Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1092/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq müqavilə, alqı-satqı və xidmət müqaviləsinin ünsürləri, dəbbə pulunun azaldılması, məhkəmə xərcinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqavilə üzrə 5099,56 manat əsas borc, 1019,91 manat cərimə məbləği və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. alıcı qismində iddiaçı “X1 Kompleksi” MMC, tədarükçü qismində iddiaçının X2 və Tədarükü Məntəqəsi filialı və fermer qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 147 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 11,19 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən 10674,02 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. 2.2. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Belə ki, cavabdeh adıçəkilən müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5099,56 manat borcu qalmışdır. 2.3. Bundan əlavə, həmin müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda, yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 453,67 manat təşkil edir. (5099,56 manat х 20% = 1019,91 manat). 2.4. Cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi vasitəsilə sonuncuya rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə öhdəliyin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. xx.xx.2023-cü il tarixli MŞS/MT-23/2023-02486 nömrəli mediasiya arayışından da görünür ki, mediasiya mərhələsində cavabdehlə barışıq əldə etmək mümkün olmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1092/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək, iddia tələbi ilə 5099,56 manat borc hissəsində razı olduğunu bildirdi.
7. Məhkəmənin suallarına cavab olaraq cavabdeh qeyd etdi ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən pul, mal-material, xidmət şəklində 10674,02 manat verilmiş, həmin borcdan 5574,46 manat ödəniş etmişdir. Lakin suvarmada yaranan problemlər, istifadə olunan dərman preparatlarının keyfiyyətsiz olması səbəbindən lazımi miqdarda məhsul götürə bilməmiş, borcu tam ödəmək imkanına malik olmamışdır. Növbəti illərdə isə borcun ödənilməməsi əsası ilə iddiaçı yeni müqavilə bağlamaqdan imtina etmiş, bu səbəbdən borcun hissə-hissə ödənilməsi də mümkün olmamışdır. Cari ildə iddiaçı ilə yeni müqavilə bağlanmışdır və borc ödəniləcəkdir.
8. İddiaçıya məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Alıcı qismində), iddiaçının X2 və Tədarükü Məntəqəsi (Tədarükçü qismində) və cavabdeh (Fermer qismində) arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 147 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin şərtlərindən görünür ki, bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,19 ha torpaq sahəsində pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür (1.1). “Fermer”lə “Alıcı” arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam pambığın qəbulu, saxlanılması və emalı “Tədarükçü” tərəfindən həyata keçirilir (1.2). “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 11,19 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30,0 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir (2.1.1). “Tədarükçü” pambıq sahələrində görülən işlərə nəzarət edir, nəzarət zamanı işin icrası ilə əlaqədar tövsiyələr verir, verilən avans vəsaitlərin təyinatı üzrə istifadə olunub-olunmamasını yoxlayır, qüsur və çatışmazlıqlar aşkar olunduqda bu barədə akt tərtib edir (2.2.2). “Alıcı” bu müqavilə üzrə “Fermer”ə verilən avans vəsaitlərin (nağdsız qaydada ödəmələr və sair aqrotexniki xidmətlər) təminatını və tədarük edilən xam pambığın dəyərini “Tədarükçü” vasitəsi ilə həyata keçirir (2.3.1). “Alıcı” müqavilə şərtlərinin icrası ilə bağlı “Tədarükçü” və “Fermer” tərəfindən görülən işlərin icrasına nəzarət edir (2.3.2). “Fermer” bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə 01 noyabr 2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə “Tədarükçü”yə təhvil verir (3.1). Təhvil verilmiş məhsulun miqdarı hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə pambıq qəbulu qəbzi əsasında rəsmiləşdirilir (3.2). “Tədarükçü” xam pambığı fermerdən növünə, nəmlik və zibillik faizlərinə görə qüvvədə olan təlimat və standartlara əsasən aşağıdakı qiymətlərlə qəbul edir (4.1): İ növ – 650 AZN/ton; İİ növ – 630 AZN/ton; İİİ növ – 590 AZN/ton; İV növ – 550 AZN/ton. “Alıcı” əl ilə yığılan xam pambığın kondisiya kütləsinin hər 1 (bir) kiloqramına görə 13 (on üç) qəpik vəsaiti 1-5 gün ərzində yığım pulu olaraq ödəyir və həmin yığım pulu qarşılıqlı hesablaşmada nəzərə almır (4.2). “Fermer”in avans məbləğindən artıq təhvil verdiyi xam pambığın dəyəri 1-5 gün ərzində ödənilir (4.3).
13. Həmin müqaviləyə 26 may 2021-ci il tarixli əlavədən görünür ki, 08 fevral 2021-ci il tarixli 147 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin 1.1-ci bəndi “bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 9,19 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquq müəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür” cümləsi ilə əvəz edilmişdir.
14. İş materiallarında olan 10 oktyabr 2021-ci il tarixli üzləşmə aktından (akt yalnız iddiaçının nümayəndələri tərəfindən təsdiq edilmişdir) görünür ki, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə üzrə 3836,96 manat cavabdehin bank hesabına köçürülmüş, 4759,56 manat dəyərində mal-material cavabdehə təhvil verilmiş, 2077,5 manat dəyərində zavod texnikasına xidmət göstərilmiş, cavabdehin iddiaçıya olan borcu 10 oktyabr 2021-ci il tarixə ümumilikdə 10674,02 manat təşkil edir.
15. Məhkəməyə təqdim edilən cavabdehin şəxsi vəsiqəsindən görünür ki, cavabdehin 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə üzrə iddiaçıya olan ümumi borcundan – 10674,02 manatdan 5574,46 manat ödəniş edilmiş, 5099,56 manat məbləğində borc qalmışdır.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 08 fevral 2021-ci il tarixli 147 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,19 (müqaviləyə 26 may 2021-ci il tarixli əlavəyə əsasən 9,19) ha torpaq sahəsində pambıq əkib iddiaçıya satmağı, iddiaçı isə cavabdehin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin adıçəkilən müqavilə üzrə iddiaçıya ümumilikdə 10674,02 manat borcu olmuş, həmin borcdan 5574,46 manat ödəniş edilmişdir.
17. İddiaçı 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə üzrə qalıq 5099,66 manat məbləğində pulun tutulmasını xahiş edir.
18. Cavabdeh qeyd edilən borc məbləğini qəbul edir, hissə-hissə ödəniləcəyini bildirir.
19. Məhkəmə mübahisənin həllinə tətbiq ediləcək hüquq normalarının seçilməsi üçün, əvvəla, tərəflər arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin hüquqi təbiətinin şərh edilməsini zəruri sayır.
20. 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin 1.1-ci bəndində cavabdehin pambığı əkib iddiaçıya satması, iddiaçının həmin pambığı qəbul edib dəyərini ödəməsi ilə bağlı münasibətlər müqavilənin predmeti kimi göstərilsə də, müqavilənin digər şərtlərindən və məhkəməyə təqdim edilən şəxsi vəsiqədən görünür ki, cavabdeh tərəfindən pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin – toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s. alınması, həmçinin texnikalarla şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. işlərin görülməsi də iddiaçı tərəfindən X2 və Tədarükü Məntəqəsi vasitəsilə həyata keçirilmişdir.
21. Belə ki, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin müvafiq şərtlərinə əsasən, cavabdeh pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir (2.1.2), həmin işlərin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq iddiaçıdan avans vəsaitlər - (nağdsız qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir (2.1.3), iddiaçıya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir (2.1.7).
22. Belə olan halda məhkəmə hesab edir ki, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə qarışıq müqavilə olub alqı-satqı və xidmət müqaviləsinin ünsürlərini ehtiva edir.
23. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
24. İddiaçının təqdim etdiyi şəxsi vəsiqədən həm müxtəlif tarixlərdə “avans borcu”nun verildiyi, həm də “dərmanlama”, “səpin” və s. kimi aqrotexniki xidmətlərin göstərildiyi aydın olur. Başqa sözlə, iddiaçı satıcı kimi qabaqcadan ödədiyi məbləğin qaytarılmasını, xidmət göstərən kimi xidmətlərin dəyərinin ödənilməsini tələb edir.
25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Hazırda iddiaçının satıcı kimi tələb hüququnun maddi-hüquqi əsası kimi isə Mülki Məcəllənin 599.3-cü maddəsi çıxış edir. Həmin maddəyə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
30. Digər tərəfdən, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin xidmət münasibətləri ilə bağlı olan hissəsinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş müvafiq hissədə mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
31. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının xidmət göstərən kimi xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququ 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin 2.1.7-ci bəndinə əsaslanır. Həmin bəndə əsasən, cavabdeh iddiaçıya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. fermerə göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə üzrə məhsulu verilməsi və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı və ya xidmət göstərilən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilə üzrə 5099,56 manat əsas borc Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
38. İddia ərizəsində iddiaçı həmçinin 1019,91 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
39. 08 fevral 2021-ci il tarixli 147 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən, “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmişdir.
44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 250 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
45. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 250 manat məbləğində cərimə Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı həmçinin 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞS\MT-23\2023-02486 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
50. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
51. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
54. İş materialları ilə müəyyən olunur ki, müvafiq məbləğin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
55. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” MMC-yə ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 08 fevral 2021-ci il tarixdə bağlanmış 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə üzrə 5099 (beş min doxsan doqquz) manat 56 (əlli altı) qəpik əsas borc, 250 (iki yüz əlli) manat cərimə məbləği olmaqla ümumilikdə 5349 (beş min üç yüz qırx doqquz) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova