Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1115/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, qarışıq müqavilə, sərnişin daşınması və yük daşınması, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 381,6 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 18,78 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1520C saylı müqaviləsinin 1-ci bəndinə əsasən, cavabdehin sifarişi əsasında iddiaçı cavabdehin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, cavabdeh isə öz növbəsində bunun müqabilində iddiaçıya müqəvilə ilə və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü cavabdeh tərəfindən iddiaçıya keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesabfaktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, cavabdeh hesab-faktura, elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir. 2.2. İddiaçı tərəfindən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 400,38 manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 16 aydan artıqdır (2023-ci ilin iyul ayından etibarən) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müqavilənin 5.1-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən, məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdıra bilmədiyi təqdirdə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.7, 448-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8894/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilən iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1520C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir (1-ci hissə). Sifarişçi tərəfindən marşrut müstəqil şəkildə müəyyən edilir və “189” nömrəsinə ən azı 30 (otuz) dəqiqə əvvəl zəng etməklə sifariş qeydiyyatdan keçirilir (3.1). İcraçı yalnız aşağıda qeyd edilən nömrələrdən Sifarişçinin sifarişi əsasında daxil olan sifarişləri icra edir: Telefon nörməsi (3.2). Göstərilən xidmətlərin dəyəri hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilir. Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanın minimal dəyəri 70 (yetmiş) AZN təşkil edəcək (4.1). Hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir (4.2). Sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir (4.3).
12. Həmin müqaviləyə 01 nömrəli əlavə olan “189 Taxi” mobil tətbiqi ilə sifariş zamanı keçərli olan xüsusi korporativ qiymət cədvəlindən görünür ki, ayrı-ayrı xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.
13. Məhkəməyə təqdim edilən aktlardan görünür ki, 2023-cü ilin iyul ayı üzrə akt əsasında 74,2 manat, 2023-cü ilin avqust ayı üzrə akt əsasında 74,2 manat, 2023-cü ilin sentyabr ayı üzrə akt əsasında 114,9 manat, 2023-cü ilin oktyabr ayı üzrə akt əsasında 118,3 manat xidmət haqqı hesablanmışdır.
14. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixli EBDM 126513 seriya və nömrəli elektron qaimə-faktura 74,2 manat, xx.xx.2023-cü il tarixli EBDO 154749 seriya və nömrəli elektron qaimə-faktura 74,2 manat, xx.xx.2023-cü il tarixli EBDQ 294834 seriya və nömrəli elektron qaimə-faktura 114,9 manat, xx.xx.2023cü il tarixli EBDS 993043 seriya və nömrəli elektron qaimə-faktura 118,3 manat olmaqla ümumilikdə 381,6 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı cavabdehə göndərilmişdir.
15. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDO 154749 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən, xx.xx.2023-cü il tarixli EBDM 126513, xx.xx.2023-cü il tarixli EBDQ 294834 və xx.xx.2023-cü il tarixli EBDS 993043 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 1520C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında sonuncunun əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil etməyi, cavabdeh isə öz növbəsində bunun müqabilində müqavilə ilə və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin iyul – oktyabr ayları üzrə göstərilmiş ümumilikdə 381,6 manat dəyərində xidmətlərlə bağlı xx.xx.2023-cü il tarixli EBDM 126513, xx.xx.2023-cü il tarixli EBDO 154749, xx.xx.2023-cü il tarixli EBDQ 294834 və xx.xx.2023-cü il tarixli EBDS 993043 seriya və nömrəli elektron qaimələr təqdim edilmiş, həmin elektron qaimələrdən biri cavabdeh tərəfindən, üçü isə sistem tərəfindən təsdiq edilmişdir.
17. İddiaçı xx.xx.2023-cü il tarixli 1520C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri olan 381,6 manat pulun ödənilməsini tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə real vaxt rejimində iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1520C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə sərnişin daşınması və yük daşınması müqaviləsinin elementlərinə malik qarışıq müqavilədir. Belə ki, həmin müqaviləyə 01 nömrəli əlavədən tərəflərin həm sərnişin daşınması, həm də kuryer xidməti – yük daşınması ilə bağlı razılığa gəldikləri aydın olur. Həmçinin göstərilmiş xidmətlərlə bağlı tərtib edilmiş aktlardan və elektron qaimə-fakturalardan iddiaçı tərəfindən həm sərnişin daşınması xidmətinin – “super ekonom”, “komfort” tarifləri əsasında, həm də yük daşınması xidmətinin – “kuryer” tarifi əsasında icra edildiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz mülki qanunvericiliyin sərnişin daşınması və yük daşınması ilə bağlı normaları əsasında qiymətləndirilməlidir.
29. Mülki Məcəllənin 842.1 – 842.2-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
30. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
31. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə daşıma müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, yük daşınması üzrə daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi, sərnişin daşınması üzrə daşıyıcının müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməsi ilə şərtləndirilmişdir.
32. İddiaçının daşımanın muzdunun ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə göstərir ki, Mülki Məcəllənin 848-ci maddəsinə əsasən, sərnişin bu Məcəllənin 846-cı maddəsinə (daşımanın qüsurla icra edilməsi halı) əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin pretenziyalarını qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında bundan da tez ödənilmiş olmasın.
33. Həmin Məcəllənin 861.1-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.
34. Göründüyü kimi, istər yük daşınması, istərsə də sərnişin daşınması müqaviləsində daşımada qüsurlarla bağlı daşıyıcıya müvafiq müddətlər daxilində reklamasiya haqqında bildirişin və ya pretenziyanın irəli sürülməsi vəzifəsi təsbit edilmiş, lakin hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir pretenziyanın irəli sürülməsi ilə bağlı dəlil təqdim edilməmişdir. Əksinə, təqdim edilən elektron qaimələrdən heç birinə etiraz edilməmiş, 4 elektron qaimənin biri cavabdeh tərəfindən, üçü isə sistem tərəfindən təsdiq edilmişdir.
35. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququ mövcuddur və həmin hüququ cavabdeh tərəfindən pozulmuşdur.
36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
37. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
38. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
42. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli 1520C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 381,6 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı
43. İddia ərizəsində iddiaçı əsas borca illik 5 faizlə hesablanan 18,78 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
44. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
45. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
46. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
47. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi gecikdirildiyindən əsas borca illik 5 faizlə hesablanmaqla 18,78 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 381,6 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 18,78 manat pul olmaqla ümumilikdə 400,38 manat pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova