Məhkəmə qərarları › İş №e-2-2(113)-1108/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1108/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1108/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7804 manat əsas borc, 56940 manat dəbbə pulu, 10000 manat məbləğində əldən çıxmış fayda, 7,25 % bank uçot (faiz) dərəcəsi ilə hesablanmaqla 566 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2017-ci il tarixli, 09/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi "Cavabdeh" MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib, müvafiq xidmətləri göstərsə də, "Cavabdeh" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, göstərilən xidmətə görə 7804 (yeddi min səkkiz yüz dörd) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Sifarişçi-cavabdeh tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1 (bir) % həcmində dəbbə pulunun hesablanması qanuni və əsaslıdır. Qanunvericiliyin tələbinə əsasən cavabdehə 56940 (əlli altı min doqquz yüz qırx) manat dəbbə pulu hesablanmışdır. Həmçinin cavabdeh hazırkı vaxtadək müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətə məxsus 7804 manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Təbii ki, qeyd edilən vəsait ödənilsəydi, həmin vəsaitdən xeyli miqdarda gəlir əldə edə bilərdilər. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkət 10000 (on min) manat məbləğində gəlirindən məhrum olmuşdur. Ona görə də cavabdehdən qeyd edilən məbləğ əldən çıxmış fayda kimi, eləcə də 7,25 % bank uçot (faiz) dərəcəsi ilə hesablanmaqla 566 manat məbləğində pul tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2017-ci il tarixli, 09/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə icra edilmiş xidmətlərin haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 02 nömrəli, xx.xx.2017-ci il tarixli 03 nömrəli, xx.xx.2017ci il tarixli 04 nömrəli, xx.xx.2017-ci il tarixli 10 nömrəli, xx.xx.2017-ci il tarixli 11 nömrəli təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən "Cavabdeh" MMC-yə 84831,295 manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd olunan aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 7804 manat məbləğində borcun 5 iş günü müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xx.xx.2017-ci il tarixli, 09/17 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini tam ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən7804 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 56940 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın 10000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olması və onun məbləğinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda iddiaçı cavabdehdən 7,25 % bank uçot (faiz) dərəcəsi əsas götürülməklə, 566 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinnə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan maddi hüquq normalarının tələblərini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarının məzmununu iddia tələbinin müvafiq hissəsinə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən gecikdirilmiş borca görə bank uçot dərəcəsi əsas götürülməklə 566 manat ödənilməsini tələb etsə də, cavabdehin ödənilməmiş xidmət haqqı məbləğindən faydalanması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə həmin hissədə də tələbi əsassız sayır və hesab edir ki, tələb həmin hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 26,7 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 3,3 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7804 (yeddi min səkkiz yüz dörd) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,3 manat (üç manat otuz qəpik) olmaqla, cəmi 8307,3 manat (səkkiz min üç yüz yeddi manat otuz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 26,7 manat (iyirmi altı manat yetmiş qəpik) hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar