Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1110/2020 29.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Mamedov Vilayət Rustam oğlunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Mamedov Vilayət Rustam oğlu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” MMC “Birləşmiş Ərəb Əmirlikləri, Dubay, P.O.Box 95901 Shaikha Mhara – AlQusais BLDGoffice 213” ünvanında yerləşdiyindən və həmin hüquqi şəxsin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olmasına, Azərbaycan Respublikasının ərazisində əmlaka malik olmasına dair sənədlər təqdim olunmadığına görə Bakı Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli, e-2-2(113)-1727/2020 saylı qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Qasımov Məmməd Vaqif oğlu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 may 2020-ci il tarixli, e-2-2(113)- 1727/2020 saylı qərardadına əsasən şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)- 320/2020 saylı qərardadına əsasən şikayət qismən təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli, e-2-2(113)-1727/2020 saylı qərardadı ləğv edilərək, iddianın mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)- 320/2020 saylı qərardadı onunla əsaslandırılmışdır ki, “... iddianın Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkünlüyünün əsasını MPM-nin 440.1ci maddəsi təşkil edir. ... Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyytə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məcəllənin qeyd olunan imperativ tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri kommersiya mübahisələri üzrə işə o halda baxmağa səlahiyyətlidir ki, tərəflərdən biri olan xarici hüquqi şəxsin, ən azından, Azərbaycan Respublikasında olduğu yer və adətən gəldiyi yer mövcud olsun. Lakin iş materiallarından görünür ki, cavabdeh xarici hüquqi şəxs «xxxx» MMC-nin qanunun qeyd olunan imperativ tələbinə müvafiq olaraq Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil, daha konkret, belə sənəd-sübut iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda, hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkün deyildir. MPM-in 153.2.1-ci maddəsinin tələbindən isə nəzərədə tutulur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə onu qəbul etməkdən imtina edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)- 320/2020 saylı qərardadı ilə belə nəticəyə gəlmişdir ki, cavabdeh xarici hüquqi şəxs «xxxx» MMC-nin qanunun qeyd olunan imperativ tələbinə müvafiq olaraq Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud olmadığına, bu barədə sübut iddia ərizəsinə əlavə olunmadığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkün deyildir və buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Lakin iddia ərizəsinin məzmunundan və əlavə olunmuş sənədlərdən görünür ki, qeyd olunan hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Mamedov Vilayət Rustam oğlunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mamedov Vilayət Rustam oğluna qaytarılsın. Mamedov Vilayət Rustam oğluna izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yerin mövcud olması ilə bağlı sübutların təqdim olunduğu təqdirdə mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilər, belə sübutların olmadığı təqdirdə hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1110/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1110/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver