Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1114/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18632,97 manat borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 3726,59 manat və məhkəmə xərcləri üçün ödənilmiş 133 manat, cəmi 22492,57 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 18 mart 2024-cü il tarixli 24-037 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli EBEA 751020 saylı, xx.xx.2024-cü il tarixli MT2403 00410176 saylı, xx.xx.2024-cü il tarixli MT2404 00602689 saylı, xx.xx.2024-cü il tarixli MT2404 00807485 saylı, xx.xx.2024-cü il tarixli MT2405 10037119 saylı və xx.xx.2024-cü il tarixli MT2405 11361363 saylı e-qaimələrə əsasən cəmi 21941,37 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmış, onlardan 5 ədəd e-qaimə üzrə 3308,39 manat sadəcə ƏDV dəyəri ödənilmiş lakin sonuncu e-qaimə üzrə ƏDV və malların dəyəri olmaqla cəmi 18632,97 manat indiyədək ödənilməmişdir. Müqavilənin 5-ci maddəsinə əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq yaranmış 18632,97 manat borc məbləği ödənilməmişdir. Eyni zamanda müqavilənin 8.4-cü maddəsinə əsasən “malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 3726,59 manat əlavə dəbbə pulu ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həziyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 24- 037 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə görə malın qiyməti, təhvil verilmə müdddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Əgər qiymətlərin razılaşdırılması protokolu tərtib edilməzsə və ya nəzərdə tutulmuş malın qiyməti alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir.
9. Müqavilənin 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEA 751020 nömrəli 20470,26 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2403 00410176 nömrəli 766,764 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00602689 nömrəli 248,508 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00807485 nömrəli 38,232 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 10037119 nömrəli 164,61 manat məbləğində və xx.xx.2024-cü il tarixli MT2405 11361363 nömrəli 252,992 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
11. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarına görə 20470,26 manat və 766,76 manat, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına görə 248,51 manat, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına görə 38,23 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. 27.05.2024-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 3308,39 manat məbləğində (EBEA 751020, MT2403 00410176, MT2404 00602689, MT2404 00807485, MT2405 10037119 nömrəli qaimələrə əsasən ƏDV ödənişi) ödəniş edilmişdir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında balanmış xx.xx.2024-cü il tarixli, 24-037 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqaviləyə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 21941,38 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində yalnız 3308,39 manat ödəniş etmiş, qalıq 18632,98 manat borcu ödəməmişdir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 18632,97 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 3726,59 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 900 manat məbləğində müəyyən edilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18632,97 manat əsas borc və 900 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 139,60 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,48 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18632,97 manat əsas borc, 900 manat dəbbə pulu, 139,60 manat dövlət rüsumu, ümumilikdə 19672,57 (on doqquz min altı yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 17,48 (on yeddi manat qırx səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova