Məhkəmə qərarları › İş №e-2-2(113)-1113/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1113/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1113/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MN 21-02-04 nömrəli malların istehsalı və təchiz edilməsinə dair müqavilə üzrə ödənilmiş olan 463.737,11 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, MN 21-02-04 saylı malların istehsalı və təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Həmin “Müqavilə”-yə əsasən malların təchiz edilməsinin əvəzi olaraq cavabdehin hesabına ümumilikdə 1.092.796,73 manat məbləğində vəsait ödənilmişdir. İddiaçının müraciətinə əsasən, "xxxx" MMC və Next-Audit Konsaltinq MMC tərəfindən malların, tikinti quraşdırma işlərinin və cavabdehlə hesablaşmalarının vəziyyəti ilə əlaqədar qiymətləndirmə ekspertizası və audit keçirilmişdir. Ekspert tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 27/E nömrəli qiymətləndirmə aktına və Auditor tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, NAK-R-№016 nömrəli Auditor rəyinə əsasən, cavabdehin həyata keçirdiyi işlərin “Müqavilə”də nəzərdə tutulan öhdəliklərlə uyğun olmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən alınmış malların və görülmüş işlərin ümumi dəyəri 642.470 manat, Next-Audit Konsaltinq MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, NAK-R-№016 nömrəli Auditor rəyinə əsasən isə qaytarılmalı olan məbləğ 463.737,11 manat təşkil edir.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 442, 445.8-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi:

7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında MN-21-02-04 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.3cü bəndinə əsasən təchizatçı Əlavə A-da təfərrüatlı şəkildə verilmiş malları istehsal etmək və təchiz etmək öhdəliyi götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə 28 aprel 2021-ci il tarixində qüvvəyə minir və 28 aprel 2022-ci il tarixində başa çatır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən təchizatın əhatə dairəsi Əlavə A-da, xidmət haqqı isə Əlavə B-də əks olunur.

8. Əlavə A.2 və onun 1,2,3 nömrəli qoşmalarında verilməli olan malların və görülməli olan işlərin siyahısı əks olunmuşdur.

9. Əlavə B.2-də verilməli olan malların və görülməli olan işlərin dəyəri 594.888,7 ABŞ dolları, Əlavə B.3-də isə verilməli olan malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir.

10. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, yekun olaraq iddiaçı tərəfindən cavabdehə 1.011.310,79 manat məbləğində pul ödənilmişdir.

V. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarı: - “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.”.

VI. Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

12. Tərəflər arasında imzalanmış müqavilənin məzmunundan və tərəflər arasında olan işgüzar münasibətlərdən görünür ki, tərəflər arasında podrat münasibətləri yaranmışdır. Belə ki, müqavilənin predmetinin məhz nədən ibarət olması məhkəmə iclasında aydınlaşdırılmış və hər iki tərəf müqavilənin predmetinin-görülməli olan işin-tütün qurutma müəssisəsinin hazır edilməsindən ibarət olduğunu bildirmişlər. Müqavilənin predmeti tütün qurutma müəssisəsinin hazır edilməsindən ibarət olduğundan məhkəmə hesab edir ki, mübahisənin həll edilməsi üçün Mülki Məcəllənin podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir.

13. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilə üzrə razılaşdırılmış işlərin görüldüyünü qeyd etsə də, ancaq həmin işlərin dəyərinin məhz razılaşdırılmış 1.011.310,79 manat deyil, daha az olmalı olduğunu qeyd edir və buna sübut kimi, işə "xxxx" MMC və Next-Audit Konsaltinq MMC tərəfindən verilmiş rəyləri əlavə etmişdir.

14. İş materiallarına əlavə edilmiş 2021-ci ili iyun, iyul ayları üçün kənd təsərrüfat təyinatlı tütünquruducu avadanlıqların istehsalının qəbulu haqqında aktlara əsasən 511.387,56 manat, 83.340 manat, 339.231,28 manat, 60.090,80 manat, 17.262,43 manat, ümumilikdə 1.011.312,07 manat məbləğində işlərin görülməsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı tərəfindən qəbul aktlarındakı imzanın onlara aid olması mübahisələndirilmiş, iddiaçı məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti rədd edilmişdir.

16. Qeyd edilməlidir ki, iddiaçı tərəf müqavilədəki imzanın iddiaçıya məxsus olmamasını inandıra bilməmişdir. Belə ki, aktlarda iddiaçı hüquqi şəxsin möhürünün olması məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı zərurəti istisna etmişdir.

17. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülməli olan işlərin dəyəri hər iki tərəfin razılığı ilə 1.011.310,79 manat məbləğində müəyyən edilmiş və qeyd edilmiş işlərin qəbul edilməsinə dair də, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları imzalanmışdır.

18. Qeyd olunan hallar isə onu deməyə əsas verir ki, tərəflər arasında razılaşdırılmış işlər görülmüş və görülmüş işlərə görə də, pul ödənilmişdir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VII. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar