Məhkəmə qərarları › İş №e-2-2(113)-112/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-112/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-112/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X4 Tekstil Mob. Sanaye Ticaret LTD ŞTİ Şirkərinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X4 Tekstil Mob. Sanaye Ticaret LTD ŞTİ” Şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC MMC cavabdeh “X4 Tekstil Mob. Sanaye Ticaret LTD ŞTİ” Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Tekstil Mob. Sanaye Ticaret” LTD şitkətindən İddiaçıMMC-nin xeyrinə 38495,63 ABŞ dolları borcun və ilkin mediasiya sessiyasında ödənilən 400 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X4 Tekstil Mob. Sanaye Ticaret” LTD şitkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20/2020 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı”-İddiaçı MMC kiplərə qablaşdırılmış 417,603 ton həcmində bir tonu 1481 ABŞ dolları qiymətinə 1/3 növ, 79,875 ton həcmində bir tonu 1272 ABŞ doları qiymətinə 2/3 növ, 451,322 ton həcmində bir tonu 1087 ABŞ dolları qiymətinə 4/3 növ, və 100,662 ton həcmində bir tonu 1003 ABŞ dolları qiymətinə 4/5 növ cəmi: 1.049,462 ton həcmində 1.311.622,03 ABŞ dolları məbləğində pambıq mahlıcı satmağı, “Alıcı” isə müqavilənin 4-cü bəndinə əsasən malın dəyərinin 100% öncədən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh ilə partnyorluq əlaqələrini və cavabdehın sifarişini nəzərə alaraq onun ünvanına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 719,8922 ton həcmində 833.495.63 ABŞ dolları məbləğində pambıq mahlıcı yükləmişdir. İddiaçının təqdim etdiyi 20 saylı xx.xx.2020-ci il tarixli proforma invoice əsasən cavabdeh xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək 795000 ABŞ dolları məbləğində ödəniş etmiş, bununla da müqavilənin 4-cü bəndinin tələblərini pozmuş, İddiaçıya 38495,63 ABŞ dolları məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC ilə “X4 Tekstil Mob. Sanaye Ticaret LTD ŞTİ” Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020/2020 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini kiplərə qablaşdırılmış netto çəkisi 417,603 ton miqdarında 1/3 növündə, netto çəkisi 79.875 ton miqdarında 2/3 növündə, netto çəkisi 451,322 ton miqdarında 3/4 növündə və netto çəkisi 100,662 ton miqdarında 4/5 olan pambıq mahlıcının satışını təşkil edir.

9. Müqavilənin 2.1-ci bənidnə əsasən müqavilənin ümumi məlbəği 1.311.622,03 ABŞ dollarıdır.

10. Müqavilənin 4.1-ci bənidnə əsasən müqaviləyə əsasən alıcı satın aldığ malın dəyərinin ödənişini 100% öncədən ödəmək şərti ilə satıcının təqdim etdiyi hesabfakturadakı hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir.

11. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər müqailə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.

12. xx.xx.2020-ci il tarixli, 020 saylı invoysa əsasən cotton fiber 1/3, 2/3, 3 /4, 4/5 of a grade adlı malların cəmi dəyəri 1.311.622,03 ABŞ dolları müəyyən edilmişdir.

13. xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrinə əsasən cavabdehə 21551 kq, 22266 kq, 22069 kq, 22286 kq, 21667 kq, 21805 kq, 21649 kq, 22100 kq, 21984 kq, 21744 kq, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən 21316 kq, 21780 kq, 21355 kq, 21705 kq, 21882 kq, 21827 kq, 21927 kq, 21753 kq, 20464 kq, 20913 kq, 21693 kq, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən 20464 kq, 20913 kq, 21693 kq, 20976 kq olmaqla cəmi 84046 kq, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən 21409 kq, 21111 kq, 21611 kq, 21787 kq, 21409 kq, 21511 kq, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən 22250 kq miqdarında və xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrinə əsasən 23088 kq, 22811 kq, 22770 kq, 22691 kq, 22071 kq miqdarında pampıq göndərilmişdir.

14. İşdə olan ödəniş tapşırıqlarına və iddiaçının xx.xx.2020-ci il tarixli, 020/2020 saylı alqı-satqı müqaviləsinə əsasən yüklənmiş malların ödənilməsi barədə maliyyə arayışına əsasən “X4 Tekstil Mob. Sanaye Ticaret LTD ŞTİ” Şirkəti tərəfindən iddiaçının bank hesabına xx.xx.2020-ci il tarixdə 50000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 50000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 50000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 40000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 40000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 70000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 94816 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 40000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 50000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 30000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 40000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 25000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 20000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 20000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 20000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 20000 ABŞ dolları məbləğində, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 15000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 15000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 25000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 15000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 15000 ABŞ dolları məbləğində, xx.xx.2021-ci il tarixdə 10000 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixdə 10000 ABŞ dolları məlbəğində olmaqla cəmi 794816 ABŞ dolları ödəniş həyata keçirilmişdir.

15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, 020/2020 saylı alqı-satqı müqaviləsinin 1ci bəndinə əsasən müqavilənin predmetini kiplərə qablaşdırılmış netto çəkisi 417,603 ton miqdarında 1/3 növündə, netto çəkisi 79.875 ton miqdarında 2/3 növündə, netto çəkisi 451,322 ton miqdarında 3/4 növündə və netto çəkisi 100,662 ton miqdarında 4/5 olan pambıq mahlıcının satışını təşkil edir və müqavilənin 2.1-ci bənidnə əsasən müqavilənin ümumi məlbəği 1311622,03 ABŞ dollarıdır.

22. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, invoice, malların göndərilməsinə dair gömrük bəyannamələri və cavabdehin həmin mallara görə qismən ödənişləri ilə təsdiqini tapdığı üçün iddia tələbinin 38495,63 ABŞ dolları borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 38495,63 ABŞ dolları əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 38495,63 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

26. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat mediasiya xərci ödəmişdir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “X4 Tekstil Mob. Sanaye Ticaret LTD.ŞTİ.”-dən xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi üzrə 38495,63 (otuz səkkiz min dörd yüz doxsan beş ABŞ dolları altmış üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 400 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar