Məhkəmə qərarları › İş №e-2-2(113)-1126/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1126/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1126/2023 05.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 438/21 saylı Müqavilə üzrə 2872.70 (ƏDV daxil) manat məbləğində əsas borcun, 1489,57 manat məbləğində cərimə-dəbbə pulunun və xx.xx.2022-ci il tarixli, 237/22 saylı Müqavilə üzrə isə 962 (ƏDV daxil) manat məbləğində əsas borcun, 1751,28 manat məbləğində cərimə-dəbbə pulunun, ümumilikdə 3834,70 (ƏDV daxil) manat məbləğində əsas borcun, 3240,85 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 126,02 manat pulun, 60 manat mediasiya haqqı və 43 manat məbləğində dövlət rüsumunun tutularaq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 438/21 №li və xx.xx.2022-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 237/22 №li Müqavilə bağlanmışdır. Hər iki müqaviləyə əsasən İcraçı (iddiaçı) Sifarişçinin (cavabdeh) sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Cavabdehin bu günə ümumi olaraq 3834,70 (ƏDV daxil) manat məbləğində borcu yaranmışdır. - xx.xx.2021-ci il tarixli, 438/21 saylı Müqavilə üzrə 2872.70 (ƏDV daxil) manat - xx.xx.2022-ci il tarixli, 237/22 saylı Müqavilə üzrə isə 962 (ƏDV daxil) manat. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 035061, 036142, 037215, 038826, 037773, 037784, 037506, 038764, 041454, 040257 nömrəli təhvil-təslim aktla təsdiq edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2022-ci il tarixində 3 iş günü müddətində 3834,70 (ƏDV daxil) manat borc məbləğini tələb etmələri barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, 30 sentyabr 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmişdir, lakin xx.xx.2022ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə 04 noyabr 2022-ci il tarixli İlkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barəsində arayış tərtib edilmişdir. Əlavə olaraq, - xx.xx.2021-ci il tarixli, 438/21 saylı Müqavilənin 8.3-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 1489,57 manat cərimə hesablanmışdır. - xx.xx.2022-ci il tarixli, 237/22 saylı Müqavilənin 5.4-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 1751,28 manat cərimə hesablanmışdır. Həriki müqaviləyə əsasən ümumi olaraq 3240,85 manat cərimə hesablanmışdır. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Hüseynzadə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 438/21 nömrəli yükdaşıma xidmətlərini göstərilməsi haqqında müqaviləyə əsasən icraçı sifarişçi sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqavilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişi əvvəlcədən 500 manat məbləğində depozit ödənişi həyata keçirir. Göstəriləcək xidmətlərin dəyəri depozit məbləğindən artıq olduğu təqdirdə əlavə ödəniş beş iş günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 %-i əlavə hesablanacaq. Müqaviləyə 01 nömrəli Əlavəyə əsasən daşımaların qiymət cədvəli, yükləməboşalma vaxtları göstərilmişdir. İddiaçı (daşıyıcı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 237/22 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərəncamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtəfərli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10 %-i ötən devalvasiyası müşahidə edilirsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən icraçıya əlavə olaraq ödənilnəcəkdir. Müqavilənin 5.3-cü bəndinə əsasən sifarişçi təqdim edilmiş hesab-faktura əsasında əvvəlcədən 500 manat məbləğində depozit ödənişi həyata keçirir. Ay ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir və sifarişçinin və daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Müqaviləyə 01 nömrəli Əlavəyə əsasən daşımaların qiymət cədvəli, yükləməboşalma vaxtları göstərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 035061 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 860 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 036142 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 300 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 037215 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 590 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 037773 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 395 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 037784 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 180 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 037506 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 140 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 038764 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 100 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 038826 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 175 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 041454 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 40 manat məbləğində mal göndərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli 040257 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 630 manat məbləğində mal göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə EBBW 650918 nömrəli xx.xx.2022-ci il tarixli (458 manat), EBBU 427735 nömrəli xx.xx.2022-ci il tarixli (336 manat), EBBV 714404 nömrəli xx.xx.2022-ci il tarixli (662 manat), EBBW 653167 nömrəli xx.xx.2022-ci il tarixli (202,50 manat), EBBX 536582 nömrəli xx.xx.2022-ci il tarixli (178 manat), EBBW 118787 nömrəli xx.xx.2022-ci il tarixli (158 manat), EBBT 203147 nömrəli xx.xx.2022-ci il tarixli (977,90 manat), EBCB 121982 nömrəli xx.xx.2022-ci il tarixli (47,20 manat), EBBC 599623 nömrəli xx.xx.2022-ci il tarixli (193 manat), EBBZ 448230 nömrəli xx.xx.2022-ci il tarixli (721,80 manat) məbəğində elektron qaimələr göndərilmişdir. “166 Yükdaşıma və Logistika “MMC tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli HM-03 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 438/21 saylı müqavilə üzrə 3691,14 (ƏDV daxil) manat və xx.xx.2022-ci il tarixli 237/22 saylı müqavilə üzrə 962 (ƏDV daxil) manat ümumi olaraq 4653,34 (ƏDV daxil) manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər cavabdeh tərəfindən iddiaçıya 710 manat məbləğində əsas, 108,70 manat məbləğində ƏDV ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli 438/21 saylı müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 0,2 %-i həcmində cərimə (1489,57 manat) hesablanır. xx.xx.2022-ci il tarixli 237/22 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 1 % -i həcmində cərimə (1751,28 manat) hesablanır. Gecikdirilmiş vaxt üçün illik beş faiz isə 126,02 manat hesablanmışdır. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilələr bağlanmış, həmin müqavilələr əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmanlara görə daşıma haqlarının ödənilməsi razılaşdırılmış, iddiaçı tərəflər arasında razılaşdırılmış yüklərin təyinat yerinə müqavilə şərtlərinə əsasən daşınmasını həyata keçirilmiş, xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, daşıyıcı tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2022-ci il tarixli 237/22 saylı və xx.xx.2021-ci il tarixli 438/21 saylı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə cavabdehin daşıma müqavilələri üzrə iddiaçıya ümumilikdə 3834,70 (ƏDV daxil) manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcların ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən daşıma müqavilələri üzrə 3834,70 (ƏDV daxil) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 237/22 saylı və xx.xx.2021-ci il tarixli 438/21 saylı müqavilələrə əsasən hesablanmış 1489,57 və 1751,28 manat, ümumilikdə 3240,85 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə xx.xx.2022-ci il tarixli 237/22 saylı müqavilə üzrə 90 manat, xx.xx.2021-ci il tarixli 438/21 saylı müqavilə üzrə isə 100 manat, ümumilikdə 190 manat məbləğində müəyyən edilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 126,02 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3834,70 manat əsas borc, 190 manat dəbbə pulu, 126,02 manat faiz borcu, ümumilikdə 4150,72 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2-01713 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə, 43 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3834,70 manat əsas borc, 190 manat dəbbə pulu, 126,02 manat faiz borcu, ümumilikdə 4150,72 (dörd min bir yüz əlli manat yetmiş iki qəpik) manat pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 43 (qırx üç) manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar