Məhkəmə qərarları › İş №e-2-2(113)-1095/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1095/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1095/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 407-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 12960 (on iki min doqquz yüz altmış) manat gecikdirilmiş borcun və hesablanmış 15539,04 (on beş min beş yüz otuz doqquz manat dörd qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 2004-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 24903 (iyirmi dörd min doqquz yüz üç) manat gecikdirilmiş borcun və hesablanmış 41313,09 (qırx bir min üç yüz on üç manat doqquz qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz ) manat, cəmi 95215,13 (doxsan beş min iki yüz on beş manat on üç qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 407-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli 2004-GL/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 407-GL/18 nömrəli müqavilə üzrə 12960 manat gecikdirilmiş borcu və hesablanmış 15539,04 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 2004-GL/16 nömrəli müqavilə üzrə isə 24903 manat gecikdirilmiş borcu və hesablanmış 41313,09 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 13427 manat olan və müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

8. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 31046 manat olan və müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 1-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.

12. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

13. 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli lizinq müqaviləsinə əlavə edilmiş 1 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2018-2022-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.

14. 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli lizinq müqaviləsinə əlavə edilmiş 1 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2018-ci il tarixli protokoluna əsasən 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2016-2022-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.

15. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 12960 manat, cərimə borcu 15539 manat, cəmi 28499,04 manat təşkil edir.

16. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 24903 manat, cərimə borcu 41313,09 manat, cəmi 66216,09 manat təşkil edir.

17. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqavilə üzrə hər hansı vəsait ödənilməmiş, 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli müqavilə üzrə ümumilikdə 6143 manat pul ödənilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli və 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

26. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli və 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqavilə üzrə 12960 manat, 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli müqavilə üzrə 24903 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış cərimə məbləğlərinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq cavabdehdən tutulacaq cərimələr: 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqavilə üzrə 500 manat, 07 sentyabr 2018-ci il tarixli “2004- GL/16” nömrəli müqavilə üzrə 1000 manat məbləğində müəyyən edilməlidir.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 07 sentyabr 2018-ci il tarixli “407-GL/18” nömrəli müqavilə üzrə 12960 manat əsas borc, 500 manat cərimə borcu, 07 sentyabr 2018-ci il tarixli “2004-GL/16” nömrəli müqavilə üzrə 24903 manat əsas borc, 1000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.

35. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

36. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 208,09 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, “407-GL/18” nömrəli lizinq müqaviləsi üzrə 12960 manat əsas borc, 500 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli, “2004-GL/16” nömrəli müqavilə üzrə 24903 manat əsas borc, 1000 manat dəbbə pulu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 39863 (otuz doqquz min səkkiz yüz altmış üç) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 208,09 (iki yüz səkkiz manat doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar