Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1108/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə ilə məhkəməyə müraciət edərək, 874,70 (səkkiz yüz yetmiş dörd manat, 70 qəpik) manat əsas borc, 93 (doxsan üç) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 30 (otuz manat) məbləğində dövlət rüsumunun cəmi 997,70 (doqquz yüz doxsan yeddi manat, 70 qəpik) manat məbləğin Cavabdeh MMC-dən tutularaq “CALL CENTER" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 01/2020 C saylı Müqaviləsinin 1-ci bəndinə əsasən, Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazirkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə N 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Tərəfimizdən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8884/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh Kompaniyasına qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01/2020 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır.
12. Müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırki müqavilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə nömrə 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir.
13. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər xidmətlərin siyahısını və dəyərini razılaşdırmışlar.
14. Müqavilə və əlavə hər iki hüquqi şəxsin imzası və cavabdehin möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir.
16. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
17. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
18. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
19. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
20. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
23. İş materiallarından görünür ki, EBBQ seriyalı, 777029 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 70 manat, EBBS seriyalı, 184978 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 33,10 manat, EBBU seriyalı, 017406 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 67,20 manat, EBBV seriyalı, 664062 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 57,90 manat, EBBX seriyalı, 690710 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 131,30 manat, EBBZ seriyalı, 523596 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 15,40 manat, EBCB seriyalı, 313424 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 110,80 manat, EBCD seriyalı, 752606 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 76,50 manat, EBCG seriyalı, 510478 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 68,30 manat, EBCİ seriyalı, 669642 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 46,10 manat, EBCK seriyalı, 369968 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 86,20 manat, EBCM seriyalı, 804453 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 28,90 manat, EBCO seriyalı, 450044 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 9,40 manat, EBDB seriyalı, 739895 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 27,50 manat, EBDF seriyalı, 433318 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 13,20 manat, EBDD seriyalı, 404013 nömrəli 32,90nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 32,90 manat olan elektron qaimə göndərilmişdir.
24. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 874,70 manat təşkil edir.
25. Hazırda iddiaçı cavabdehin 874,70 manat əsas borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
26. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli ödəniş sənədlərindən məlum olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron qaimələr əsasında iddiaçıya ödənişlər edilmişdir.
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
29. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
30. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 874,70 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
31. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 93 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
32. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə son elektron qaimə xx.xx.2023-cü tarixdə, iddia ərizəsi məhkəməyə isə təxmini 17 ay sonra yəni, xx.xx.2024-cü il tarixdə verilmişdir.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 61,95 (874,70x5/100=43,735 (1 il üçün) 43,735/12=3,644 (1 ay üçün) 3,644x17=61,95 (17 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 874 (səkkiz yüz yetmiş dörd) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 61 (altmış bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov