Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1102/2021 08.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1.100.000 avro məbləğindən pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.10.2017 - 01.03.2018-ci il tarixlərdə İddiaçı MMC Azərbaycana idxal etdiyi və cəmi satış dəyəri 1.100.000 Avro olan İtaliya və Avropa istehsalı olan park salınması üçün müxtəlif mal-materialları Cavabdeh MMC-yə vermişdir. Həmin mal-materiallar iddiaçı tərəfindən Moldova Respublikasının “Gran Decor” şirkəti ilə bağlanmış 02.10.2017-ci il tarixli və İtaliyanın “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə bağlanmış 01.03.2018-ci il tarixli alqı-satqı müqavilələr üzrə idxal olunmuşdur. Sözügedən mal-materialların cavabdehə təhvil verilməsi faktı Cavabdeh MMC ilə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti arasında imzalanmış malların təhvil-təsliminə və işlərin görülməsinə dair 01-02 avqust 2018-ci il tarixli aktla təsdiq olunur. Lakin cavabdeh qeyd olunan mal-materiallara görə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinə ödənişi etmədiyindən iddiaçı həmin mallara görə ona çatası pulu ala bilməmişdir. Bu mal-materiallar iddiaçının balansında qalır. İddiaçı həmin mallara görə gömrükdə idxal vergilərini ödəmişdir. Cavabdeh mal-materiallara görə ödənişi etmədiyi və bu mal-materiallar iddiaçının balansında qalması səbəbindən vergi orqanları tərəfindən iddiaçıya 236.458,76 manat məbləğində gəlir vergisi hesablanmışdır. Bu vergi məbləği iddiaçının təsisçisinin hesabına ödənilmişdir. Hesablanmış vergilərin 27.324,97 manat məbləğini vəsait olmadığından ödəmək mümkün olmamışdır və iddiaçıya buna görə 340 manat məbləğində maliyyə sanksiyası və 3.634,22 manat məbləğində faiz hesablanmışdır. Bununla yanaşı iddiaçının təsisçisinin ölkədən çıxışının məhdudlaşdırılması məsələsi qaldırılır. Həmin mal-materiallara görə ödəniş edilməsinə dair cavabdehə edilmiş müraciətləri nəticəsiz qalıb. 01.03.2021-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “Cavabdeh" MMC heç vaxt müqavilə və ümumiyyətlə mülki hüquq münasibətlərində olmamışlar və müvafiq olaraq iddiaçı cavabdehə dəyəri 1.100.000 avro olan İtaliya və Avropa istehsalı olan park salınması üçün nəzərdə tutulmuş müxtəlif mal-materiallar təhvil verməmişdir. Eləcə də, bildirirlər ki, iddia ərizəsində qeyd olunanlar barədə tərəflərindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, qeyd edilmiş mal-materiallar "Cavabdeh" MMC-yə “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti tərəfindən təqdim edilmişdir və həmin malların dəyəri "Paghera Green Service Societa Agricola S.R.L" şirkətinə ödənilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən müəyyən olunur ki, iddiaçı “Paghera Green Service S.R.L” ilə müqavilə münasibətlərində olmuşdur. “Cavabdeh" MMC isə ona təqdim edilmiş malları “Paghera Green Service Societa Agricola S.R.L” şirkətindən almışdır və həmin malların dəyərini ödəmişdir. 20.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili “Elektron kabinet” vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə ünvanlayaraq iddia ərizəsində göstərilən məbləğdən əlavə olaraq Cavabdeh MMC-dən 208.953,23 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində istinad olunan malmaterialları idxal etdiyi zaman gömrük rüsumları ilə yanaşı 208.953,23 manat məbləğində əlavə dəyər vergisini də ödəmişdir. Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə idxalda ödənilmiş ƏDV müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İdxal əməliyyatları zamanı iddiaçının büdcə qarşısında 208.953,23 manat məbləğində artıq ödəməsi yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının mal-materiallarına görə ödənişin edilməməsi nəticəsində vergi orqanları tərəfindən iddiaçıya gəlir vergisi hesablanmış və sözügedən artıq ödəmə iddiaçının ƏDV depozit hesabından həmin vergilərin ödənilməsi məqsədilə silinmişdir. Artıq ödəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş vergi şəxsi hesab vərəqəsində əksini tapmışdır. Cavabdeh iddiaçının malmateriallarına görə ödənişi etsəydi, iddiaçının artıq vergi ödəməsi yerində qalardı və iddiaçı onu əvəzləşdirə və ya büdcədən geri ala bilərdi. Ödəniş edilməməsi səbəbindən iddiaçı qeyd edilmiş məbləğdən məhrum olmuşdur. 07.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək İddiaçı MMC tərəfindən verilmiş iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən (“Cavabdeh" MMC və “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti arasında imzalanmış təhvil-təslim aktı) görünür ki, iddia predmetinə əsas olmuş park salınması üçün nəzərdə tutulmuş müxtəlif mal-materiallar Cavabdeh MMC-yə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti tərəfindən təqdim edilmişdir, həmin əmlaklara “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinin hüququ olmuşdur, onların dəyəri cavabdeh tərəfindən ödənilmişdir və “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinin yerinə yetirilməmiş işlər üzrə “Cavabdeh" MMC-yə borcu 492.769.83 avro təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi N.Şahverdiyev və nümayəndəsi E.Hüseynzadə iddiaya etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC (alıcı) ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (satıcı) arasında bağlanılmış 01.03.2018-ci il tarixli 01/18-İTA saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərlən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC (alıcı) ilə “Grand Decor" şirkəti (satıcı) arasında bağlanılmış 02.10.2017-ci il tarixli 01/18-İTA saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərlən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür. -Malların təhvil-təsliminə və işlərin görülməsinə dair 01-02 avqust 2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, “Cavabdeh" MMC (müştəri) və “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (icraçı) arasında imzalanmış razılaşmaya əsasən park salınması üçün müxtəlif mal-materiallar və xidmətlərin “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil-təslimi aparılmışdır. Həmin aktla aktın tərtib edildiyi tarixə icraçı və onun cəlb etdiyi üçüncü şəxslər tərəfindən təqdim edilmiş cəmi 2.429.422,06 Avro dəyərində, mallar, materiallar və işlər müştəri tərəfindən təhvil alınmışdır. Eyni zamanda aktda həmçinin göstərilmişdir ki, aktın imzalandığı tarixə icraçı (onun təsisçisi) tərəfindən icraçının bank hesabına 26.07.20147-ci il tarixdə 1.611.109,45 avro və 16.11.2017-ci il tarixdə 1.611.109,45 avro, cəmi 3.222.218,90 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Aktın tərtib edildiyi və imzalandığı tarixə icraçının müştəri qarşısında borcu 492.796,83 Avro təşkil edir. 20.07.2017-ci il tarixli Razılaşmaya əsasən icraçı tərəfindən müştərinin ərazisinə gətirilmiş mal-materiallar və maddi nemətlər AR-ə icraçı ilə İddiaçı MMC arasında bağlanmış mülki-hüquqi müqavilələrə əsasən idxal edilib, gömrük rəsmiləşdirilməsindən keçirilib və icraçı həmin maddi nemətlər üzərində hüquqlara malikdir. Akt icraçı və müştərinin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir. - UBS Switzerland AG-nin bank hesabından 19.07.2018-ci il tarixli çıxarışda göstərilir ki, fiziki şəxs Fərhad Əhmədov tərəfindən “Paghera Green Service Societa Agricola S.R.L" hesabına 16.11.2017-ci il tarixdə 1.611.109,45 avro, 26.07.2017-ci il tarixdə 1.611.109,45 avro məbləğində pul vəsaiti köçürülmüşdür. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, X3 “Cavabdeh" MMC-nin təsisçisidir. -Gömrük bəyannamələri ilə və İddiaçı MMC-nin 01.09.2017-01.09.2018 dövrü ərzində idxal əməliyyatları haqqında məlumatla təsdiq edilir ki, İddiaçı MMC tərəfindən “Paghera Green Service S.R.L" və “Grand Decor SRL” şirkətlərindən alınmış statistik dəyəri 678.956,51 ABŞ dolları olan mallar AR-ə idxal edilmişdir. -İddiaçı MMC tərəfindən “Cavabdeh" MMC-yə ünvanlanmış 11.12.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, təqdim edilmiş malların dəyərinin 10 gün ərzində ödənilməsi “Cavabdeh" MMC-dən xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir -“Cavabdeh" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 11.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh" MMC tərəfindən İddiaçı MMC ilə heç vaxt müqavilə və ya digər mülki hüquq münasibətlərində olmadıqları və İddiaçı MMC tərəfindən onlara mal-materialların təhvil verilmədiyi, eləcə də sözügedən malların “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti tərəfindən “Cavabdeh" MMC-yə malın təqdim edildiyi və dəyərlərinin həmin şirkətə ödənildiyi İddiaçı” MMC-yə bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ”İddiaçı” MMC-nin iddiası rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC “xxxx” Şirkəti ilə aralarında bağlanmış 02.10.2017-ci il tarixli və “Paghera Green Service S.R.İ” şirkəti ilə aralarında bağlanmış 01.03.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən aldığı malmaterialları Azərbaycan Respublikasına idxal etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, İddiaçı MMC tərəfindən idxal edilmiş mal-materiallar Cavabdeh MMC ilə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti arasında park salınması üçün mal-materialların təqdim edilməsi və işlərin görülməsinə dair bağlanmış müqaviləyə əsasən “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş və cavabdehin ərazisində park salınması işləri görülərkən istifadə edilmişdir. Hazırda iddiaçı ”İddiaçı” MMC Cavabdeh MMC-nin ona təqdim edilmiş malların dəyərini “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinə ödəmədiyini, göstərilən səbəbdən iddiaçının da həmin mallara görə ona çatmalı olan pulu ala bilmədiyini, nəticədə cavabdehin əsassız varlandığını əsas göstərərək malların dəyəri olan 1.100.000 Avro məbləğində pulun cavabdehdən tutulmasını, eləcə də mübahisəli mallarla bağlı ona hesablanmış verginin ödənilməsi məqsədilə ƏDV depozit hesabından silinmiş pulun əvəzi olaraq cavabdehdən 208.953,23 manat məbləğindən pulun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC 1.100.000 Avro məbləğində pulun tutulması hissəsində iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən normaların məzmunundan da göründüyü kimi şəxs o zaman əsassız varlanmış sayılır ki, qanuni əsas və ya müqavilə əsası olmadan digər şəxsin hesabına əmlak əldə etmiş olsun. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, mübahisəli mal-materiallar Cavabdeh MMC tərəfindən onunla “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti arasında bağlanmış müqavilə əsasında əldə edilmiş, yəni cavabdehin həmin malmaterialları əldə etməsinə müqavilə əsası mövcud olmuşdur. Digər tərəfdən Cavabdeh MMC-nin mübahisəli mal-materialları əldə etməsinə əsas olmuş müqavilənin aradan qalxması (məsələn, müqavilənin ləğv edilməsi) halı da iş materiallarına əsasən müəyyən edilməmişdir. “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti tərəfindən təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən ödənilməməsi barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə əvvəla qeyd edilməlidir ki, cavabdeh həmin mallara görə ödəniş etməsini sübuta yetirmək üçün onunla “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti arasında imzalanmış təhvil-təslim aktı və bank hesabından aparılan əməliyyatlar üzrə çıxarış məhkəməyə təqdim edilmişdir. Bank hesabından çıxarışa münasibətdə məhkəmə cavabdehin dəlilləri ilə razılaşır və hesab edir ki, bankın elektron sistemindən çıxarılması iddia edilən həmin sənədin həqiqiliyinin məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmadığından həmin sənəd pul vəsaitlərinin “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinə ödənilməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, sözügedən çıxarışın həqiqiliyi məhkəmə trəfəindən müəyyən edilməsə də, çıxarışda göstərilən pul məbləğlərinin cavabdehin təsisçisi tərəfindən “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinə köçürülməsi faktı iş materiallarında olan “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti və Cavabdeh MMC arasında imzalanmış təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin mübahisəli mal-materiallara görə “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinə borcunun olması ehtimal edilsə belə, göstərilən hal “Paghera Green Service Societa Agricola S.R.L" şirkətinin cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddianın irəli sürülməsi üçün əsas qismində çıxış edə bilər. Lakin göstərilən hal cavabdeh ilə müqavilə münasibətlərində olmayan iddiaçının irəli sürdüyü hazırkı iddianın təmin edilməsi üçün əsas vermir. İddianın vergi borcuna görə ƏDV depozit hesabından silinmiş pulun cavabdehdən tutulması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, həmin tələb məzmununa görə maddi zərərin ödənilməsi tələbidir. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Hazırkı işdə iddiaçı yuxarıda göstərilən halları, o cümlədən cavabdehin hüquqazidd və təqsirli əmələ yol verməsini, cavabdehin əməli ilə vergi məbləğinin ƏDV depozit hesabından silinməsi arasında səbəbli əlaqənin mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, həmin hissədə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1102/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1102/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver