Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1121/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 19273,03 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 147,82 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 213/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 11426 (on bir min dörd yüz iyirmi altı) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 24 (iyirmi dörd) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və iyirmi dörd ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 19273,03 manat hissəsini bu günədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı tələbləri xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir, həmin müqavilə əsasında cavabdehə bir partiya mal verilmiş, həmin mal təhvil verilən zaman cavabdeh akta imza etmiş, borcla bağlı cavabdehə elektron qaimə göndərilməmişdir. Cavabdehlə əvvəllər də aralarında alqı-satqı müqaviləsi olsa da, hazırkı tələbləri xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdeh həmin malları özü gəlib iddiaçıdan təhvil almış, sifarişi isə şifahi qaydada satış təmsilçisi vasitəsilə etmişdir. Cavabdehin təqdim etdiyi sənədlərin imza edilməsi zamanı boş olması barədə dəlili isə əsassızdır.
4. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı münasibətləri 2021-ci ildən başlanmış, həmin müqavilə üzrə tərəfindən mütəmadi olaraq iddiaçıdan müxtəlif mallar alınmışdır. Onun birdəfəlik sifarişi ən çoxu 2500 manat civarında olmuşdur. Mallar satış təmsilçisi vasitəsilə onun ünvanına çatdırılmış, iddiaçı tərəfindən ona hər satışa görə elektron qaimə təqdim edilmiş, həmin qaimələr əsasında tərəfindən ödənişlər aparılmışdır. 2022-ci ildə satış təmsilçisi ona borcla bağlı sənədlərə imza etmək lazım gəldiyini bildirmiş, o, həmin dövrdə iddiaçıya ödənilməli olan 5000 manat civarında borcu olduğu və həmin məbləğdə qalıq borca imza etdiyini zənn edib iddiaçının satış təmsilçisinin təqdim etdiyi boş (hər hansı qeydlər olmayan) sənədlərə qol çəkmişdir. İddiaçının təqdim etdiyi müqavilə, ərizə, təhvil aktı tərəfindən imza edilsə də, imza etdiyi zaman həmin sənədlər boş olmuş, yazılar sonradan iddiaçı tərəfindən vərəqələrə əlavə edilmişdir. Onun həmin həcmdə birdəfəlik sifarişi olmamış, əgər həqiqətən də tərəfindən həmin mallar alınmışdırsa iddiaçı tərəfindən ona hər hansı elektron qaimə verilməmiş, vergi pozuntusu törədilmişdir. Tərəfindən iddiaçının iddia etdiyi mallar alınmadığı və ona həmin mallar təhvil verilmədiyi üçün iddiaçı ondan həmin malların dəyərinin ödənilməsini tələb edə bilməz, iddia əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 213/2022 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə görə satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) nisyə borc olaraq ümumi dəyəri 11426 manat məbləğində müxtəlif çeşid məhsulları (və ya taranı) satır.
7. Müqavilənin 2-ci bəndinə görə Alıcı satıcıdan ümumi dəyəri 19273 manat olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir.
8. Müqavilənin 3-cü bəndinə görə Alıcı Satıcıya 19273 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə görə kreditor (İddiaçı MMC) tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun (Cavabdeh) kreditora 19273 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur və borclu kreditora 19273 manat məbləğində borcunun olduğunu tam etiraf edir.
10. Müqavilənin 2.1-ci bəndinə görə borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 6424,34 manat olmaqla xx.xx.2023-cü il tarixinə qədər tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
11. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli, 213/2022 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən 19273,03 manat dəyərində məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 19273 manat borcunu 3 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 213/2022 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir.
21. Məhkəmə cavabdehin iddia ərizəsində göstərilən malların ona təhvil verilməməsi barədə dəlilini əsassız hesab edir.
22. Belə ki, məhkəmə iclaslarındakı izahatlarında cavabdeh iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilələr, həmin tarixli təhvil-təslim aktı və iddiaçıya ünvanladığı ərizəni özü şəxsən imza etdiyi təsdiq etmişdir.
23. Məhkəmə cavabdehin göstərilən sənədlər imza edilən zaman boş (hər hansı yazılar, qeydlər olmadan) olması barədə dəliliini inandırıcı və ağlabatan hesab etmir.
24. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya daha sonra müraciət edərək imza etdiyi sənədlərin bir nüsxəsinin ona verilməsi, habelə sənədlərə daha sonra hansı qeydlərin daxil edilməsi ilə maraqlanması barədə hər hansı sübut təqdim edilməmiş, boş sənədlərə hansı səbəbdən ümumiyyətlə imza etməsi barədə məhkəmənin suallarına inandırıcı və ağlabatan şəkildə cavab verə bilməmişdir.
25. Məhkəmə cavabdehin iddiaçı tərəfindən ona hər hansı elektron qaimə təqdim edilməməsi ilə bağlı dəlilinə cavab olaraq bildirir ki, elektron qaimənin təqdim edilməməsi alqı-satqı müqaviləsi üzrə borcun ödənilməməsinə əsas vermir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19273,03 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 147,82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 19273,03 manat məbləğində pul, 147,82 manat dövlət rüsumu, ümumilikdə 19420,85 (on doqquz min dörd yüz iyirmi manat səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova