Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1109/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “ASA X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “ASA X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “behin iki mislinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “ASA X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ASA X3” MMC-dən 04 iyun 2021-ci il tarixli “Beh müqaviləsi”nin 2.1-ci bəndinin şərtinə və Mülki Məcəlləninn 492.2-ci maddəsinin tələbinə əsasən, İddiaçı2 QSC-dən aldığı 100.000 (yüz min) manat behin 2 (iki) misli miqdarında, yəni 200.000 (iki yüzmin) manat pul vəsaitinin, o cümlədən hazırki iddiaya görə iddiaçı tərəfindən mediasiya və dövlət rüsumu üçün çəkilmiş cəmi 490 (dörd yüz doxsan) manat miqdarında olan xərci və vəkil (nümayəndə) üçün çəkilmiş 530 (beş yüz otuz) manat xərci “ASA X3” MMC-dən tutulub İddiaçı2-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ASA X3” MMC ilə İddiaçı2 QSC arasında notariat qaydasında bağlanmış 04 iyun 2021-ci il tarixli “Beh müqaviləsi”nin 3 (üç) aylıq qüvvədə olma müddəti 04 sentyabr 2021-ci il tarixində bitmişdir. Belə ki, həmin “Beh müqaviləsi”nə əsasən “ASA X3” MMC-dən yəni Satıcıdan alınacaq müvafiq əmlaka görə Alıcı qismində İddiaçı2 QSC tərəfindən cavabdehə beh olaraq 100.000 (yüz min) manat məbləğində notarial qaydada pul ödənilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “ASA X3” MMC müqavilədə Satıcı olaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikdə və əmlakı satmaqdan imtina etdikdə, həmin behin iki mislini alıcıya ödəməlidir. Həmçinin yuxarıda adı çəkilən müqavilənin 2.2-ci bəndinə əsasən isə, Satıcı 3 (üç) ay müddətində sənədləri özəlləşdirməyi, çıxarışı əldə edib alqı-satqı müqaviləsi üçün lazım olan bütün lazımı sənədləri notariat ofisinə gətirməyi öhdəsinə götürmüşdür. Lakin 04 sentyabr 2021-ci il tarixinə kimi “ASA X3” MMC Satıcı olaraq həmin müqavilənin 2.2-ci bəndinin tələbini yerinə yetirməmiş və nəticədə “Beh müqaviləsi” üzrə öz üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “ASA X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 izahat verərək iddia ilə qismən, 100.000 manat pulun qaytarılması ilə razı olduğunu, qalan hissədə isə razı olmadığını bildrdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 04 iyun 2021-ci il tarixdə 8 saylı Notariat Kontorunda “Beh müqaviləsi” adlanan müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “ASA X3” MMC 3 ay müddətinə yəni 04.09.2021-ci il tarixədək Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənud-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsini İddiaçı2 QSC-yə satmaq üçün razılaşdırılmış 2.550.000 manatın 100.000 manatını beh kimi almış və qalan 2.450.000 manat hissəsini isə alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman almağı öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, işin mabahisəsiz halı 100.000 manat məbləğində pulun İddiaçı2 QSC tərəfindən “ASA X3” MMC-nə verilməsidir. İddiaçı tərəf hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənud-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsini 04.09.2021-ci il tarixədək satmadığını bildirərək, verilmiş 100.000 manat pulun 2 mislini tələb edir. Cavabdeh tərəf də, buna etiraz edərək torpağın onlardan asılı olmayan səbəblərdən satıla bilmədiyini bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin faktiki əsası kimi tərəflər arasında bağlanmış 04 iyun 2021-ci il tarixli “Beh müqaviləsi” və müqavilə əsasında verilən pul təşkil edir. İşin faktiki əsasına dair tələbin qanuni əsası kimi aşağıda qeyd edilən normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İş materiallarında əlavə edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.02.1998-ci il tarixli sərəncamından görünür ki, müqavilədə göstərilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənud-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsi “Rövşən” kiçik müəssisəsinə verilmişdir. Göründüyü kimi, tərəflər arasında olan 04 iyun 2021-ci il tarixli Beh müqaviləsində gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin predmeti kimi, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənud-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsi çıxış edir və “ASA X3” MMC həmin torpaq sahəsini İddiaçı2 QSC-yə satmağı öhdəsinə götürsə də, ümumiyyətlə həmin torpaq sahəsi ona məxsus olmamışdır. Həmçinin də hətta həmin torpaq sahəsi “Rövşən” kiçik müəssisəsinin də mülkiyyətində deyil, sadəcə olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 18.02.1998-ci il tarixli sərəncamı ilə “Rövşən” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Yuxarıda qeyd edilmiş qanun normasının məzmunundan da göründüyü kimi, müqavilənin icra edilməməsi üçün beh almış tərəfin məsuliyyət daşıdığı halda behin iki mislini ödəmək öhdəliyi daşıyır. Hazırki halda isə, “ASA X3” MMC Beh müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi ümumiyyətlə icra etmək imkanı olmamışdır. Belə ki, həmin torpaq sahəsi onun mülkiyyətində olmamışdır və adı çəkilən torpağın ona məxsus olmaması halından da, Wembley Developments (Azerbaijan)” QSC də xəbərdar olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf 50.000 manat pulun İddiaçı2 QSCnin təsisçisi olan X2 həyat yoldaşı Anil Kapura ödənildiyini qeyd etsə də, məhz həmin məbləğdə pulun İddiaçı2 QSC-nin kassasına mədaxil olması və ya köçürmə yolu ilə verilməsinə dair sənəd təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, verilmiş behin iki misli deyil, yalnız beh kimi verilmiş 100.000 manat məbləğində pul qaytarılmalıdır. Məhkəmə iddianın 530 manat vəkil xərcinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdə olan ödəniş tapşırığından görünür ki, İddiaçı2 QSC tərəfindən Fides Vəkil Bürosunun heabına 530 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 530 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 17.01.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və İddiaçı2 QSC tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 100.000 (yüz min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Vəkilə ödənilmiş xərcin əvəzi olaraq 530 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1109/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1109/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver