Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1093/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğvi, lizinq predmeti olan tütün qurutma avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğvi, lizinq predmeti olan tütün qurutma avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 iyun 2020-ci il tarixli KTAKTT-20/1482 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 9.044.21 manat məbləğində gecikdirilmiş əsas borc, 1.411,91 manat məbləğində gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumillikdə 10.456,12 manat və 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin, həmçinin 21,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 29 iyun 2020-ci il tarixli KTA-KTT20/1482 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə xitam verilməsi və lizinq predmetini təşkil edən 4 ədəd “TSS.CO D01M” markalı tütün qurutma avadanlığının saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.02.2022-ci il tarixdə Cavabdeh məhkəməyə vəsatət (ərizə) ilə müraciət edərək, İddiaçı ASC-nin ona qarşı borcun ödənilməsi tələbinə dair mübahisəsi üzrə keçirilməsi məcburi olan ilkin mediasiya prosesinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmədiyini nəzərə alaraq, iş üzrə iddianın geri qaytarılması və ya iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, həmçinin, qanunvericiliyin tələblərinə riayət edilmədən verilmiş həmin iddia üzrə qəbul edilmiş tədbirlərin məhkəmənin öz təşəbbüsü ilə ləğv edilməsini xahiş etmişdir. Vəsatət (ərizə) onunla əsaslandırılmışdır ki, kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, mediator və ya mediasiya təşkilatı tərəfindən göndərilməili olan bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin tələbə əməl edilmədən məhkəməyə müraciət edildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır və yaxud həmin iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı ASCnin ona qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmədən əvvəl keçirilməsi məcburi olan ilkin mediasiya sesssiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməmişdir. Belə ki, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən İddiaçı ASC-nin ona qarşı borcun ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasının keçirilməsi 17 yanvar 2022-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Həmin bildiriş 10 yanvar 2022-ci il tarixdə tərtib edilsə də, ona 21 yanvar 2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi 10 yanvar 2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə bildiriş ona tərəf olaraq ən azı 5 gün əvvəldən təqdim edilməli idi, lakin, bu prinsipə riayət edilməmişdir. Həmin bildiriş ona nəinki 5 gün əvvəlcədən və ya iclasadək çatdırılmış, əksinə 5 gün sonra çatdırılmışdır. Bundan əlavə məntiqlə də 10 yanvar 2022-ci il tarixdə tərtib edilmiş bildirişin Bakı şəhərindən uzaq bir məsafədə yerləşən Şəki rayonunun ucqar kəndinə 2 günə çatdırılması da ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin vəsatəti əsassızdır. Belə ki, həm mediator tərəfindən, həm də İddiaçı ASC-nin əməkdaşları tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsinin vaxtı və yeri haqqında şifahi qaydada (telefon vasitəsilə) Cavabdeh məlumat verilmişdir. Odur ki, vəsatətin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin normaların məzmunundan göründüyü kimi bütün kommersiya mübahisələri üzrə məhkəməyə müraciət olunmazdan əvvəl qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” AR Qanununun: 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Məhkəmə Cavabdeh vəsatətində isinad etdiyi hallarla razılaşaraq qeyd edir ki, həqiqətən də iş materiallarından görünən odur ki, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən yaranan mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya sessiyasının keçirilməsi 17 yanvar 2022-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Həmin bildiriş 10 yanvar 2022-ci il tarixdə tərtib edilsə də, poçt zərfindən müəyyən olunur ki, həmin bildiriş 21.01.2022-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndinin müvafiq poçt xidmətinə (AZ 5514) təqdim edilmişdir. Göründüyü kimi 17 yanvar 2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə bildiriş cavabdehə nəinki ən azı 5 gün əvvəldən təqdim edilməmiş, hətta ilkin mediasiya sessiyasının keçirilməsindən 4 gün sonra təqdim edilməklə “Mediasiya haqqında” AR Qanununun yuxarıda sadalanan normalarında müəyyən edilmiş qaydaya riayət edilməmişdir. “Mediasiya haqqında” AR Qanununun: 21.9-cu maddəsinə görə aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. MPM-in 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallara riayət edilmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 259.0.13-cü maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğvi, lizinq predmeti olan tütün qurutma avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1093/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1093/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver