Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1117/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-тin xeyrinə 3 Dekabr 2013-cü il tarixli GSM müqaviləsinə əsasən 1802,20 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi üzrə 1832,20 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh MMC arasında bağlanmış 3 Dekabr 2013-cü il tarixli GSM müqaviləsinə əsasən sonuncu cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 1802,20 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.02.2021-ci il tarixli, e-2-2(113)-1117/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili pul tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1802,20 manat məbləğində müqavilə üzrə borc məbləğinin, 30 manat məbləğində dövlət rüsumunun və 110 manat məbləğində hüquqi yardım xərclərinin, cəmi 1.942,20 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qanuni təmsilçisi X2 məhkəmə iclasında izahatında heç bir borcu olmadığını bildirdi və iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC ilə Cavabdeh MMC (abunəçi) arasında bağlanılmış 03 dekabr 2013-cü il tarixdə abunə müqaviləsinin: 3-cü bəndinə əsasən İddiaçı abunəçini nömrə ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. 5.1-ci bəndinə əsasən xidmətin dəyəri icra olunma tarixinə qüvvədə olan Tarif Planına əsasən müəyyən olunur. 5.2-ci bəndinə görə hesab-faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi qəbul edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -01.12.2020-ci il tarixli hesab-fakturadan görünür ki, fakturanın müddəti 01.11.2020- 30.11.2020 olmaqla, faktura müddətinin ilk gününə qalıq borc 1802.20 manat, faktura müddətinin sonuna qalıq borc 1802.20 manat təşkil edir. -Maliyyə arayışından görünür ki, İddiaçı MMC (şirkət) ilə Cavabdeh MMC (abunəçi) arasında bağlanmış 03.12.2013-cü il tarixli abunə müqaviləsi üzrə abunəçinin şirkətə cari tarixə ödənilməmiş borcu 1.802,20 təşkil edir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03.12.2013-cü il tarixli abunə müqaviləsi üzrə qalıq borc məbləğinə dair izahlı məlumatdan görünür ki, abunəçinin ən son danışığı 02.12.2015-ci il tarixdə olmuş, xidmətin dəyəri üzrə 1.268,55 manat, cərimə 533.65 manat, cəmi qalıq borc məbləği 1802.20 manat təşkil edir. İddiaçı MMC tərəfindən 02.10.2020-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək 1802.19 manat borcun 10 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03.12.2013-cü il tarixli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə rabitə xidmətlərinin göstərməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə yaranmış xidcmət haqqı borcunun Cavabdeh MMC-dən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarında olan sənədlərdən, eləcə də tərəflərin izahatlarından isə müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi xidmət haqqı borcu 2016-cı ilədək olan müddətdə göstərilmiş rabitə xidmətlərinə görə yaranmış, bundan əlavə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən göstərilmiş rabitə xidmətləri üzrə sonuncu ödəniş 2015-ci il tarixdə aparılmışdır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı MMC hüquqlarının pozulduğunu bilməli olduğu vaxtdan 6 ilə yaxın müddət keçdikdən sonra - 2021-ci ilin yanvar ayında hazırkı iddianı verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbi rədd edilməlidir. Borcun tutulması tələbinə dair əsas iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının vəkil xidmətinə çəkdiyi xərclərin cavabdehdən tutulması üçün əsasların mövcudluğu da müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1117/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1117/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver