Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1104/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Ənsar oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC-dən zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi 6623,44 (altı min altı yüz iyirmi üç manat qırx dörd qəpik) manat məbləğində vəsaitin, 100 (bir yüz) manat mediasiya xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 MMC-nin istifadəsində olan X5 tərəfindən idarə olunan **-PU-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 təqsirli bilinmişdir. Sığortalı **-BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 10494,05 manat (8893,26 manat təmir xərcləri və 1600,79 manat ƏDV olmaqla) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 10494,05 manat (on min dörd yüz doxsan dord manat beş qəpik) sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 3870,61 (üç min səkkiz yüz yetmiş manat altmış bir qəpik) manat "xxxx" tərəfindən ödənilmiş, müvafiq olaraq ödəniş məbləğindən 3870,61 (üç min səkkiz yüz yetmiş manat altmış bir qəpik) manat çıxılmış və qalıq məbləğ cavabdehdən tələb olunmuşdur. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 6623,44 (altı min altı yüz iyirmi üç manat qırx dörd qəpik) manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097, 1099.1, 1108.1-ci maddələrinə istinad olunmuşdur.
4. İddiaçı vəsatətlə məhkəmə müraciət edərək X2 cavabdeh qismində cəlb edilməsini və cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və X1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi 6623,44 (altı min altı yüz iyirmi üç manat qırx dörd qəpik) manat məbləğində vəsaitin, 100 (bir yüz) manat mediasiya xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 cavabdeh qismində cəlb edilmişdir.
5. Cavabdeh1 MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Hyundai Sonata markalı **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli etibarnamə ilə Cavabdeh2 MMC Rent A Car şirkətinə idarə edilməsi üçün etibar edilmişdir. Qeyd edilən sığorta hadisəsi isə xx.xx.2022-ci il tarixdə, yəni nəqliyyat vasitəsi Cavabdeh2 MMC Rent A Car şirkətinə verildikdən sonra baş vermişdir. Buna görə də "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı subroqasiya hüququ yarana bilməz. Belə olan halda Cavabdeh1 MMC-nin cavabdeh kimi mülki məsuliyyət daşıması əsassızdır. Cavabdeh kimi yalnız Cavabdeh2 MMC və yol nəqliyyat hadisəsini törətmiş şəxs X5 çıxış etməlidir. Buna görə də verilmiş mülki iddianı qəbul etmirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mülki iddianın Cavabdeh1 MMC-yə qarşı hissəsində rədd edilməsi xahiş edilir.
6. Cavabdehlər Cavabdeh2 MMC və X3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Ənsar oğlu məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin olunmamasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 MMC tərəfindən təqdim edilən etibarnamədən görünür ki, “Hyundai Sonata minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC Rent A Car adına Azərbaycan Respublikası ərazisində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək idarə edilməsi üçün verilmişdir.
10. Cavabdeh2 MMC tərəfindən X4 verilmiş 0079 nömrəli yol vərəqəsindən görünür ki, sözügedən yol vərəqəsi Hyundai markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürülməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmişdir.
11. xx.xx.2022-ci il tarixli Sığorta Aktından görünür ki, İ-MİC-2675/21 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən Hyundai Accent markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üzrə sığortalanmış və xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobilə 10494,05 manat məbləğində zərər dəymişdir.
12. xx.xx.2022-ci il tarixli, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
13. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Hyundai Sonata minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.
14. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2022-ci il tarixdə Hyundai Sonata markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Hyundai Accent markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsinə dair araşdırma materialları əlavə edilmişdir.
15. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 093112 nömrəli elektron qaimədən görünür ki, Hyundai Accent markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 10494,05 manat ƏDV daxil məbləğində olmuşdur.
16. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 3627/22 nömrəli hesabfakturadan görünür ki, Hyundai Accent markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 10494,05 manat ƏDV daxil məbləğində olmuşdur.
17. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-BN-*** dövlət qeydiyyat nişanlı Accent markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 10494,05 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.
18. xx.xx.2022-ci il tarixli, 001XOAT222840180 nömrəli ödəniş tapşırığından görünür ki, **-BN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin AZ33JBBK**********0000000030 nömrəli hesabına 10494,05 manat (on min dörd yüz doxsan dörd manat beş qəpik) məbləğinə ödəniş edilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 MMC-nin istifadəsində olan, X5 tərəfindən idarə olunan **-PU-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 təqsirli bilinmişdir. Sığortalı **-BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmiş, **- BN-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, qiymətləndirilməyə dair hesabata əsasən dəymiş zərər 10494,05 manat (8893,26 manat təmir xərcləri və 1600,79 manat ƏDV olmaqla) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 10494,05 manat (on min dörd yüz doxsan dord manat beş qəpik) sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 3870,61 (üç min səkkiz yüz yetmiş manat altmış bir qəpik) manat "xxxx" tərəfindən ödənilmiş, müvafiq olaraq ödəniş məbləğindən 3870,61 manat çıxılmış və qalıq məbləğ cavabdehlərdən tələb olunmuşdur.
23. İddiaçı həmin məbləğin cavabdehlərdən “tutulmasını xahiş edir.
24. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.
25. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X1 birgə qaydada 6623,44 manat (altı min altı yüz iyirmi üç manat qırx dörd qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməməlidir.
26. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, “Hyundai Sonata minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC Rent A Car adına Azərbaycan Respublikası ərazisində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək idarə edilməsi üçün etibarnamə verilmişdir. Cavabdeh1 MMC-nin baş vermiş yol nəqliyyat hadisəsi ilə hər hansı əlaqəsi olmamışdır. İnzibati xətanın törədilməsində təqsirli bilinən X4 Hyundai markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürülməsi üçün yol vərəqəsi Cavabdeh2 MMC tərəfindən verilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən hazırkı halda Cavabdeh2 MMC də mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.
27. Eləcə də, iddiaçı 100 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X1 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X1 birgə qaydada 6623,44 manat (altı min altı yüz iyirmi üç manat qırx dörd qəpik) və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6723,44 manat (altı min yeddi yüz iyirmi üç manat qırx dörd qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova