Məhkəmə qərarları › İş №e-2-2(113)-1113/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1113/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1113/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013cü il tarixli GSM müqaviləsinə əsasən 1977,86 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2007,86 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli GSM müqaviləsinə əsasən sonuncu cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi üzrə 1977,86 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı iddiaya etiraz verərək, bildirmişdir ki, xx.xx.2014-cü il tarixində Cavabdehnin Azərbaycan Respublikasındakı filialı öz istifadəsində olan mobil GSM nömrələrini “xxxx” mobil operatoruna daşıyaraq sonuncunun rabitə xidmətlərinə qoşulmuş və bu səbəbdən həmin tarixdən İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə etməyi dayandırmışdır. Bu fakt, iddia edilən 1977,86 manat məbləğin 2014-cü ilin aprel ayı ərzində yaxud ondan əvvəlki dövrlərdə göstərilmiş rabitə xidmətləri üçün hesablandığını təsdiq edir. Lakin iddiaçı tərəfindən məhkəməyə yazılı sübutlar qismində təqdim olunmuş sənədlərin hər hansı birində 1977,86 manat təşkil edən qalıq borcun hansı dövrdə yarandığı, hansı xidmət növləri üzrə hesablandığı (zənglər, SMS, data, abunə haqqı və s.), həmin borcun cavabdehin hansı nömrələrinə nə qədər miqdarda aid olması kimi zəruri məlumatlar öz əksini tapmamışdır. Fakturanın məzmunundan görünür ki, cavabdeh iddiaçının hər hansı növ rabitə xidmətindən istifadə etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fakturada rabitə xidmətinin bütün növləri üzrə hesablanmış məbləğ “0.00” manat göstərilmişdir. Bununla belə, həmin fakturada 1977,86 manat təşkil edən qalıq borcun açıqlaması kimi “Faktura müddətinin ilk gününə qalıq borc/balans” ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı qalıq borcun yarandığını tarixi və mənbələri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, “77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. İnsan Haqları üzrə Avropa Məhkəməsinin “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmarıti, non negarıti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı x xxxx 2008-ci il tarixli qərarında sübutların qiymətləndirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Yuxarıda qeyd olunanlara istinad edərək hesab edirlər ki, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə iddiası tamamilə əsassızdır. Bundan əlavə, iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq, tərəflərindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur. Qeyd olunanların nəzərə alınması xahiş edilmişidr. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi, vəkili X3 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, tərəflər arasında abunə müqaviləsinə əsaslanan mülki-hüquq münasibətləri 2013-cü ilin avqust ayında əmələ gəlmiş (rabitə xidmətlərinin göstərildiyi dövrün başlanğıcı) və 2014-cü ilin aprel ayında, abunəçinin istifadəsində olan GSM nömrələrinin “xxxx” mobil operatoruna daşınması ilə əlaqədar başa çatmışdır. Abunə Müqaviləsinin 5.2-ci maddəsinə əsasən, “hesab faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur.” Göründüyü kimi, əgər cavabdeh 2014-cü ilin aprel ayına qədər istifadə etdiyi rabitə xidmətlərinin dəyərinin hər hansı qismini ödəməmişdirsə, iddia müddətinin axımı məhz iddiaçının müvafiq tələbi irəli sürmək hüququnun əmələ gəldiyi andan başlamışdır. İddia tələbinin yarana biləcəyi ehtimal olunan dövrdən isə 7 ilə yaxın müddət keçmişdir. Bu səbəbdən AR Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1 və 377.3-cü maddələrinə istinad edərək, İddiaçı iddiası üzrə AR Mülki Məcəlləsinin 375.2-ci maddəsində nəzərdə tutuımuş qaydada iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də İddiaçı MMC-nin nümayındəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2013-cü il tarixli abunə müqaviləsindən görünür ki, İddiaçı MMC abunəçini - Cavabdehnin Azərbaycan Respublikasındakı Filialını nömrə ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, abunəçi - Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı isə öz növbəsində bu müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərin istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. xx.xx.2014-cü il tarixli, 1988 nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, “xxxx” MMC kooperativ abunəçiyə - Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına mobil rabitə xidmətləri göstərir, kooperativ abunəçi - Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan kooperativ tarif planı əsasında xidmət haqqını vaxtıvaxtında ödənilməsini təmin edir. xx.xx.2014-cü il tarixli, 1988 nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı əlavədən görünür ki, +99470 ilə başlayan digər operatorun (Nar mobile, İddiaçı MMC) telekommunikasiya şəbəkəsinin əhatə dairəsində olan 101 ədəd müxtəlif nömrələr xxxx MMC tərəfindən rabitə xidmətləri göstərilir. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli, **********02448388 nömrəli hesab fakturadan görünür ki, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının fakturanın müddəti xx.xx.2020-xx.xx.2020-ci il, ödəniləcək məbləğin son ödəmə tarixi xx.xx.2020-ci il olmaqla faktura müddətinin ilk gününə qalıq borc 1977,86 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, M-05/01.21 nömrəli məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına ünvanlanan xx.xx.2020-ci il tarixli, **********02448388 nömrəli hesab fakturada əks olunan 1977,86 manat qalıq borcun mənbəyi və dövrü, o cümlədən: - borcun aid olduğu mobil nömrələrin siyahısı; - hər bir mobil nömrə üzrə borcun əhatə etdiyi dövrlər; - hər bir mobil nömrə üzrə istifadə olunmuş mobil rabitə xidmətlərinin növləri (danışıqlar, SMS-lər, internet rabitəsi və sair), onların tarifləri və hesablanmış məbləğləri barədə təfərrüatlı məlumatın təqdim edilməsi İddiaçı MMC-dən xahiş edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, 2013-cü ildə İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında rabitə xidmətlərinin göstərilməsi barədə abunə müqaviləsi bağlanmış, sonradan xx.xx.2014-cü il tarixdə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı +99470 ilə başlayan digər operatorun (Nar mobile, İddiaçı MMC) telekommunikasiya şəbəkəsinin əhatə dairəsində olan 101 ədəd müxtəlif nömrələr ilə bağlı mobil rabitə xidmətlərinin göstərilməsi üçün xxxx MMC ilə müqavilə bağlamaqla razılığa gəlmiş və həmin nömrələr mobil xidməti göstərən mobil operatoru İddiaçı MMC-nin telekommunikasiya şəbəkəsindən çıxarılaraq, digər mobil operatoru xxxx MMC-nin telekommunikasiya şəbəkəsinə daşınmışdır (keçirilmişdir). Göründüyü kimi İddiaçı MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üçün şəbəkəsində olmayan telefon nömrələrinə rabitə xidmətlərinin göstərilməsi ilə bağlı Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından 1977,86 manat pulun tələb edilməsi ilə bağlı iddiası əsassızdır və həmin tələb rədd edilməlidir. Əvvəla ona görə ki, həmin dövrdə (xx.xx.2020-xx.xx.2020) Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının istifadə etdiyi nömrələr İddiaçı MMC-nin rabitə xidmətlərindən deyil, xxxx MMC-nin rabitə xidmətlərindən istifadəsində olmuşdur. İkincisi həmin 1977,86 manat borc İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına göstərilən mobil rabitə xidmətlərə görə yaransa belə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin hər hansı birində 1977,86 manat təşkil edən qalıq borcun hansı dövrdə yarandığı, hansı xidmət növləri üzrə hesablandığı (zənglər, SMS, data, abunə haqqı və s.), həmin borcun cavabdehin hansı nömrələrinə nə qədər miqdarda aid olması kimi zəruri məlumatlar öz əksini tapmamış və bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Üçüncüsü isə fərz etsək ki, cavabdeh 2014-cü ilin aprel ayına qədər istifadə etdiyi rabitə xidmətlərinin dəyərinin hər hansı qismini ödəməmişdirsə, iddia müddətinin axımı məhz iddiaçının müvafiq tələbi irəli sürmək hüququnun əmələ gəldiyi andan başlamışdır. Buna baxmayaraq, İddiaçı MMC həmin borc ödənişini tələb edilməsini 2014-cü ilin aprel ayından bildiyi halda bununla bağlı məhkəməyə xx.xx.2021-cu il tarixdə müraciət etmiş və 3 (üç) illik iddia müddətini ötürmüş, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2013-cü il tarixli GSM müqaviləsinə əsasən 1977,86 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2007,86 manat pulun tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2013-cü il tarixli GSM müqaviləsinə əsasən 1977,86 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2007,86 manat pulun tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar