Məhkəmə qərarları › İş №e-2-2(113)-1091/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1091/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1091/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, nisyə alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları:

1. İddiaçı Cavabdeh 278 manat məbləğində əsas borcun, 27 manat cərimə pulunun və 30 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı, mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. Sənədlərin cavabdehin elektron vergi kabinetinə göndərilməsinə dair ekran şəkili əlavə olunur. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 528 manat olmaqla mal almışdır. Cavabdeh malların dəyərini, yəni 528 manatı xx.xx.2023-cü il tarixli müqavilənin 1.4-cü maddəsinə əsasən 45 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 278 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir (cavabdehin elektron vergi kabinetinə, məktubun göndərilməsinə dair ekran şəkili əlavə olunur.) xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 9 X1 ərizə ilə müraciət edilmişdir, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448, 449, 600 və 1097-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, İddiaçı “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcıya” müqavilənin qüvvədə olduğu müddət ərzində dəyərinin bu müqavilənin 1.4-cü bəndində göstərilən müddət ərzində ödənilməsi şərti ilə malları nağd və nisyə satır. 1.2-ci bəndinə əsasən “Alıcı” isə aldığı malların dəyərini bu müqavilənin 1.4. bəndində göstərilən müddət ərzində tam ödəməyi üzərinə öhdəlik götürür. 1.3-cü bəndinə əsasən "Malların təhvil alınması" "Alıcı" və ya "Alıcının məhsul şəxsi" ilə "Satıcı" və ya "Satıcının əməkdaşları" arasında bağlanan "Qaimələr" əsasında həyata keçiriləcək. 1.4-cü bəndinə əsasən "Alıcı" qaimə üzrə malları təhvil aldıqdan 45 gün ərzində (ödəmə müddəti) onun dəyərini tam şəkildə ödəyir. 2.2-ci bəndinə əsasən "Alıcı" malın dəyərini və qalıq məbləğini müqavilənin 1.4. maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində "Satıcı”ya cərimə ödəyir.

6. xx.xx.2023-cü il tarixli “Mal satışı” cədvəlindən və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaimə Faktura”dan görünür ki, İddiaçı MMC müxtəlif adda ümumi dəyəri 528,30 manat olan malları Cavabdeh təhvil vermiş, sonuncu isə təhvil almışdır.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh nisyə alınmış malların dəyərinin 250 manatını ödəmiş, əsas məbləğ üzrə borcu 278 manat və cərimə borcu üzrə 27 manat təşkil edir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda borcun 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

9. Tədqiq olunan sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması qaimə və hər iki tərəfin imzası ilə təsdiq edilmiş malların satış cədvəli ilə də təsdiq edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərinin qalan hissəsini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi:

13. Qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını nəzərə alaraq hesab edirəm ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 278 manat qalıq borcun tutulması iddiası əsaslıdır və təmin olunmalıdır.

14. Həmçinin iddiaçı cavabdehdən 27 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin hissədə də iddia əsaslı olduğundan təmin olunmalıdır.

15. Eləcə də, iddiaçı 30 manat ödənilmiş mediasiya dair xərcin də, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən mediasiyaya ödənilmiş 30 manat məbləğində pul vəsaiti, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,

qət etdim: İddia təmin edilsin. Cavabdeh 278 (iki yüz yetmiş səkkiz) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə, 30 (otuz) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar