənin mülki xarakterli olmasını əsas gətirərək cinayət işinin icraatına sonradan xitam verilmişdir. Buna baxmayaraq, cinayət işinin istintaqı dövründə hazırki mülki iş üzrə əhəmiyyət kəsb edəcək bir sıra sübuti-əhəmiyyətli faktlar araşdırma nəticəsində ortaya çıxarılmışdır. Bunlara misal olaraq, bu iddia ərizəsinin qoşması şəklində nəzərə çatdırılacaq cavabdehin şübhəli və təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadələrini, audit rəyini və digər dəlil-sübut əhəmiyyəti daşıyan sənədləri göstərmək olar. Belə ki, cavabdehin istintaqda verdiyi ifadələrlə də işin təkzibolunmaz halı kimi təsdiq olunmuşdur ki, o, 2021 və 2022-ci illər ərzində mütəmadi olaraq dövri şəkildə mənfəət əldə etmək məqsədilə iddiaçı tərəfindən istehsal olunan sement məhsullarının satışını həyata keçirmişdir. O bildirmişdir ki, sement məhsulları üzrə ölkənin müxtəlif bölgələrindəki müştərilərdən ona gələn sifarişlərə uyğun şəkildə və miqdarda sement məhsullarını iddiaçıdan əldə edərək həmin müştərilərə təqdim etməklə satışını təşkil etmişdir. Qeyd edilmişdir ki, cavabdeh sonradan məlum olduğu kimi faktiki olaraq vergi orqanında uçotda olsa da, VÖEN şəhadətnaməsini heç vaxt iddiaçıya təqdim etməmişdir. Cavabdeh ibtidai araşdırma zamanı verdiyi ifadələrdə həmçinin etiraf etmişdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslər və istintaq materiallarında ifadəsi yer alan bir sıra digər onun müştərisi olmuş şəxsləri tanıyır, iddiaçıdan aldığı sement məhsullarını həmin şəxslərə satmışdır. Bu faktı qeyd etməkdə məqsəd ondan ibarətdir ki, iddiaçı 2023-ci ilin avqustundan bəri cavabdehdən borcun ödənilməsini tələb edərkən, cavabdeh borcun ödənişinin gecikdirilməsini həmin qeyd edilən müştərilərin ona sement məhsullarının ödənişini tam şəkildə etməməsi ilə izah etmişdir. Lakin göründüyü kimi, yuxarıda adıçəkilən bütün şəxslər Cavabdeh aldıqları sement məhsullarının əvəzində ona ödənişləri tam şəkildə elədiklərini bildirmişlər. Qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan sement məhsullarının mütəmadi olaraq əldə etdiyinin ifadəsində etiraf etsə də, istintaqa iddiaçıya ondan əldə edilmiş sement məhsullarının əvəzində mübahisə predmeti olan 197961 manat məbləğində borcun ödənildiyini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Qeyd edilmişdir ki, hazırkı iddia ərizəsinin qoşması şəklində iş materiallarına əlavə edilmiş, cinayət işinin istintaqı əsnasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən istintaq orqanının qərarına əsasən istintaq materialları əsasında keçirilən AR NMR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli rəyi ilə X9 “X23” MMC-yə ümumilikdə 197961 manat məbləğində borcunun əmələ gəlmiş olduğu müəyyən edilmişdir. Belə ki, məhsulların sifarişi və təqdim edilməsi, mütəmadi olaraq yaranmış borcların üzləşdirilməsi prosesi cavabdehin müştərilərdən ona verilən sifarişlərə uyğun olaraq iddiaçı şirkətin işçisi, daxili bazar üzrə satış müdiri vəzifəsində çalışan X10 şəxsi nömrəsi vasitəsilə “Whatsapp” mesajlaşma şəbəkəsi üzərindən sifarişin həcmini bildirməsi, cavabdeh tərəfindən isə qeyd edilən məlumatlara uyğun miqdarda sement məhsulunun ona təqdim edilmək üçün yük maşınlarına yığılaraq hazır vəziyyətə gətirilməsi formasında həyata keçirilmişdir. Həmin yazışmalar sübut qismində bu iddia ərizəsinin qoşmasına əlavə edilir. Həmçinin, yaranmış borcların qarşılıqlı üzləşdirilməsinə dair aktlar da cavabdeh tərəfindən dövri olaraq adı və soyadı əl yazısı ilə qeyd edilməklə şəxsi imzası ilə təsdiq edilərək elə “Whatsapp” şəbəkəsindəki şəxsi ismarıc bölməsi üzərindən iddiaçı şirkətin nümayəndəsi olan Osmanov Fuada göndərilirdi. Belə ki, qeyd edilən üzləşmə aktları ardıcıllıqla xx.xx.2021-cı il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il və son olaraq xx.xx.2022ci il tarixləri etibarilə borca dair aparılmış üzləşmələrə əsasən tərəflər arasındakı qalıq borc məbləğlərini əks etdirir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixi üçün artıq cavabdehin iddiaçıya ödənilməli qalıq borcunun məbləği 175492,29 manata çatmışdır. Cavabdeh və iddiaçının nümayəndəsi arasında qarşılıqlı şəkildə imzalanaraq təsdiq olunmuş xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında mövcud olan 65 ədəd satış qaimələrində əks olunmuş məlumatlardan göründüyü kimi, yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixindən sonra tərəflər arasında əlavə alqı-satqı əməliyyatları aparılmış, qaimələrin sol aşağı küncündən göründüyü kimi, cavabdehin iddiaçıya yaranmış borcu 224787,13 manata çatmış, 2023-cü ilin avqust tarixindən bugünədək isə cavabdehin iddiaçıya 197961 manat təşkil edən qalıq borc məbləği iddiaçıya ödənilməmişdir, ümumiyyətlə 2023-cü ilin avqust ayından sonra tərəflər arasında heç bir işgüzar münasibətlər baş tutmamış, cavabdeh iddiaçının nümayəndələrinin zənglərinə cavab verməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəyə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bu isə o deməkdir ki, aşağıda qeyd edilmiş formada hər iki müqavilə üzrə təqdim olunmuş malların dəyərinin ödənilməsinin gecikdirildiyi hər gün üçün iddiaçının borc məbləğinə illik AR Mərkəzi Bankının uçot dərəcəsinə (7.25 %) uyğun faiz hesablamaq hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi, 2023-cü ilin avqust ayından sonra cavabdeh iddiaçının nümayəndələrinin, satış müdiri X5 borcun ödənişi ilə bağlı mesajlarına və zənglərinə cavab verməmişdir və faktiki olaraq bu tarixdən etibarən cavabdeh defolta düşmüşdür. Buna görə də, xx.xx.2024cü il tarixindən etibarən hazırkı (xx.xx.2024) tarixədək ötmüş 443 gün üçün iddiaçının cavabdehdən AR Mərkəzi Bankının illik 7.25% dərəcəsi ilə hesabladıqda ümumilikdə 17025 manat (197961 manat x 7.25% = 14352 manat; 14 352/365 = 39; 39 x 433 = 17025 manat) faiz borcunu tələb etmək hüququ vardır. xx.xx.2024-cü il tarixində iddiaçının Dövlət Vergi Xidmətinin rəsmi saytındakı şəxsi kabinetinə idddiaçının şəxsi kabinetinin “Online kargüzarlıq” bölməsindən pretenziya məktubu göndərilərək ödənişin edilmədiyi təqdirdə mübahisənin məhkəmə qaydasında həll ediləcəyi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən borcun icrasına münasibətdə hər hansı hərəkət edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2, 448.1, 448.2, 449.1, 567, 600.5-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir:

1. İddia ərizəsində göstərilir: "...Cavabdeh ibtidai araşdırma zamanı verdiyi ifadələrdə həmçinin etiraf etmişdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslər, X11, X6, X3, X7, X1, X4, X2 və istintaq materiallarında ifadəsi yer alan bir sıra digər onun müştərisi olmuş şəxsləri tanıyır. İddiaçıdan aldığı sement məhsullarını həmin şəxslərə satmışdır. Bu faktı qeyd etməkdə məqsəd ondan ibarətdir ki, iddiaçı 2023-cü ilin avqustundan bəri cavabdehden borcun ödənilməsini tələb edərkən, cavabdeh borcun ödənişinin gecikdirilməsini həmin qeyd edilən müştərilərin ona sement məhsullarının ödənişini tam şəkildə etməməsi ilə izah etməmişdir. Lakin göründüyü kimi, yuxarıda adıçəkilən bütün şəxslər Cavabdeh aldıqları sement məhsullarının əvəzində onun ödənişlərini tam şəkildə elədiklərini bildrmişlər. Qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan sement mütəmadi olaraq əldə etdiyini ifadəsində etiraf etsə də, istintaqa iddiaçıya ondan əldə edilmiş sement məhsullarının əvəzində mübahisə predmeti olan 197961 manat məbləğində borcun ödənildiyini təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir...". İddiaçı tərəfindən ödənişlərin həyata keçirilməməsi və ya tam şəkildə həyata keçirilməməsi ilə arqument irəli sürülmüş, lakin bunu təsdiq edə biləcək hər hansı dəlil irəli sürülməmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim edilənlərin doğruluğuna əsaslı şübhələr vardır. Belə ki, ilk növbədə "WhatsApp" yazışmaları haqqında qeyd etmək lazımdır ki, həmin yazışmaların heç birində Cavabdeh "Regress Tikinti Materialları” MMC-yǝ borcunun olması ilə bağlı təsdiqedici dəlil mövcud deyildir. Belə ki, heç bir halda nə "xxxx" MMC-in səlahiyyətli nümayəndəsi tərəfindən Cavabdeh borcunun olması və nə qədər borcunun olması, o cümlədən hansı müddətdən borcunun yaranması göstərilir, nə də Cavabdeh tərəfindən qeyd edilənlər bu və ya digər formada təsdiq edilir. Həmçinin "WhatsApp" yazışmalarının məzmununun tam aydın olmaması görünür. Yazışmalarda hansı iradənin və hansı formada irəli sürüldüyünə dair sübut təqdim edilməmişdir. Həmçinin məlum olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən "WhatsApp" yazışmalarının sübut kimi qiymətləndirilməsi üçün həmin yazışmalarda iddiaçı və cavabdehin iradə ifadəsi əks etdirilmiş olmalıdır. Lakin təqdim edilən yazışmalarda ikinci tərəfin kim olması, "xxxx" MMC ilə hansı formada əlaqəsi aydın deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına ve qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12 aprel 2021-ci il tarixli Qərarında göstərilir: "... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir ve mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz...". Qərarın məzmunundan da göründüyü kimi, "danışıqların" sübut kimi qiymətləndirilməsi üçün əqdin tərəflərinin iradəsini ifadə etməlidir. Lakin təqdim edilən "WhatsApp" yazışmalarının hansı dərəcədə müqavilə tərəflərinin iradəsinin ifadəsi aydın deyildir. Həmçinin "WhatsApp" yazışmalarının müvafiq hissələri ScreenShot edilmiş, digər hissələri, yəni 2023-cü ildən sonrakı dövrü də məhkəməyə təqdim edilməmişdir. Mesajların ekran görüntüsü alınsa da, səs yazılarında nələrin danışıldığı da naməlumdur. Həmçinin təqdim edilən yazışmalar müvafiq aralıqlı şəkildə təqdim edilmişdir. Bu da onu göstərir ki, qarşı tərəf məhkəməni yanıltmağa çalışır. Bundan başqa, qarşı tərəfin üzləşmə aktı kimi səciyyələndirdiyi 5 sənəd məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənədlər də məhz məhkəməni yanıltmaq məqsədi daşıyır. İlk növbədə kommersiya məhkəmə icraatını əsas xarakterizə edən əlamətlərdən biri məhkəmə sənədlərinin əslinin təqdim edilməsidir. Tərəfə isə yanlız sənədlərin surətləri təqdim edilməklə kifayətlənilmişdir. Bundan başqa, təqdim edilən "üzləşdirmə akt"larında yalnız Cavabdeh imzası vardır, lakin Cavabdeh imzası ilə nəyin təsdiq edilməsi məlum deyildir. Belə ki, göründüyü kimi, müvafiq malların həcmləri göstərilmiş, bir neçə məbləğ yazılmış "Excel"dən çıxarış Cavabdeh tərəfindən imzalanmışdır. Lakin həmin imzanın nəyi təsdiq etməsi aydın deyildir. Üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Üzləşmə aktlarının hazırlanması ilə adətən mühasibatlıq bölməsinin mütəxəssisləri məşğul olur. "Üzləşmə akt" 1, 2 nüsxədə hazırlanır, müəssisələrin baş mühasibləri və rəhbərləri tərəfindən imzalanır və möhürləri ilə təsdiqlənir. Aktın bir nüsxəsi müəssisədə qalır, digər nüsxə isə debitorda (kreditorda). Üzləşmə aktında hər iki müəssisənin məlumatları eyni olmalıdır, əks halda aktda kənarlaşmalar barədə məlumat qeyd edilməlidir. "Üzləşmə akt"ının vaxtında imzalanmasına nəzarət etmək üçün aktda sənədin müəssisəyə hansı tarixədək qaytarılması tarixini qeyd etmək lazımdır. Aktda borc məbləğinin qaytarılması vaxtının da qeyd edilməsi vacibdir. Ödənişin aparılması barədə qeyd müqavilədə də qeyd edilməlidir. Əks halda, məhkəmə (iddia verilərsə) bu müddətlərin pozulmasını nəzərə almaya bilər. Təqdim edilən izahdan və anlayışdan da aydın olduğu kimi, üzləşmə aktında hər iki tərəfin imzası olması, imzanın hesablaşmanı təsdiq etməsi aydın olmalı, həmçinin tarixlər əks etdirilməlidir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə heç bir təhvil-təslim aktı, üzləşdirmə aktı kimi xarakterizə etdikləri sənədin əsli, e-qaimə və s. təqdim edilməmişdir. Bu halda hesab edilir ki, məhkəmə tərəfindən təqdim edilən sübutların həqiqiliyi yoxlanılmalıdır. Bundan başqa, 125000 manat məbləğində akta münasibətdə isə həmin aktın da Cavabdeh tərəfindən imzalanması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O cümlədən, 2021-ci ildən 2024-cü ilə qədər iddiaçı və cavabdehin müqavilədən irəli gələn fəaliyyətlərini davam etdirməklərinə baxmayaraq, həmin sübutlar məhkəməni yanıltmaq məqsədilə məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh iddiaçıya borcu olmamış, ödənməli olan məbləğlər mütəmadi olaraq qarşı tərəfə ödənilmişdir. Məhkəməni yanıltmaq məqsədilə sənədlərin surəti təqdim edilsə də, həmin sübutlar mötəbər hesab oluna bilməz. Məhkəmə tərəfindən sənədlərin əsli tələb edilsə də, “fors-major hal” bəhanəsi ilə sənədlərin məhv olduğu irəli sürülmüşdür. Bu da iddiaçının tələbinin sübuta yetirilmədiyini bir daha göstərir. Bu baxımdan hesab edilir ki, sənədlərin əsli üzərindən ekspertiza keçirilsə idi, təqdim edilən “sübutların” saxtalığı müəyyən ediləcəkdi. Lakin qarşı tərəf yalan “fors-major hal” baş verdiyini irəli sürərək məhkəməni yanıltmışdır.Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “X18” MMC (indiki adı "xxxx" MMC) ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, NSZ-21.09.21 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya razılaşdırılmış qiymətə və şərtlərə uyğun olaraq mal-materialı satır, alıcı isə həmin qiymətə uyğun mal-materialı qəbul edir və razılaşdırlmış müddətdə malın dəyərini ödəyir. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən satıcı müqavilənin 3.1-ci maddəsində göstərilən şərtlərə uyğun olaraq ödənişi aldıqdan sonra malı təhvil verməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən alıcı bir il ərzində ən az 15000 ton həcmində mal almalıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən ilk olaraq alıcı satıcının hesabına 30000 manat məbləğində avans ödəyir, növbəti mərhələdə satıcı alıcıya 30000 manat dəyərində malı depozit olaraq verir və bu məbləğdən artıq olan borc məbləği hər ayın sonu satıcının hesabına ödənilir. Həmin müqavilə xx.xx.2022-ci il tarixədək qüvvədədir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

8. Məhkəməyə iddiaçı tərəfindən sübut qismində “X19” MMC tərəfindən tərtib edilmiş satış fakturalarının surətləri təqdim olunmudur.

9. “X23” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda xx.xx.2023-cü il tarixdə arxiv otağını su basması nəticəsində şirkətin keçən illərə aid arxiv sənədlərinin tam yararsız vəziyyətə düşdüyü qeyd edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə əvvəlki dövrlərə aid borcla bağlı aktlar təqdim edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına “WhatsApp” yazışmaları əlavə edilmişdir.

12. Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 948 saylı protokolun məzmunundan müəyyən olunur ki, Cavabdeh elan edilmiş ittihamın mahiyyətinin və mənasının ona aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini bildirmişdir. Cavabdeh öz ifadəsində bildirmişdir ki, sement məhsullarının satışı ilə məşğul olmaq üçün 21 sentyabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda fəaliyyət göstərən “X18” MMC-nin direktoru X15 ilə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin vaxtdan, yəni 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi nağd qaydada ödəniş etməklə “X18” MMC-dən sement məhsulları alıb müxtəlif şəxslərə satmışdır. “X18” MMC tərəfindən satılan sement məhsulları ilə bağlı heç bir sənədləşdirmə aparılmamış, o cümlədən qaimə faktura tərtib olunmamışdır. Alınan malın müqabilində Bakı şəhərində “X18” MMC-nin əməkdaşı İlqar Kərimova həmişə nağd qaydada ödəniş edilmişdir. Müştəri tapıb sövdələşdikdən sonra “X18” MMC-dən tələb olunan miqdarda sement məhsulu alır və malın lazımi ünvana çatdırılması üçün “X18” MMC-yə müvafiq sifariş verilirdi. Sifarişlərə uyğun olaraq “X18” MMC-dən tələb edilən miqdarda sement məhsulu Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası vasitəsilə Biləsuvar gömrük postundan keçməklə müxtəlif rayonlarda olan müştərilərə göndərilirdi. Qazanc əldə etmək üçün alınan sement məhsulunun bir kisəsinin üzərinə 15- 20 (on beş - iyirmi) qəpik əlavə etməklə sarmışdır. 2022-ci ilin sentyabr ayında “X18” MMC qeyri-rəsmi olaraq sement satışı ilə məşğul ola bilmədiyi üçün daha müştərilərdən sifarişlər qəbul edilmədi. Həmin vaxtdan, yəni 2022-ci ilin sentyabr ayından sonra “X18” MMC-dən hər hansı məbləğdə sement məhsulu alınmamışdır. Materiala əlavə olunmuş “X18” MMC ilə bağlanmış 21 sentyabr 2021-ci il tarixli, NSZ nömrəli müqavilə və sement məhsullarının satışı ilə bağlı tərtib olunmuş satış fakturaları mətni oxunmaqla baxışa təqdim edilmişdir. Müqavilədə ad və soyad qrafasında mövcud olan imza nümunəsi onun tərəfindən icra olunmuşdur. Lakin həmin satış fakturalarının nə vaxt və kim tərəfindən tərtib olunduğunu bilmir. Razılaşmaya görə nəqliyyat və daşıma xərcləri “X18” MMC-yə aid olduğu üçün sifariş verilən sement məhsullarını MMC-nin öz vəsaiti hesabına aidiyyəti ünvanlara göndərilirdi. Bu fakturaların heç birində imzası yoxdur. “X18” MMC-dən sifariş edilən sement məhsullarının müqabilində həmin MMC-yə nə qədər ödəniş edildiyini xatırlamır. Lakin hər həftə müəyyən məbləğlərdə ödəniş edilmişdir. İş ilə əlaqədar fiziki şəxs kimi vergi ödəyicisi qismində Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməmişdir. Çünki zavod rəsmi qaydada alqı-satqı aparmırdı. Sement məhsullarının satışından əldə edilən pul vəsaitlərini Nərimanov rayonu ərazisində “X18” MMC-nin əməkdaşları İlqar Kərimova və Səməd adlı şəxsə vermişdir.. Lakin bununla bağlı heç bir sənədləşdirmə və qeydiyyat aparılmamışdır. Çünki zavoddan rəsmi qaydada mal alınmırdı. Zavodun borcu tam şəkildə ödənilmişdir, alınacaq borclar cavabdehə məxsusdur. Şirkət başqa digər satış müdirlərini də saxta ittihamlarla polisə vermişdirlər. Borcun mövcudluğu heç bir sübutla təsdiqlənmir, böhtan atılır. Ofisə verilən kirayə pulu, işçilərə verilən maaşlar, rayonlara səfərlər onun tərəfindən ödənilmişdir və bunların hamısı təxminən 20-25 min manat tutmuşdur.

13. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının məzmunundan müəyyən olunur ki, cinayət işinin başlanmasına səbəb və əsas Cavabdeh etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda sement istehsalı ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi və direktoru X12 etibarından sui-istifadə edərək "xxxx" MMC tərəfindən istehsal olunan sement məhsullarının Azərbaycan Respublikasının cənub və aran rayonlarında satışını təşkil edəcəyinə dair yalandan vəd verib aldatmaqla vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün Kamal Kərimovla 21 sentyabr 2021-ci il tarixli, NSZ-21.09.21 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə məxsus ümumilikdə 197961 manat dəyərində sement məhsulunu ələ keçirərək "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktına dair toplanmış materiallar olmuşdur. İstintaq zamanı "xxxx" MMC zərər çəkmiş hüquqi şəxs qismində tanınmış, şahidlər dindirilmiş, məhkəməmühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmış, digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Aparılmış istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə "xxxx" MMC-yə məxsus hər hansı məbləğdə pul vəsaitinin, yaxd əmlakın ələ keçirilməsini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə xitam verilmişdir.

14. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli ekspert rəyinin məzmunundan müəyyən olunur ki, X20 ilə “X23” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NSZ-21.09.21 saylı müqavilənin şərtlərinə, auditor rəyinə, auditor-hesabatına və auditor rəyinin tərtibi zamanı istinad edilmiş cədvəl məlumatlarının düzgünlüyü nəzərə alındıqda cavabdeh X13, “X23” MMC-yə audit rəyində öz əksini tapan 197961 manat borc məbləği düzgün hesablanmışdır. Çatışmazlıq kimi aşkar olunan material qiymətlilərin nələrdən ibarət olması məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti hesab edilmir. “X23” MMC-də 197961 manat pul vəsaitinin çatışmazlığının olması müəyyən edilmişdir. “X23” MMC-də pul vəsaiti çatışmazlığının əmələ gəlmə səbəbləri və dövrü, habelə həmin çatışmazlığa görə maddi məsuliyyət daşıyan şəxs müəyyən edilməsi hüquqi məsələ olduğundan cavablandırılmadı. “X23” MMC-yə əmtəə-material qiymətlilərin mədaxil və məxaricinin düzgünlüyü müəyyən edilməsi məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti hesab edilmir. “X23” MMC-də aparılmış maliyyə-təsərrüfat əməliyyatlarının bir çoxu cədvəl məlumatlarında öz əksini tapmış və audit yoxlaması zamanı cədvəllər və qəbzlər əsaslı hesab edilmişdir.

15. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli ekspert rəyində müstəqil audit tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən Cavabdeh “X23” MMC-yə ödəmədiyi borcun düzgünlüyünün araşdırılmasına dair auditor rəyinə istinad edilmişdir. Auditor rəyinin məzmunundan müəyyən olunur ki, yoxlama zamanı fikizi şəxs Cavabdeh 197961 manat dəyərində əmələ gəlmiş borc aşkarlanmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən audit rəyi və iş materiallarında öz əksini tapan audit-hesabatında göstərilənlər təqdim olunmuş mühasibatlıq sənədləri ilə qarşılaşdırılmışdır. Tədqiqata təqdim olunmuş mühasibatlıq sənədlərinin düzgünlüyü nəzərə alındıqda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “X23” MMC tərəfindən Cavabdeh 198547 manat dəyərində mal verilməsi müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “X28” MMCyə 586 manat məbləğində ödəniş edilmiş, bununla da audit rəyində öz əksini tapan 197961 manat məbləğində borc düzgün hesablandığı müəyyən edilmişdir.

16. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, mövcud borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd edilmişdir ki, qarşı tərəfin irəli sürdüyü heç bir sübut mötəbər sayıla bilməz. Təqdim edilən aktların surətinə görə yalnız birində qalıq borc göstərilmişdir. Həmin Aktın da Cavabdeh tərəfindən imzalanması və onun tərəfindən göndərilməsi təsdiq edilmir. Saxta aktı mötəbər sübut kimi qiymətləndirilsə belə, həmin akt üzrə iddia müddəti keçmişdir. Belə ki, akt “borc” 2021-ci ildə mövcud olmuşdur. Həmin müddətdən də artıq 3 illik iddia müddəti ötmüşdür. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli, NSZ-21.09.21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya razılaşdırılmış qiymətə və şərtlərə uyğun olaraq mal-materialı satır, alıcı isə həmin qiymətə uyğun mal-materialı qəbul edir və razılaşdırlmış müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürür. Tərəflər arasında müqavilənin bağlanılması, cavabdehin iddiaçıdan sement məhsullarını alaraq başqa şəxslərə satması, ödənişlərin edilməsi üşün mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə cavabdehə satılmış məhsulların dəyərinin bir qisminin cavabdeh tərəfindən ödənilmədiyini, cavabdeh isə iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir.

21. Cavabdeh barəsində hazırkı tələb olunan məbləğlə bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi olmuş, cinayət işinin başlanmasına səbəb və əsas Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sement istehsalı ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorunun etibarından sui-istifadə edərək, "xxxx" MMC tərəfindən istehsal olunan sement məhsullarının Azərbaycan Respublikasının cənub və aran rayonlarında satışını təşkil edəcəyinə dair yalandan vəd verib aldatmaqla vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 21 sentyabr 2021-ci il tarixli NSZ-21.09.21 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMCyə məxsus ümumilikdə 197961 manat dəyərində sement məhsulunu ələ keçirərək, "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktına dair toplanmış materiallar olmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə xitam verilmişdir. Qərarda qeyd olunur ki, konkret halda aparılmış istintaq zamanı Cavabdeh tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə "xxxx" MMC-yə məxsus hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakın ələ keçirilməsini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilməmişdir.

22. İddia tələbinin bir hissəsini "xxxx" MMC və Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən yaranmış 197961 manat əsas borc və 17025 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

23. Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Həmin qənaətə gələrkən aşağıdakılar nəzərə alınmışdır.

24. Əvvəla, hazırkı iş üzrə sübut qismində təqdim olunan sənədlər cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gəlmək üçün kifayət və mötəbər deyil və müəyyən ziddiyyətli məqamlar mövcuddur.

25. İddiaçı cavabdehdən 197961 manat məbləğində əsas borcun tutulmasını xahiş edir. Yuxarıda qeyd olunan qərardan da görünür ki, cavabdehin barəsində 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-yə məxsus ümumilikdə 197961 manat dəyərində sement məhsulunu ələ keçirməsi ilə bağlı cinayət işi başlanmış və iş üzrə icraata xitam verilmişdir. Həmin məbləğ Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli ekspert rəyində öz əksini tapmışdır ki, həmin rəydə də müstəqil audit rəyinə istinad olunmuşdur. Rəylərdə yoxlama zamanı fikizi şəxs Cavabdeh 197961 manat dəyərində əmələ gəlmiş borcunun aşkarlandığı, audit rəyi və iş materiallarında öz əksini tapan audit-hesabatında göstərilənlərin təqdim olunmuş mühasibatlıq sənədləri ilə qarşılaşdırıldığı, tədqiqata təqdim olunmuş mühasibatlıq sənədlərinin düzgünlüyü nəzərə alınarsa, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “X23” MMC tərəfindən Cavabdeh 198547 manat dəyərində mal verilməsi müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “X28” MMC-yə 586 manat məbləğində ödəniş edilmiş, bununla da audit rəyində öz əksini tapan 197961 manat məbləğində borcun qaldığı müəyyən edilmişdir.

26. 06 sentyabr 2022-ci ildən 05 noyabr 2022-ci il tarixədək olan müddət ərzində qeyd olunan məbləğdə sement məhsulunun cavabdehə təqdim edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş satış fakturaları kserosurətdir və cavabdeh tərəfindən qəbul edilmir. Məhkəməyə sərhəddən daşınan sement məhsullarının daşınması ilə bağlı nəqliyyat yük qaimələri və s. təqdim oluna bilərdi, lakin təqdim olunmamaışdır. Tərəflər arasında münasibətlər qeyri-rəsmi olmuş, hətta ödənişlər belə nağd qaydada kimlərəsə verilmiş, bu hal uzun müddət belə də davam etmişdir.

27. İddiaçı tərəfindən iş materiallarına “WhatsApp” yazışmaları əlavə edilmişdir, lakin həmin yazışmalar, eləcə də aktlar iddia olunan borcun mövcudluğunu təsdiq etmir.

28. Məhkəmə icraatının gedişində iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

30. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).

31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

32. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

33. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırkı nəticəyə gəlmişdir.

34. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar