Məhkəmə qərarları › İş №e-2-2(113)-1110/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1110/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1110/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 19075,02 manat əsas borcun, 2000 manat cərimə məbləğinin və ödənilmiş 155 manat dövlət rüsumunun, 400 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 17 mart 2021-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı müvafiq əlavələrdə (X1) göstərilmiş malları (bitki mühafizə vasitələrini) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edib həmin müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, 30 mart 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək olan dövr ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 57075,02 manat dəyərində mal tədarük edilmişdir. 2.2. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Belə ki, ümumilikdə dəyəri 57075,02 manat təşkil etmiş malların məbləğindən cəmi 38000 manat ödəniş edilmiş, 19075,02 manat qalıq borc isə bu vaxtadək ödənilməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin xəbərdarlıqlara hər hansı münasibət bildirməmiş və borcu ödəməmişdir. Şifahi və yazılı xəbərdarlıqlardan əlavə, borcun ödənilməsi barədə cavabdehə elektron qaydada vergi kargüzarlığı vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və elektron poçtuna çatdırılmışdır. 2.3. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 0,1% məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. Bununla yanaşı, iddiaçı ilə “Verdiktum” vəkil bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli 427 saylı müqaviləyə əsasən, hüquqi yardımın göstərilməsi üçün büroya 400 manat, iddianın verilməsi üçün isə 155 manat dövlət rüsumu ödənilmişdir. Odur ki cavabdehdən 19075,02 manat əsas borc, alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən 2000 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün 400 manat, iddianın verilməsi üçün 155 manat dövlət rüsumu olmaqla cəmi 21630,02 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 465.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, 45239,64 manat dəyərində mal təhvil-təslim aktların əsasında, qalan mallar isə elektron qaimələr vasitəsilə təqdim edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli iki elektron qaimə vasitəsilə ona təqdim edilən malların bir hissəsini iddiaçıya qaytarılmışdır.

7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı) qismində arasında bağlanmış 17 mart 2021-ci il tarixli 01/03 nömrəli müqavilənin şərtlərindən görünür ki, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Bu müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki Tərəfdən imza və möhürlə rəsmiləşdirilən Alış sifarişi ilə edilir və hər bir sifariş üzrə Malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X1 müəyyənləşdirilir (1.2). Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan manatı ilə həyata keçirilir (3.1). Mala görə ödəniş Alıcı tərəfindən hesab-faktura və ya elektron qaimə faktura əsasən X1 qeyd olunan müddətdə həyata keçirilir (3.2). Hazırkı Müqaviləyə əsasən Mala görə ödəniş tarixi kimi ödəniş məbləği Satıcının hesablaşma hesabına köçürüldüyü (və ya nağd şəkildə ödənildiyi) tarix hesab olunur (3.3).

12. Həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokollarından görünür ki, 17 mart 2021-ci il tarixli 01 saylı əlavə ilə 1947 manat, 30 mart 2021-ci il tarixli 02 saylı əlavə ilə 1704 manat, 05 aprel 2021-ci il tarixli 03 saylı əlavə ilə 10061,64 manat, 09 aprel 2021-ci il tarixli 04 saylı əlavə ilə 2216,4 manat, 21 aprel 2021-ci il tarixli 05 saylı əlavə ilə 6169,6 manat, 22 aprel 2021-ci il tarixli 06 saylı əlavə ilə 6022 manat, 17 may 2021-ci il tarixli 07 saylı əlavə ilə 5000 manat, 24 may 2021-ci il tarixli 08 saylı əlavə ilə 11939 manat dəyərində malın qablaşdırma həcmi, miqdarı, qiymət razılaşdırılmış, protokol imzalandıqdan və elektron qaimə göndərildikdən 7 iş günü ərzində malların təhvil verilməsi razılaşdırılmışdır.

13. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş təhviltəslim aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli aktla 1947 manat, xx.xx.2021-ci il tarixli aktla 1704 manat, xx.xx.2021-ci il tarixli aktla 10061,64 manat, xx.xx.2021-ci il tarixli aktla 2216,4 manat, xx.xx.2021-ci il tarixli aktla 6169,6 manat, xx.xx.2021-ci il tarixli aktla 6022 manat, xx.xx.2021-ci il tarixli aktla 5000 manat, xx.xx.2021-ci il tarixli aktla 11939 manat olmaqla ümumilikdə 45059,64 manat dəyərində mal cavabdehə təhvil verilmişdir.

14. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2021-ci il tarixli EBAZ 382474 seriya və nömrəli elektron qaimə 1947 manat, xx.xx.2021-ci il tarixli EBAZ 427330 seriya və nömrəli elektron qaimə 1704 manat, xx.xx.2021-ci il tarixli EBAZ 748656 seriya və nömrəli elektron qaimə 10061,64 manat, xx.xx.2021-ci il tarixli EBAZ 927593 seriya və nömrəli elektron qaimə 2216,4 manat, xx.xx.2021-ci il tarixli EBBA 459873 seriya və nömrəli elektron qaimə 6169,6 manat, xx.xx.2021-ci il tarixli EBBA 593672 seriya və nömrəli elektron qaimə 6022 manat, xx.xx.2021-ci il tarixli EBBB 773199 seriya və nömrəli elektron qaimə 5000 manat, xx.xx.2021-ci il tarixli EBBC 191651 seriya və nömrəli elektron qaimə 11939 manat, xx.xx.2021-ci il tarixli EBBD 667485 seriya və nömrəli elektron qaimə 570 manat, xx.xx.2021-ci il tarixli EBBE 511883 seriya və nömrəli elektron qaimə 5037,88 manat, xx.xx.2021-ci il tarixli EBBE 856411 seriya və nömrəli elektron qaimə 1480 manat, xx.xx.2021-ci il tarixli EBBF 648711 seriya və nömrəli elektron qaimə 885 manat, xx.xx.2021-ci il tarixli EBBH 854617 seriya və nömrəli elektron qaimə 329,25 manat, xx.xx.2021-ci il tarixli EBBL 700267 seriya və nömrəli elektron qaimə 950 manat, xx.xx.2021-ci il tarixli EBBN 339373 seriya və nömrəli elektron qaimə 3900 manat olmaqla ümumilikdə 58211,77 manat dəyərində malın verilməsi üçün təqdim edilmiş, həmin mallardan xx.xx.2021-ci il tarixli EBBO 924719, EBBO 924551 və EBBO 924377 seriya və nömrəli elektron qaimələr əsasında cəmi 1136,75 manat dəyərində mal qaytarılmışdır.

15. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli EBAZ 748656, xx.xx.2021-ci il tarixli EBAZ 927593, xx.xx.2021-ci il tarixli EBBA 459873 və xx.xx.2021-ci il tarixli EBBA 593672 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmiş, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

16. Məhkəməyə təqdim edilən iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBAZ 748656 seriya və nömrəli elektron qaiməyə istinad etməklə 5000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBAZ 748656 seriya və nömrəli elektron qaimə istinad etməklə 5000 manat, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli EBAZ 748656 seriya və nömrəli elektron qaiməyə istinad etməklə 5000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 3700 manat, xx.xx.2021-ci il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat olmaqla ümumilikdə 38000 manat ödəniş edilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 17 mart 2021-ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları cavabehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul edib əvəzində dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 58211,77 manat dəyərində mal təqdim edilmiş, həmin malların 45059,64 manatlıq hissəsinin verilməsi təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş, bütün malların verilməsi ilə bağlı isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək elektron qaimələr cavabdehə göndərilmişdir. Təhvil verilmiş mallardan 1136,75 manatlıq hissəsi geri qaytarılmış, cavabdeh tərəfindən cəmi 38000 manat ödəniş edilmişdir.

18. İddiaçı 17 mart 2021-ci il tarixli 01/03 nömrəli müqavilə üzrə malların dəyəri olan 19075,02 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 17 mart 2021-ci il tarixli 01/03 nömrəli alqı-satqı müqaviləsi üzrə 19075,02 manat (verilən malların ümumi dəyəri: 58211,77 manat – qaytarılan malların ümumi dəyəri: 1136,75 manat – ödənişlərin cəmi: 38000 manat) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

35. İddia ərizəsində iddiaçı həmçinin 2000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

36. 17 mart 2021-ci il tarixli 01/03 nömrəli müqavilənin 4.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində Satıcıya dəbbə pulu ödəyir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

40. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilməsinə baxmayaraq, iddiaçı da xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

41. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 950 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

42. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 950 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı eyni zamanda ödənilmiş 155 manat dövlət rüsumunun, 400 manat hüquqi yardım xərcinin tutulmasını tələb edir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********38 nömrəli mədaxil qəbzi ilə 155 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

45. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 400 manat məbləğində pul iddiaçı tərəfindən köçürülmüşdür (xx.xx.2024-cü il tarixli ******* nömrəli order).

46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

48. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

49. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 400 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

50. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

51. İş materialları ilə müəyyən olunur ki, müvafiq məbləğin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

52. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 19075,02 manat əsas borc, 950 manat məbləğində cərimə olmaqla ümumilikdə 20025,02 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar