Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1116/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1682,53 manat əsas borc, 121,12 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 38 manat məbləğində dövlət rüsumunun cəmi 1817,81 manat məbləğin CavabdehMMC-dən tutularaq “CALL CENTER" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx") QSC ilə cavabdeh “İB SUPPLY" MMC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1355 C saylı Müqaviləsinin 1-ci bəndinə əsasən,Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazirki müqəvilə ilə və hazırki müqavilənin ayrilmaz tərkib hissəsi hesab olunan Əlavə No 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Tərəfimizdən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 1803,65 (min səkkiz yüz üç manat, 65 qəpik) manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 11 aydan artıqdır ( 2023-cü ilin dekabr ayından etibarən ) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, Müqavilənin 5.1-ci maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.4-cü maddəsinə əsasən, məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdıra bilmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ("xxxx") QSC ilə cavabdeh “İB SUPPLY" MMC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1355 C saylı avtonəqliyyat xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən:
9. Müqavilənin 1-ci bəndinə ədasən “Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazirki müqəvilə ilə və hazırki müqavilənin ayrilmaz tərkib hissəsi hesab olunan Əlavə No 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir.
10. Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir.
11. Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 30 iş günü ərzində ödənişləri həyata keçirir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
13. Müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin icrası ilə bağlı bütün mübahisəli məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdıra bilmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.
14. Müqaviləyə Əlavə 1-də tərəflər arasında xidmətlərin dəyəri və siyahısı müəyyən edilmişdir.
15. İddiaçı tərəfindən müqavilə üzrə göstərilmiş xidmətlərə dair xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi e-qaimələr tərtib edilmişdir.
16. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
22. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
23. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
24. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
25. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
26. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
27. Məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
29. İşdən göründüyü kimi tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır, xidmətlər cavabdehə göstərilmiş və həmin xidmətlərə dair e-qaimələr cavabdehə göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmamışdır. Lakin, cavabdeh müqaviləyə əsasən göstərilən xidmətlərin dəyərini ödəməmişdir.
30. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə ilə təsdiq olunduğu üçün 1682,53 manat əsas borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.
31. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 121,12 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
32. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
33. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
34. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə göndərilmiş xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 121,12 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 121,12 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir.
37. Azərbaycan Respublikası MPM-in:
38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
40. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 1682,53 manat borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 121,12 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova