Məhkəmə qərarları › İş №e-2-2(113)-111/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-111/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-111/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi (direktor) X7, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndə və vəkilləri Vəkil2 və Vəkil3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı tərəflər arasında olan 08.08.2019-cu il tarixli xidmət müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 08.08.2019-cu il tarixli (iskələ-taxtabənd xidmətlərinin göstərilməsinə dair) xidməti müqaviləyə əsasən 240000 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2019-cu il tarixli (İskələ-taxtabənd xidmətlərinin göstərilməsinə dair) xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı iskələtaxtabənd xidmətləri (bundan sonra “Xidmət”) göstərir, sifarişçi isə göstərilən xidmətlərin müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. (1.2) Göstərilən xidmətlərin həcmi bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyənləşdirilir. (3.2.1) Ödənişlər icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. (3.2.2) Xidmətin dəyəri 240000 manat (ƏDV-siz) təşkil edəcək. (5.2) Bu müqavilədə nəzərdə tutulan xidmətlər 4 (dörd) ay müddətində həyata keçirilməlidir. 01 saylı 08.08.2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı əlavədə göstərilir ki, bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMC, bundan sonra “İcraçı” adlanacaq, direktor X7 şəxsində və nizamnamə əsasında fəaliyyət göstərən, digər tərəfdən “xxxx” MMC, bundan sonra “Sifarişçi” adlanacaq, direktoru X12 şəxsində, birlikdə “Tərəflər” adlandırılacaqlar, aşağıdakılar haqqında bu Əlavəni bağladılar. İcraçı sifarişçinin tapşırığına əsasən aşağıdakı xidmətləri göstərməyi öz öhdəsinə götürür: “Bakı şəhəri, H.Əliyev prospekti 117 ünvanında yerləşən “Atletlər kəndi” 4-cü binanın fasatında təmir-bərpa işlərinin görülməsi üçün iskələ-taxtabəndin (scaffold) quraşdırılması və sökülməsi işləri”. Qeyd olunan 1 saylı Əlavəyə tərəflər imza edərək cəmiyyətin möhürü ilə təsdiq etmişlər. Müqavilə üzrə yaranmış öhdəliklər İddiaçı MMC tərəfindən icra edilərək iş təhvil verilmiş və bununla bağlı sifarişçiyə 10 dekabr 2019-cu il tarixli “İşlərin Təhvil-Təslim Aktı” təqdim edilmişdir. Lakin sifarişçi tərəf heç bir əsas gətirmədən aktı imza etməkdən yayınmışdır. Ödənişlə bağlı iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 30000 manat ödənişi etmək üçün elektron qaimə göndərilmiş və həmin elektron qaimə cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra isə 210000 manat məbləğində elektron qaimə göndərilmişdir. Lakin bu günə kimi cavabeh tərəfindən qalıq borc 240000 manat ödənilməmişdir. 08 avqust 2019-cu il tarixli xidməti müqavilə üzrə yaranmış ödənişlərin icra edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 08.01.2020-ci il və 30.01.2020-cil tarixlərində pretenziya məktubları rəsmi qaydada təqdim edilmişdir. Lakin cavabdeh qeyd olunan pretenziya məktublarında qeyd olunan müddətdə göstərilən məbləği iddiaçının bank hesabına ödəməkdən yayınmışdır. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanan 08.08.2019-cu il tarixli “Xidmət Müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı MMC ilə aralarında olan 08.08.2019-cu il tarixli xidmət müqaviləsi etibarsızdır və tərəflər barəsində hər hansı hüquqi nəticə və öhdəlik doğurmur. İddiaçı MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanılan 08.08.2019-cu il tarixli xidmət müqaviləsi tərəflər arasında Mülki Məcəllədə nəzərdə tutulan xidmət müqaviləsinin mahiyyətini təşkil etmir və tərəflərin əsas iradə ifadəsi müqavilə predmeti üzrə xidmətlərin göstərilməsindən ibarət olmamışdır. Belə ki, etibarlılığını mübahisələndirdikləri xidmət müqaviləsinin predmeti ilə eyni predmeti təşkil edən 05.08.2019-cu il tarixində “xxxx” MMC ilə, o cümlədən 09.08.2019-cu il tarixində fiziki şəxs qismində X4 ilə iddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. İstər “xxxx” MMC ilə, istərsə də fiziki şəxs qismində X4 ilə bağlanmış icarə müqavilələrinin predmetini Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin görülməsi üçün dəmir, taxtabənd və iskələlərin quraşdırılması və iş bitəndən sonra sökülməsi təşkil edir. İşin əsas icraçısı fiziki şəxs qismində İsmayılov Rafiqdir. İsmayılov Rafiqlə görüləcək işlərə dair razılaşdılar və müqavilə bağlamalı olduqlarını söylədilər. İsmayılov Rafiq isə cari iddia tələbi üzrə cavabdehin istinad etdiyi müqaviləni göstərərək, bildirmişdir ki, “bu formal müqavilədir və o, fiziki şəxs qismində xidmət göstərir, lakin işlərin rəsmi görünməsi üçün bu şirkətə o, aylıq pul ödəyir ki, onun işlərinə müqavilə bağlasın.” Cəmiyyət həm cavabdeh şirkətlə formal müqaviləni imzaladı, həm də İsmayılov Rafiqlə iki şəxs qismində müqavilə imzaladı və İsmayılov Rafiq özünün briqadası ilə işlərə başladı. Bakı İskələ İnşaat və X4 öz briqadası ilə müqavilə üzrə işlərini icra etdi. 11 oktyabr 2020-ci il tarixində daha əvvəl tanımadıqları və hər hansı işgüzar münasibətləri olmayan bir şəxs cəmiyyətə yaxınlaşdı və özünü “xxxx” MMC-nin direktoru Samir Nəbiyev kimi təqdim etdi və indiyə qədər görmədikləri işlərlə bağlı ödəniş tələb etdi. Onlar bu məsələni İsmayılov Rafiqin dəvəti ilə müzakirə etdilər və X1 və şirkətinin bu işlərdə heç bir rolu olmadığını, formal müqaviləyə görə ona aylıq pul ödədiyini onların yanında söylədi. Cəmiyyət olaraq onlar da cavabdeh cəmiyyətin hər hansı işçisini, hər hansı materialını Atletlər kəndinə daşıdığını, orda iş gördüyünü görməmişlər. Çünki onlarla bağlanan müqavilə formal müqavilə idi və əsas müqavilə üzrə iş fiziki şəxs qismində X4 və xxxx tərəfındən görülürdü. Görülən işlərlə bağlı fiziki şəxs qismində İsmayılof Rafiqə müxtəlif vaxtlar və müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 162482 manat, xxxxyə isə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 59280 manat ödənildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində təsbit edilmişdir ki, “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.” Əqdlərin etibarlı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin :ələblərinə uyğun olmalıdır və aşağıdakı şərtlər sistem halında mövcud olmalıdır: 1. Məzmunun qanuniliyi. 2. Əqdi həyata keçirən hüquqi, fiziki şəxslərin əqddə iştirak etmə qabiliyyətinin olması. 3.İradə və iradənin İfadəsinin vəhdəti 4.Əqdin formasına riayət edilməsi. Bu sadalanan şərtlər tərəflər arasında əqd bağlanarkən sistem halında mövcud olmalıdır. Şərtlərdən birinin qeyrimövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, cari işə münasibətdə isə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan əqd tərəflərin iradəsinə və iradənin ifadəsinə uyğun deyil. Belə ki, hər iki tərəfin həqiqi arzuları və niyyətləri aralarında olan müqavilənin doğuracağı hüquqi nəticəyə uyğun deyil. İddiaçı MMC ilə Cavabdeh Xidmət müqaviləsi imzalamaqla əslində fiziki şəxs qismində İsmayılov Rafiqlə cəmiyyət arasında bağlanan icarə müqaviləsini pərdələmişlər. O cümlədən, İddiaçı MMC ilə aralarında olan xidmət müqaviləsinə 1 saylı əlavədə qeyd edilən “Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü binanın fasadında təmir-bərpa işlərinin görülməsi üçün iskələ-taxtabəndin quraşdırılması və sökülməsi” kimi qeyd edilməsinə baxmayaraq İddiaçı MMC iddiaçıya müqavilə imzalanarkən və ya ondan əvvəl və ya sonra müqavilədə göstərilən həcmdə hər hansı xidmət göstərməmiş, belə bir xidmətin göstərilməsi üçün material və işçi qüvvəsi göndərməmiş, ümumiyyətlə tərəflərindən belə bir xidmət üçün İddiaçı MMC-yə hər hansı tapşırıq olmamışdır. Tərəflər arasında olan müqavilə üzrə İddiaçı MMC üzərinə düşən öhdəliyi icra etməmişdir, çünki müqavilə formal bağlanmışdır və qarşılıqlı iddia üzrə iddiaçının hər hansı xidmətlə bağlı tapşırığı olmamışdır. Tərəflər üçün bu müqavilə hər hansı hüquqi nəticə doğurmadığından cavabdehin də belə bir öhdəliyi olmamışdır. İddiaçı MMC ilə aralarında bağlanan əqd (xidmət müqaviləsi) əslində X4 ilə MMC arasında bağlanan icarə müqaviləsində nəzərdə tutulan işlərin görülməsini pərdələmək niyyəti ilə bağlanmış “Yalan” əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci və 337.1-ci maddəsinə əsasən isə yalan əqd əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır. İddiaçı MMC ilə aralarında xidmət müqaviləsi bağlanan zaman həmin müqaviləyə əlavə göstərilmiş xidmət İddiaçı MMC tərəfindən göstərilməmişdir və belə bir xidmətin göstərilməsi üçün tərəflərindən hər hansı tapşırıq olmamışdır. Sözügedən xidmət fiziki şəxs qismində müqavilə əsasında X4 və onun briqadası tərəfindən göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən 30000 manat məbləğində pulun ödənilməsi ilə bağlı birinci elektron qaimə sistemdə 23.08.2019-cu il tarixdə yerləşdirilmiş və bununla bağlı Cavabdeh MMC tərəfindən heç bir etiraz edilməmiş, yalnız 248744 manat məbləğində pulun ödənilməsi ilə bağlı ikinci elektron qaimə sistemdə 23.08.2019-cu il tarixdə yerləşdiriləndən sonra qarşı tərəf etirazını bildirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələblərinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi (direktor) X7 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələblərinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. S.Nəbiyev əlavə olaraq bildirmişdir ki, o, İddiaçı ilə Cavabdeh arasında 08 avqust 2019-cu il tarixli (iskələ-taxtabənd xidmətlərinin göstərilməsinə dair) xidməti müqaviləni imzalayarkən qarşı tərəfdən müqaviləni imzalayan şirkətin rəhbəri Aqil Quliyevi tanımamış və görməmiş, sözügedən müqaviləni ona X4 təqdim etmiş, Cavabdeh MMC-nin sifarişinə əsasən iskələ-taxtabənd işləri görmüş işçi qüvvə və Rafiq İsmayılov İddiaçı MMC-nin rəsmi işçiləri olmamış, həmçinin sözügedən işləri başlamaq məqsədi ilə Rafiq İsmayılova materialların alınması üçün pulları şirkət deyil, İdris Tağıyev vermişdir. Həmçinin o, izahatında mübahisəli müqavilənin imzalanmasından əvvəl İddiaçı MMC-nin ümumiyyətlə iskələ-taxtabənd işləri ilə məşğul olmadığını və həmin xidmətin onların fəaliyyət istiqamətinə aid olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndə və vəkilləri Vəkil2 və Vəkil3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, İsa adlı şəxsin vasitəsi ilə Cavabdeh MMC-ni tanımış, həmin şirkət ona Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin aparılması üçün iskələlərin quraşdırılması və sökülməsi işlərin görülməsini təklif edilmiş, lakin onun fiziki şəxs kimi fəalliyət göstərdiyi üçün müqavilənin rəsmiləşdirilməsi təklif olunmuşdur. Bu məqsədlə İddiaçı MMC-nin qanuni təsisçisi Samir Nəbiyevə müraciət edərək 3 ay ərzində hər ay 1000 manat pul ödəmək şərtilə formal müqavilənin bağlanmasını sonuncuya təklif etmiş, Samir Nəbiyev bu təkliflə razılaşaraq təqdim etdiyi müqaviləni imzalayıb möhürləmişdir. Daha sonra o, iskələlərin quraşdırılması və sökülməsi işlərin görülməsi məqsədi ilə öz briqadası ilə işlərə başlamış, görülən işlərə görə pullar ona Eldəniz Dadaşov tərəfindən nəğd şəkildə ödənilmişdir. Samir Nəbiyev bu işlərin aparılmasında materialların alınması, işçilərin əmək haqqların ödənilməsi ilə bağlı pul verməyib, İddiaçı MMC-nin bu işdə heç bir fəaliyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, Cavabdeh MMC-də mühəndis işləyir. Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin aparılması üçün iskələlərin quraşdırılması və sökülməsi işlərin görülməsi üçün Rafiq İsmayılova təklif edilmiş, lakin sonuncu fiziki şəxs olduğundan ona sözügedən işin görülməsi üçün müqavilənin rəsmiləşdirilməsi təklif edilmiş və müqavilə ona təqdim edilmişdir. Rafiq İsmayılov müqaviləni geri qaytaranda ona məlum olmuşdur ki, iş icraçısı kimi İddiaçı MMC çıxış edir. Daha sonra Rafiq İsmayılov ona müraciət edərək, birbaşa onunla müqavilənin bağlanılmasını, İddiaçı MMC ilə olan müqavilənin formal olduğunu bildirdiyindən, müqavilə birbaşa Rafiq İsmayılov ilə bağlanmış və görülən işlərə görə pullar nəğd şəkildə sonuncuya ödənilmiş, müqavilə rəsmiləşdirilərkən İddiaçı MMC-nin direktoru Samir Nəbiyevi tanımamış, danışıqlar birbaşa Rafiq İsmayılov ilə aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, 30000 manatlıq birinci elektron qaimə mexaniki səhv olaraq qəbul olunmuş, daha sonra bununla bağlı pretenziya məktubu göndərilmiş, İddiaçı MMC ilə heç bir rəsmi iş birliyi olmadığı üçün Samir Nəbiyevin göndərdiyi təhvil-təslim aktı Cavabdeh MMC tərəfindən qəbul edilməmişdir. X11 işləri tam görmədiyinə və işçilərin əmək haqları tam həcmdə ödəmədiyinə görə Cavabdeh MMC işlərin tamamlanması üçün yeni müqavilə bağlamış və işçilərin ödənilməyən əmək haqlarını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin aparılması üçün iskələlərin quraşdırılması və sökülməsi işlərin görülməsi üçün Cavabdeh MMC Rafiq İsmayılova 240000 manat həcmdə olan sifariş vermiş, sonuncunun bu sifarişdə şərik olmaqla bağlı təklifi tərəfindən qəbul edildiyindən işə başlamaq məqsədi ilə Rafiq İsmayılova 40000 manat borc taparaq vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08 avqust 2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı - İddiaçı MMC iskələ-taxtabənd xidmətləri göstərir, sifarişçi - Cavabdeh MMC isə göstərilən xidmətlərin müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqını ödəyir. Göstərilən xidmətlərin həcmi bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyənləşdirilir. Həmin müqavilənin: 3.2.1-ci bəndinə əsasən ödənişlər icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. 3.2.2-ci bəndinə əsasən xidmətin dəyəri 240000 manat (ƏDV-siz) təşkil edəcək. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlər 4 (dörd) ay müddətində həyata keçirilməlidir. 08.08.2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı əlavədən görünür ki, icraçı - İddiaçı MMC sifarişçi - “xxxx” MMC-nin tapşırığına əsasən aşağıdakı xidmətləri göstərməyi öz öhdəsinə götürür: “Bakı şəhəri, H.Əliyev prospekti 117 ünvanında yerləşən “Atletlər kəndi” 4-cü binanın fasatında təmir-bərpa işlərinin görülməsi üçün iskələ-taxtabəndin (scaffold) quraşdırılması və sökülməsi işləri”. 05.08.2019-cu il və 09.08.2019-cu il tarixli icarə müqavilələrindən və 01.09.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, müvafiq olaraq 05.08.2019-cu il tarixində “xxxx” MMC ilə, o cümlədən 09.08.2019-cu il tarixində fiziki şəxs qismində X4 ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmışdır. İstər “xxxx” MMC ilə, istərsə də fiziki şəxs qismində X4 ilə bağlanmış icarə müqavilələrinin predmetini Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin görülməsi üçün dəmir, taxtabənd və iskələlərin quraşdırılması və iş bitəndən sonra sökülməsi təşkil edir. İddiaçı MMC tərəfindən verilən 23.08.2019-cu il tarixli, EAAY seriyalı, 869459 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumi dəyəri 30000 manat məbləğində alıcı Cavabdeh MMC-yə iskələlərin quraşdırılması işlərini görmüş, xidmətlərini göstərmişdır. İddiaçı MMC tərəfindən verilən 07.01.2020-ci il tarixli, EBAE seriyalı, 579114 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumi dəyəri 248744 manat məbləğində alıcı Cavabdeh MMC-yə iskələlərin quraşdırılması işlərini görmüş, xidmətlərini göstərmişdır. Kassa məxaric orderlərindən görünür ki, 2019-cu ilin avqust-oktyabr aylarında “Atletlər kəndi” 4-cü binada ayaqaltıların, dəmir taxtabənd və iskələrin quraşdırılması yerinə yetirləcək podrat işlərinə görə X3 müxtəlif məbləğlərdə avans ödənişi kimi pul vəsaitləri verilmişdir. 14 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, İddiaçı MMC-nin direktoru X7 tərəfindən tamah niyyəti ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü binanın inşasında guya rəhbərlik etdiyi cəmiyyət tərəfindən taxtabənd və scaffold (isgələ) işlərinin görülməsi barədə informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Nizami rayon prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət işi üzrə aparılmış ilkin araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, əsas işi skaffold yəni, taxtabənd işini görməkdən ibarətdir, Eldəniz Dadaşovu və Samir Nəbiyevi əvvəllər tanımamış, hər ikisi ilə 2019-cu il tarixdə tanımış, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 08.08.2019-cu il tarixli xidmət müqaviləsini Samir Nəbiyev və Aqil Quliyev imzalamışdır. Lakin, müqavilədəki yazılan hər şeyi onunla Eldəniz Dadaşov razılaşdırmışdır. O Samiri bu işə hüquqi şirkət onun adına olduğuna görə cəlb etmiş, Samirin və şirkətin həmin işə heç bir aidiyyəti yoxdur. Kassa məxaric orderlərindəki imzalar ona məxsusdur. Həmin kassa məxaric orderləri onun Cavabdeh MMC şirkətindən aldığı pullar barəsindədir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC Bakı şəhər Heydər Əliyev prospektində yerləşən “Atletlər kəndi” 4-cü bina fasadında təmir işlərinin aparılması üçün iskələlərin quraşdırılması və sökülməsi işlərin görülməsi ilə bağlı Rafiq İsmayılovla razılıq əldə etmiş, lakin sonuncunun fiziki şəxs olması əsası ilə hüququ şəxs ilə müqavilənin rəsmiləşdirilməsi təklif edilmiş və sifarişi qəbul edən Rafiq İsmayılov 08.08.2019-cu il tarixli müqaviləni İddiaçı MMC-nin direktoru Samir Nəbiyevə imzalatdırmış, halbuki mübahisəli müqavilənin imzalanmasından əvvəl İddiaçı MMC ümumiyyətlə iskələ-taxtabənd işləri ilə məşğul olmamış və həmin xidmət onların fəaliyyət istiqamətinə aid olmamışdır. Lakin sonradan həmin müqavilənin əvəzinə sifarişçi ilə içraçı Rafiq İsmayılov arasında yeni müqavilə bağlanmışdır. Həmçinin məhkəmə gedişatında müəyyən edilmişdir ki, iskələ işləri İddiaçı MMC-nin rəsmi işçisi olmayan Rafiq İsmayılovun briqadası tərəfindən icra edilmiş, həmin işçilər sonuncu tərəfindən həmin işləri görmək üçün dəvət edilməklə yanaşı İddiaçı MMC-nin işçiləri olmamış, əmək haqlarının bir qismini Rafiq İsmayılov, digər hissəsini isə Cavabdeh MMC ödəmiş, sözügedən sifarişlə bağlı İddiaçı MMC tərəfindən hər hansı işlərin görülməsi, materialların alınması və əmək haqların ödənilməsi ilə bağlı pulların ayırması ilə əlaqədar heç bir mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi əvvəllər iskələ-taxtabənd işləri görməyən İddiaçı MMC mübahisəli müqavilənin icrasında fəaliyyətsiz olmuş, belə ki, iskələ işləri görən işçilərin heç biri İddiaçı MMC-nin rəsmi əməkdaşı olmamış, onlara həmin şirkət tərəfindən əmək haqqı ödənilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 08.08.2019-cu il tarixli müqavilə Rafiq İsmayılov ilə Cavabdeh MMC arasında bağlanmış əqdi pərdələmək məqsədi ilə bağlandığına görə yalan əqd olmaqla əhəmiyyətsizdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 08.08.2019-cu il tarixli “Xidmət Müqaviləsi və müqaviləyə 1 saylı əlavə yalan əqd olduğundan İlkin iddia üzrə İddiaçı MMC-nin İlkin iddia üzrə Cavabdeh MMC-dən 08.08.2019-cu il tarixli (iskələ-taxtabənd xidmətlərinin göstərilməsinə dair) xidməti müqaviləyə əsasən 240000 manat məbləğində borcu tələbi rədd edilməli, qarşılıqlı iddia təmin edilərək Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 08.08.2019-cu il tarixli “Xidmət Müqavilə" və müqaviləyə 1 saylı əlavə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-dən 08.08.2019-cu il tarixli (iskələ-taxtabənd xidmətlərinin göstərilməsinə dair) xidməti müqaviləyə əsasən 240000 manat məbləğində borc tələbi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan 08.08.2019-cu il tarixli “Xidmət Müqavilə" və müqaviləyə 1 saylı əlavə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar