Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1099/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi üzrə dəbbə pulunun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 479.100 manatın (dörd yüz yetmiş doqquz min yüz manat) 0,1 faizi həcmində dəbbə pulunun, yəni 620.000 (altı yüz iyirmi min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərmanın 1 və 3-cü bəndi ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqinin bu Fərmandan irəli gələn məsələləri həll etmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 08 fevral 2024-cü il tarixli 3-23/3-1- 76/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi ilə əlaqədar Azərbaycan İnvestisiya Holdinqinin təqdimatı nəzərə alınaraq Gündüz Əliyev, Kənan Quliyev və Ələsgər Əliyevdən ibarət tərkibdə ləğvetmə komissiyasının yaradılması əmr edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 məhkəməyə izahatında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanına uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən ləğvetmə komissiyasının yaradılması ilə bağlı Maliyyə Nazirliyi və İnvestisiya Holdinqinə tapşırıq verildiyini, Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğvetmə komissiyasının yaradıldığını, Maliyyə Nazirliyindən iki əməkdaşın və İnvestisiya Holdinqindən bir əməkdaşın ləğvetmə komissiyasının üzvü olduğunu, şirkətin ləğvetmə prosesinin hələ də davam etdiyini, şirkətin aktiv öhdəliklərinin digər quruma verilməsi ilə bağlı hər hansı məsələnin olmadığını, şirkətin hər hansı qurum, idarə tərəfindən ləğv edilmədiyini, ləğvedicisinin özü olduğunu, hüquqi varisinin olmayacağını bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 60.1-ci bəndinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. - 60.2-ci bəndinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. - 60.3-cü bəndinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. - 60.4-cü bəndinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. - 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə Məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 61.4-cü maddəsinin məzmununa nəzər yetirildikdə görünür ki, qeyd edilmiş norma, qanunda nəzərdə tutulmuş pretenziya qaydasını müəyyən etmişdir. Ona görə, ilk növbədə müvafiq tələblə bağlı ləğvetmə komissiyasına müraciət edilməli və əgər sonuncu tələblə razı olmadığı halda, bundan sonra Məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfdən cavabdehin ləğvedicisinə müraciət edilibedilməməsi soruşulmuş, iddiaçı tərəf də, cavabdehin ləğvedicisinə müraciət edilmədiyini bildirmişdir. Hazırda isə iddiaçı tərəfindən cavabdehin ləğvedicisinə müvafiq tələblə bağlı müraciət edilmədiyindən Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi üzrə dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu olaraq 511 manat məbləğində pul X3 geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1099/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1099/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver