Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1098/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, X5 Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ƏDV daxil 114619,25 manat məbləğində əsas borc, ödənişin gecikdirilməsinə görə AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5730,96 manat məbləğində gecikmə faizinin, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və 11 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X7 ilə "X4” MMC arasında imzalanmış 31 may 2018-ci il tarixli 77 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə mallar satmış, cavabdeh isə malları qəbul etmişdir. X7 müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək malları cavabdehə təhvil versə də, "X4” MMC müqavilə üzrə öhdəliklərinə əməl etməyərək iddia ərizəsi ilə müraciət olunan tarixədək malların dəyərinin bir hissəsini iddiaçıya ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı "X4” MMC-yə tərəfimizdən pretenziya göndərilsə də cavab verilməmişdir. Həmçinin, mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün "X4” MMC-yə mediasiyaya dəvət məktubu göndərilsə də, "X4” MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, cavabdehin müqavilə çərçivəsində iddiaçıya ƏDV daxil 114619,25 manat borcu yaranmış və cavabdeh borcunu 29 dekabr 2020-ci il tarixdə tərəflər arasında imzalanmış öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktı ilə bir daha etiraf etmişdir. Cavabdeh icra etməli olduğu pul öhdəlyinin icrasını gecikdirmiş və bununla da X7 əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum olunmuşdur. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib edilməzdir. Buna görə də, cavabdeh iddiaçıya AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz ödəməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh ödənişini gecikdirdiyi borcun ümumi dəyərinin illik 5 %, yəni 5730,96 manat məbləğini iddiaçıya ödəməlidir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "X4” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - X7 ilə "X4” MMC arasıdna bağlanmış 31 may 2018-ci il tarixli, 77 saylı alqı-satqı müqaviləsinə əsasən X7 – “satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X3 və ya (elektron) qaimə-fakturada göstərilən mal-materialları “alıcı”ya satmağı, “alıcı” isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 və ya (Elektron) qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. - EAAK seriyalı, 006159 saylı 23 iyun 2018-ci il tarixli elektron qaiməyə əsasən 26585,28 manat dəyərində mal, EAAN seriyalı, 693175 saylı 19 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 11800 manat dəyərində mal, EAAN seriyalı, 863745 saylı 27 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 11800 manat dəyərində mal, EAAO seriyalı, 436738 saylı 17 dekabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 20060 manat dəyərində mal, EAAN seriyalı, 496196 saylı 19 dekabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 5900 manat dəyərində mal, EAAP seriyalı, 381227 saylı 22 yanvar 2019-cu il tarixli elektron qaiməyə əsasən 5575,13 manat dəyərində mal, EAAZ seriyalı, 218595 saylı 30 avqust 2019-cu il tarixli elektron qaiməyə əsasən 81420,02 manat dəyərində mal, EBAC seriyalı, 625094 saylı 19 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 118102,24 manat dəyərində mal, EBAG seriyalı, 695282 saylı 25 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 82600,01 manat dəyərində mal, EBAE seriyalı, 866910 saylı 17 aprel 2020-ci il tarixli elektron qaiməyə əsasən 354867,57 manat dəyərində mal "X4” MMC-yə verilmişdir. - 29 dekabr 2020-ci il tarixli öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktına əsasən "X4” MMC-nin X6 borcu 29 dekabr 2020-ci il tarixinə 114619,25 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqaviləyə əsasən malların təhvil verildiyi tarix (Elektron) Qaimə fakturanın “alıcı” tərəfindən imzalandığı (təsdiq edildiyi) tarix hesab edilir. “Alıcı” və “satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1” göstərilən qaydada və formada ən geci 20 iş günü ərzində bank ödənişi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 354867,57 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "X4” MMC-yə təhvil verilmişdir. İşdən də göründüyü kimi cavabdehin iddiaçıya əsas borcu olması faktı tərəflər arasında tərtib edilmiş 29 dekabr 2020-ci il tarixli üzləşmə aktında əksini tapmışdır. Cavabdehin ödənilməmiş borc məbləği 114619,25 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normaların tələbini nəzərə alaran məhkəmə hesab edir ki, 114619,25 manat əsas borca üzləşmə aktı tərtib olunduqdan sonra 1 il üçün illik 5% miqdarında hesablanmış 5730,96 manat məbğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 120350,21 manat təşkil etdiyindən 410,35 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat alaraq və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X5 Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 114619,25 manat məbləğində əsas borc və illik 5% hesablamaqla 5730,96 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 120350,21 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X6 ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş vəsaitin əvəzi qismində 11 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X6 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1098/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1098/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver