Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1107/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 12020,9 manat cərimə borcunun və 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış 04 oktyabr 2016-cı il tarixli 2104-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 04 oktyabr 2016-cı il tarixli 2104-GL/16 nömrəli müqavilə üzrə 8211 manat gecikdirilmiş borcu və hesablanmış 12020,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə icraatının gedişində əsas borc tam ödənilmişdir, lakin cərimə borcu və hüquqi yardım xərci ödənilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən əsas borc məbləği tam olaraq ödənilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 748-1-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin 410,55 manat cərimə məbləğinin və 300 manat hüquqi yardım xərcinin tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ildən bədxassəli limfoma diaqnozu ilə xəstəlik yaşayır. Dəfələrlə kimyaterapiya və digər müalicə metodlarına məruz qalmışdır. Hazırda da müalicəsini davam etdirməkdədir. İş materiallarına əlavə edilmiş X1 Kartasından və Milli Onkologiya Mərkəzinin rəyindən bunları görmək olar. Xəstəlik səbəbindən normal əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən maddi vəziyyəti də ağırdır. Müqavilə üzrə əsas borc məbləğini də borc vəsaiti hesabına ödəmişdir. Qeyd edilən 12020,90 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin ödənilməsi isə onun üçün mümkün deyil. Cavabdehin sağlamlıq vəziyyətini nəzərə alaraq qeyd edilən borc məbləğinin tutulması onun sağlamlığının daha da pisləşməsi ilə nəticələnəcəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarından da göründüyü kimi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 5.3, 425, 467-ci maddələrinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan sübutlara əsasən məhkəmə müəyyən edir ki, "xxxx" ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 08 oktyabr 2013-cü il tarixli 1247-L/13 nömrəli lizinq müqaviləsinə xitam verilməklə 04 oktyabr 2016-cı il tarixli 2104-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 12600 manat olan “Belarus-892” markalı traktor və “AG-14-4” markalı 4 gövdəli kotanı ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aprıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə kənd təsərrüfatı texnikalarının qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli müqavilə üzrə 8211 manat gecikdirilmiş borcu və hesablanmış 12020,9 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə (məhkəmə icraatının gedişində) 8211 manat ödəniş edərək lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin ümumi məbləğini tam ödəmişdir.
14. İddiaçı xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli müqavilə üzrə 12020,9 manat cərimə məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
15. Cavabdeh iddiaya etiraz təqdim edərək onkoloji xəstə olduğunun nəzərə alınmasını və 410,55 manat məbləğində cərimənin tutulmasını xahiş edir.
16. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
18. İddia ərizəsinə əlavə olunan cərimənin hesablanmasına dair qrafiklərdən aydın olur ki, cərimə məbləğləri 2018-ci ilin İV rübündən hesablanmağa başlamaqla xx.xx.2016cı il tarixli 2104-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 12020,9 manat təşkil edir.
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
22. İş materialları əsasında müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, yalnız iş məhkəmənin icraatında olarkən əsas borcu ödəmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən məhkəmə icraatının gedişində lizinq müqaviləsi üzrə lizinq ödənişininin ümumi məbləği tam ödənilmiş, eləcə də məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən edilən ödəniş istisna olmaqla sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə (hesabdan çıxarışa əsasən) olsa da, iddiaçı da uzun müddət sonra məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
23. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli müqavilə üzrə 410,55 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 410,55 manat cərimə məbləği Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
25. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
26. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığı və icra qeydindən görünür ki, 500 manat məbləğində pulun 5 saylı vəkil bürosuna 976 nömrəli müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderində göstərilən müqavilə) üzrə ödənilmişdir.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
29. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2104-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 410,55 manat cərimə məbləği Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova