Məhkəmə qərarları › İş №e-2-2(113)-113/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-113/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-113/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı) qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta”ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkətindən İddiaçı xeyrinə 84.164 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə Azərbaycan Dövlət Sığorta Şirkətı (Azərsığorta) arasında AS 001233 nömrəli könüllü sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2 də yerləşən 8 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı daşınar əmlakına (əmtəə və s. mallarına) 150.153 manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. 17 noyabr 2020-ci il tarixində sözügedən mağazada leysan yağışları nəticəsində su basma hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Subasma hadisəsi ilə bağlı təyin olunmuş müstəqil ekspert rəyinə əsasən İddiaçı daşınar əmlak üzrə 84.164 manat məbləğində zərər dəymişdir. Lakin cavabdeh sığorta şirkəti dəymiş zərərin əvəzini ödəməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqı şirkətin bank hesabına müvafiq qaydada ödənilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya sığorta şəhadətnaməsi təqdim edilməmişdir. İddiaçının da sığorta şəhadətnaməsinin əslini məhkəməyə təqdim etməməsi bu faktı sübut edir ki, sığorta haqqı ödənilməmişdir. Digər bir tərəfdən də sığorta şəhadətnaməsinin olduğu təqdirdə belə, qanunvericiliyə əsasən sığorta haqqı ödənilmədiyi halda sığorta müqaviləsi qüvvəyə minməmişdir. Qanunvericiliyin tələbinə əsasən sığorta müqaviləsi üzrə sığorta haqqı müvafiq qaydada şirkətin bank hesabına ödənilmədiyindən qeyd edilmiş sığorta müqaviləsi qüvvəyə minməmiş və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyi yaranmamışdır. Daha sonra məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi (artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkətindən İddiaçı xeyrinə 79.719 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz (79.719,93x60x0,1%=4.783) məbləğində hesablanmaqla 4.783 manat dəbbə pulu, ümumilikdə 84.502 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi F.Mustafazadə məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və etirazında göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə F.Mustafazadə ilkin olaraq məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, mübahisəli sığorta müqaviləsi ümumiyyətlə mövcud deyil, belə bir müqavilə olsa da, sığorta haqqı ödənilmədiyindən müqavilə qüvvəyə minməmişdir. Sonrakı izahatlarda nümayəndə bildirmişdir ki, sığorta haqqı nağd formada ödənilmişdir, göstərilən ödənişlər ümumiyyətlə nağd qaydada aparıla bilməz. Pul bank hesabına ödənilməlidir. Eyni zamanda sığorta şəhadətnaməsində sığorta predmeti olan mallar yalnız yanğın və partlayışdan sığortalanıb. Digər risklər üzrə sığortalanmayıb. Digər bütün risklərin qarşısında qoyulmuş işarələr heç bir məna kəsb etmir. Digər sığorta risklərinə görə sığorta haqqı ödənilməyib. Sonuncu məhkəmə iclasında F.Mustafazadə izahatında sığorta müqaviləsi ilə su basma nəticəsində dəymiş zərərin ödənilməsi təminatının verilmədiyini, ekspertin verdiyi rəylərin sübut kimi qəbul edilməməli olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X7 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, sığorta qanunvericiliyinə əsasən sığorta haqları Mərkəzi Bankın normativ aktlarına uyğun olaraq hesablanır. AR MM-in tələbinə görə sığorta qaydalarında sığorta tarifləri öz əksini tapmalıdır və tariflərin diapazonu 0,2 faizdən 5 faizədək göstərilmişdir, yəni, məbləğ stabil deyil. Sığorta şirkəti 0,3 faiz ilə hesablamış və qaydaları pozmamışdır." Diapazonu şirkətlər özləri də müəyyən edə bilir. Sadəcə tarifi nəzarət komissiyası ilə razılaşdırırlar. Qanunverilikdə qismən və ya əlavə təminatla bağlı hər hansı bir qeyd yoxdur. Tərəflərin razılaşması əsasında təminatların növləri müəyyən edilir. Cavabdeh müqavilənin azadlığı prinsipinə əsasən əsas təminat və s. kimi qeydləri müqaviləyə daxil etmişdir. Təqdim edilən sığorta şəhadətnaməsində xaç və onay işarələri qeyd olunmuşdur. Bu isə qeyri-müəyyənlik yaradır. Müqavilələrin birində onay işarələri var, digərində isə yoxdur. Onay işarəsinin təminatın verilməsini təsdiq etməsini hesab etsələr, belə başa düşmək olar ki, 001334 nömrəli müqavilə üzrə təminat verilib. Hesab edir ki, işarələr simvolik xarakter daşıyır və təminat verilib. Məhkəmənin təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş 30 dekabr 2021-ci il tarixli, 9/4410 nömrəli ekspert rəyi ilə bağlı yaranmış sualları cavablandırmaq üçün məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ekspert X8 izahatında xx.xx.2021-ci il tarixdə əmlaka baxış keçirildiyini, daha sonra kifayət qədər məlumat olmadığından malların göstəriciləri barədə arayış verilməsi tələb edildiyini, rəydə məhkəmənin ekspertiza qarşısında qoyduğu suallara cavab verildiyini bildirdi. Ekspert məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı vizual olaraq malların sayını müəyyən etmiş, daha sonra verdiyi təkrar vəsatətin təmin olunması nəticəsində ona iddiaçı tərəfindən malların sayı ilə bağlı arayış təqdim edilmiş və o malların sayını siyahıdakı saya uyğunlaşdırmışdır. O, malların sayılmasında bilavasitə iştirak etməmiş, malların sayını qısa müddətdə müəyyən edə bilməzdi, sadəcə baxış zamanı malların satış dəyərinin itirildiyini müəyyən etmişdir. Malların satış qiymətini pərakəndə satış qiymətinə uyğun hesablamış, malların qiymətini dəyişdirməmiş, iddiaçının təqdim etdiyi qiymətlər malların orta bazar qiymətinə uyğun idi. Məhkəmənin təşəbbüsü ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş 20 iyul 2022-ci il tarixli, 9/2308 nömrəli ekspert rəyi ilə bağlı yaranmış sualları cavablandırmaq üçün məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ekspert X8 izahatında rəydə texniki səhvə yol verildiyini , topdan satış qiyməti ifadəsinin “orta bazar qiyməti” kimi qeyd olunduğunu bildirdi. Ekspert E.Qəhrəmanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, əksər mallarda malların topdan satış və pərakəndə satış qiymətlərinin arasında 5-10 faiz fərq müşahidə edilir. Həmin malların topdan satış qiymətləri daha aşağıdır. Bəzi malların - 3-4 adda malın qiymətində artım olduğundan belə bir fərq müşahidə edilmir. Ekpertiza qarşısında İddiaçı məxsus olan əmtəə mallarına baxış keçirilməklə həmin malların hadisədən əvvəlki dəyəri topdan satış qiymətlərinə əsasən müəyyən edilməsi ilə bağlı sual qoyulmuş və malların yararsız olması ilə bağlı ilkin dəyəri müəyyən edilib. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Əmlakın yanğın və digər əlavə risklərdən tam sığortası üzrə AS seriyalı 001333 nömrəli sığorta şəhadətnaməsinə əsasən, “Binə” TM (2 mərtəbəli) sıra 5, korpus 2, mağaza 8 ünvanında yerləşən SMART Butik adlı mağazada yerləşən hazır məhsul, mallar, inventarlar və s. sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta obyektin dəyəri 100.000 manat, sığorta məbləği 100.000 manat, yanğın, partlayışdan sığorta haqqı 300 manat, əlavə təminat üzrə sığorta haqqı 300 manat, cəmi sığorta haqqı məbləği 300 manat müəyyən edilmişdir. Sığortalı İddiaçıdur. Müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (hazır məhsul, mallar) risklərinin qarşısında “˅” işarəsi qeyd edilmişdir. Bu şəhadətnamə 02 noyabr 2009-cu il tarixdə təsdiq edilmiş “Əmlakın yangın və digər əlavə risklərdən sığortası qaydaları”na əsasən sığortaçı və sığortalı arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edir. Azərbaycan Dövlət Sığorta Şirkətinin Şirvan filialının xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı əmlakın və digər əlavə risklərdən xx.xx.2020-ci il tarixli AS 001333, AS 001335 və AS 001334 saylı sığorta müqavilələri üzrə hər biri 300 manat olmaqla, ümumilikdə 900 manat sığorta haqqı məbləğini Şirvan filialı vasitəsilə Azərbaycan Dövlət Sığorta Şirkətinə ödəmişdir. xx.xx.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkətinin “Azərsığorta”nın Şirvan şəhər filialı tərəfindən 900 manat məbləğində pul vəsaiti Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilmişdir. 2019-cu il noyabr ayı-2020-ci il may aylarını əhatə edən qaimə-fakturalarla təsdiq edilir ki, Smart mağazası (Bəhruz) ümumi alış qiyməti 100.000 manatdan yuxarı müxtəlif geyim dəstləri (paltarları) almışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilmişdir ki, Bakı Dendrapark meteoroloji məntəqəsində qeydə alınmış yağıntı haqqında məlumata əsasən xx.xx.2020-ci il tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 28,4 mm olmuş. xx.xx.2020-ci il tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 29,1 mm olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X6 Müstəqil Eskpertlərin Reyestrinə Daxil olmuş X4 tərəfindən hazırlanmış xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi” sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada baş vermiş sığorta hadisəsi ilə bağlı əmtəə mallarına (daşınar əşyalar) dəymiş zərərin ümumi qiyməti 84.164,50 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində 52 adda müxtəlif çeşiddə, sayda geyim dəstləri (paltarlar) cədvəldə əks olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixində Binə Ticarət Mərkəzinin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazasında olan və DSKŞ tərəfindən sığortalanan əmtəə mallarının baş vermiş su basma hadisəsi nəticəsində məhv olmuş, bu barədə dərhal DSKŞ-yə məlumat vermiş, lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq bu günə kimi sığorta şirkətinin işçilərinin hadisə yerinə və məhv olmuş əmlaka baxış keçirməmiş, mümkün olan lazımi tədbirlərin görülməsinə baxmayaraq hadisə nəticəsində ona 84.164 manat məbləğində ziyan dəymiş, məhv olmuş malların satışa, o cümlədən əmtəə kimi istifadəyə yararsız olmuş, bu yararsız malların uzun müddət saxlanılmasını təmin edə bilmir, artıq 50 gündür ki, malları şəxsi vəsaiti hesabına saxlayır, bu səbəbdən məhv olmuş malların qalıqlarına baxış keçirməklə 10 gün ərzində bu qalıqları qəbul edilməsini, əks halda o məhv olmuş malları tullamaq məcburiyyətində olacaqdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2021-ci il tarixli 26-01865-2021 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, DSKŞ (sığortaçı) tərəfindən verilmiş məlumata əsasən sığorta haqqının ödənilməməsi səbəbindən sığorta müqaviləsinin qüvvəyə minmədiyi bildirilmiş, lakin sığortalı tərəfindən sığorta haqqının sığortaçıya ödənilməsi ilə bağlı sənədlər təqdim edilmişdir. Həmçinin sığortaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı istifadəsində olan və könüllü qaydada sığortalanmış əmlaka xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci maddəsini rəhbər tutaraq, sığortalı tərəfindən təqdim edilmiş sənədlərə əsasən sığorta hqqının sığortaçıya ödənilməsinin yenidən müəyyən edilməsi, sığorta haqqı ödənildiyi təqdirdə zərərçəkmiş şəxsə məxsus əmlaka dəymiş zərərin miqdarının qiymətləndirilməsi, dəymiş zərərlə bağlı tərəflərin qarşılıqlı razılığının əldə edilməsi, qarşılıqlı razılıq əldə edilmədikdə isə əmlaka dəymiş zərərin tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan müstəqil eskpert tərəfindən müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankına (o cümlədən Vəkil) xx.xx.2021-ci il tarixli 11/M-454/2 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, Şirkətlə İddiaçı arasında xx.xx.2020-ci il tarixində 001333, 001334 və 001335 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi üzrə müqavilələr bağlanmışdır. Hər üç müqavilə üzrə təminat yalnız əmlakın yanğın və partlayış riskinə verilmişdir. Lakin məlum olduğu üzrə əmlakda yanğın hadisəsi deyil, su basma hadisəsi baş vermişdir. Baş vermiş hadisənin sığorta təminatına daxil olmaması səbəbindən qeyd olunmuş müraciət üzrə sığorta ödənişinin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X6 Müstəqil Eskpertlərin Reyestrinə Daxil olmuş X5 tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli ekspert-arayışına əsasən, 1. xx.xx.2020-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə Azərbaycan Dövlət Sığorta Şirkəti (Azərsığorta) arasında AS 001333, 001334, 001335 nömrəli könüllü sığorta müqavilələri bağlanılmışdır; 2. Bu razılaşma sığorta şəhadətnaməsinin sığortalıya elektron rabitə vasitəsi ilə təqdim edilməklə həyata keçirilmişdir; 3. Həmin müqavilələr üzrə 900 manat sığorta haqqı məbləği xx.xx.2020-ci il tarixində filiala və xx.xx.2020-ci il tarixində filialdan "xxxx" ASC-nin Şirvan şəhər filialı vasitəsi ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin bank hesabına köçürülmüş və bununla da müqavilələr qüvvəyə minmişdir və 4. AS 001333 nömrəli sığorta müqaviləsi (şəhadətnamə) üzrə yanğın və partlayış, tətil, lokaut, iğtişaş, terror, zəlzələ və vulkan püskürməsi, sel və subasması, yer sürüşməsi, qar ağırlığı, fırtına, daxili su və tüstü, nəqliyyat vasitələrinin dəyməsi, yanğın üzrə sığorta risklərindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazanın daşınar əmlakına (əmtəə və s.) təminat verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “Azərsığorta” Şirvan filialı DSKŞ-yə xx.xx.2021-ci il tarixli 130 nömrəli müraciət məktubu ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı məxsus “Binə Ticarət Mərkəzində” yerləşən SMART BUTİK geyim mağazasında yerləşən daşınar əmlakı əmlakın yanğından və digər əlavə risklərdən AS 001333, AS 001334, AS 001335 saylı sığorta şəhadətnamələri üzrə hər biri 300 manat sığorta haqqı olmaqla yalnız yanğın, partlayış riskləri üzrə xx.xx.2020-ci il tarixdə lisenziya № 000437, VÖEN № ********** olan sığorta agenti X9 tərəfindən sığortalanmışdır. Ümumilikdə İddiaçı tərəfindən üç sığorta müqaviləsi üzrə 900 manat sığorta haqqını nəğd şəkildə filiala vermiş və filialın baş mühasibi X1 Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər filialının Kapital Bank ASC-nin Şirvan filialında olan hesabına xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 9/4410 saylı ekspert rəyinə əsasən, İddiaçı məxsus olan, halhazırda Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi”, sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada saxlanılan, 17 noyabr 2020-ci il tarixdə baş vermiş leysan yağışları nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84.071,06 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində 52 adda Çin və Türkiyə istehsalı olan müxtəlif çeşiddə, sayda geyim dəstləri (paltarlar) cədvəldə əks olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/2308 saylı ekspert rəyinə əsasən, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş: 1-ci sual üzrə Respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspert baxışına təqdim olunmuş əşyaların istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 79.719,93 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyi tədqiqi hissəsində göstərilmişdir; 2-ci sual üzrə ekspert baxışına təqdim olunmuş əşyalar satış üçün tam yararsız vəziyyətdədir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Foto-şəkillərə və məhkəmə iclasında diskə baxış keçirilən zaman İddiaçı aid mağazanın o cümlədən mağazanın qarşısının su basdığı müşahidə edildi. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 05 fevral 2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 84.164 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulu borcun 7 gün müddətində ödənilməsi xahiş edilmişdir. Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, İddiaçı aid mağazanın anbarında saxlanılan əmtəə malları olan, geyimlərin su basma hadisəsi nəticəsində rəngləri solmuşdur, bəzilərinin rəngləri bir-birinə qarışmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, mallar 30-40 ədəd paketə yığılıb. İddiaçının dediyinə görə hər paketdə 30-40 ədəd mal var. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, AS 001333 nömrəli sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzi, sıra 5, korpus 2, mağaza 8 ünvanında yerləşən (SMART Butik) İddiaçı məxsus hazır məhsul, mallar, xammal-materiallar və s. əmlakın yanğın və digər əlavə risklərdən tam sığortası növü üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 100.000 manat məbləğinə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində - sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə Bakı şəhərində 16-xx.xx.2020-ci il tarixlərində gecə və gündüz leysan xarakterli yağışın yağması nəticəsində Binə Ticarət Mərkəzinin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazasında su basma hadisəsi olmuş və nəticədə DSKŞ tərəfindən sığortalanmış əmtəə mallarına maddi zərər dəymişdir. Sığorta şəhadətnaməsi üzrə sığortalı İddiaçı tərəfindən sığorta ödənişin ödənilməsinə dair tələblə sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilsə də, əvvəl tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə sığorta haqqı ödənilmədiyindən müqavilənin qüvvəyə minməməsi əsası ilə, sonradan isə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə üzrə təminatın yalnız əmlakın yanğın və partlayış riskinə verilməsi, əmlakda yanğın hadisəsi deyil, su basma hadisəsi baş verməsi, baş vermiş hadisənin sığorta təminatına daxil olmaması əsası ilə qeyd olunmuş müraciət üzrə sığorta ödənişini verməkdən imtina etmişdir. Hazırda İddiaçı məhkəmə iddia qaldıraraq sığorta ödənişinin və dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etirazında ilkin olaraq sığortalı tərəfindən sığorta haqqının ödənilməməsinə, daha sonra sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqının şirkətin bank hesabına deyil, nağd formada ödənilməsinə, buna görə cavabdeh tərəfindən iddiaçıya sığorta şəhadətnaməsi təqdim edilməməsinə, digər bir tərəfdən də sığorta şəhadətnaməsinin mövcud olduğu təqdirdə belə, qanunvericiliyə əsasən sığorta haqqı ödənilmədiyi halda sığorta müqaviləsinin qüvvəyə minməməsinə və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyin yaranmamasına istinad etmişdir. Bundan sonra isə məhkəmə gedişatında cavabdehin nümayəndəsi etirazının əsasını (dəlillərini) dəyişərək, şəhadətnamədə sığorta predmetinin yalnız yanğın və partlayışdan sığortalandığını, digər risklər üzrə sığortalanmadığını, şəhadətnamədə digər bütün risklərin qarşısında qoyulmuş işarələrin ümumiyyətlə hər riskin qarşısında qoyulduğunu, həmin müqavilədə tərəfin imzasının olmadığını, sığorta predmetinin dəyərinin hesablanmasına dair şirkətdə sənəd tapılmadığını, hansı formada hesablanmasını müəyyən edə bilmədiyini, sığorta müqaviləsi ilə su basma nəticəsində dəymiş zərərin ödənilməsi təminatının verilmədiyini ekspertin verdiyi rəylərin sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir. Məhkəmə cavabdehin sığorta şəhadətnaməsinin mövcud olmaması, imzalanmaması, sığorta ödənişinin ödənilməməsi və cavabdehin sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqının şirkətin bank hesabına ödənilməməsi, belə olan halda qanunvericiliyə əsasən sığorta müqaviləsinin qüvvəyə minməməsi və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyin yaranmaması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki: Əvvəla, mübahisəli sığorta şəhadətnaməsinin əsli cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim etmişdir (iş materiallarına əlavə olunub). İkincisi, iş materiallarına əlavə edilmiş qəbz və arayışa əsasən müəyyən edilir ki, iddiaçı sığorta şəhadətnaməsində göstərilən məbləğdə (300 manat) sığorta haqqını DSKŞ-in Şirvan filialına ödəmiş, DSKŞ-in Şirvan filialı isə öz növbəsində həmin məbləği sığortaçının hesabına (xx.xx.2020-ci il tarixli qəbz) köçürmüşdür. Üçüncüsü, hazırkı halda mübahisəli sığorta şəhadətnaməsinin İddiaçı tərəfindən imzalanmaması şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas vermir, belə ki, sığorta şəhadətnaməsinin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmir, əksinə iddiaçı sığorta haqqını ödəməklə həmin müqaviləni bağlamasına dair iradəsini ifadə etmiş və hazırda həmin müqaviləyə əsaslanaraq iddia irəli sürmüşdür. Müqavilənin etibarlılığını mübahisələndirən tərəf sığortaçı tərəfdir ki, sığortaçı tərəfdən isə müqavilə imzalanmış və möhürlənmişdir. Dördüncüsü, sığorta haqqı ödənişinin sığortalı tərəfindən sığortaçıya ödənilməsi qaydasını müəyyən edən qanunvericilik normalarında sığorta haqqı ödənişinin bilavasitə sığortalı tərəfindən sığorta şirkətinin bank hesabına köçürülməsi olması nəzərdə tutulmamışdır. Bununla yanaşı Mülki Məcəllənin: 903.2-ci maddəsinə görə sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.3-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Göründüyü kimi h tərəflər arasında bağlanılmış müqavilə könüllü sığorta müqaviləsi olduğundan sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilməli idi. Hazırkı halda isə sığorta şəhadətnaməsində sığorta haqqının ödənilməsi qaydası, o cümlədən bilavasitə sığortalı tərəfindən sığortaçının bank hesabına köçürülməli olması barədə şərt yer almamışdır. Bununla yanaşı işin məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hallarından biri də subasma hadisəsinin mübahisəli sığorta müqaviləsi üzrə sığortalanmış risklərə daxil olub-olmamasından ibarətdir. Belə ki, cavabdeh subasma hadisəsinin sığortalanmış risklərə daxil olmasını inkar edir və mövqeyini onunla əsaslandırırır ki:

1. Şəhadətnamədə sığorta risklərindən sel və su basması hadisəsi qarşısında “v” işarənin qoyulması hər hansı bir məna kəsb etmir. Göstərilən işarə bütün şəhadətnamələrdə bütün risklərin qarşısında qoyulur.

2. İddiaçı tərəfindən yalnız yanğından sığortalanmaya görə sığorta haqqı ödənilmişdir. Birinci dəlillə bağlı məhkəmə qeyd edir ki, sığorta şəhadətnaməsinin müvafiq bəndləri əlyazma ilə sığortaçının nümayəndəsi tərəfindən doldurularaq risklər bölməsində “sel və su basması hadisəsi” bəndi qarşısında “v” (təsdiq) işarəsi qoyulmuşdur. Şəhadətnamədə digər bütün risklərin qarşısında qoyulmuş işarələrin ümumiyyətlə hər riskin qarşısında qoyulduğunu və analoji şəhadətnamələrin olması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin analoji olaraq məhkəməyə təqdim etdiyi AS seriyalı 001336 nömrəli sığorta şəhadətnaməsinə baxış keçirərkən həmin şəhadətnamədə müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəsi, yanğın üzrə mülki məsuliyyət riskinin (əmlaka) qarşısında “–“ (istisna) işarəsi qeyd edildiyi müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, heç də bütün sığorta şəhadətnamələrində bütün risklərin qarşısında formal olaraq “v” (təsdiq) işarəsi qoyulmur, bəzi sığorta risklərinin qarşısında həmin işarənin əksi olan “–“ (istisna) işarəsi də qeyd edilir ki, bu da sığorta şəhadətnamələrində müvafiq işarələrin (“v”,“–“) sığorta riskləri üzrə təminatın verilməsini və ya verilməməsini göstərməsi anlamına gəlir. Digər tərəfdən Mülki Məcəllənin 425.1-cü maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda sığortalı kontragent tərəfindən tərtib edilmiş və imzalanmış müqavilədə qoyulmuş işarələrin ümumi qəbul edilmiş mənanı ifadə etməsini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Odur ki, sığorta şəhadətnaməsində “Sel və su basması hadisəsi” bəndi qarşısında “v” işarəsinin formal olaraq bütün müqavilələrə qoyulmasını fərz etsək belə göstərilən işarənin kontragentdə çaşqınlıq yaratması, belə olan halda kontragentin gözləməyə haqqı çatdığı vicdanlı davranış olmaması açıq-aşkardır. Bundan əlavə Mülki Məcəllənin: 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Hazırkı halda yuxarıda da qeyd edildiyi kimi mübahisəli sığorta şəhadətnaməsi sığortaçının “Yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” adlanan standart blankında tərtib edilməklə sığortaçının nümayəndəsi tərəfindən doldurulmuşdur. Bu baxımdan müqavilənin mətnində hər hansı qeyri-müəyyənliklər (hazırkı halda sel və subasma hadisəsi” qarşısında təsdiq işarəsinin qoyulması) müqavilənin müvafiq şərtlərinin tərtib edilməsində bilavasitə iştirak etməyən tərəf olan sığortalının ziyanına şərh edilə bilməz. Cavabdehin əlavə risklərdən təminata görə sığorta haqqı ödəməməsi məsələsinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, sığortalı tərəfindən müqavilənin “cəmi sığorta haqqı” qrafasında göstərilən sığorta haqqı məbləği tam olaraq ödənilmişdir. Digər tərəfdən müqavilədə sığortaçı tərəfindən müəyyən edilmiş sığorta haqqı məbləğinin AR Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş müvafiq sığorta risklərinə görə sığorta haqqının hesablanması tariflərinə uyğun olmaması məsələsinə münüasibətdə qeyd edilməlidir ki, sığortaçının sığortalını müvafiq qərarla tanış etməsi, qərarda müəyyən edilmiş tarif dərəcələri barədə məlumat verməsi, eləcə də sığortalının müqavilənin “Cəmi sığorta haqqı” qrafasında göstərilmiş sığorta haqqı məbləğinin yalnız yanğından sığorta riskinə görə ödənilməli olan sığorta haqqı məbləği olması barədə məlumatlandırılması iş materialları ilə müəyyən edilmir. Odur ki, hazırkı halda sığorta haqqının məbləğinin sığortaçı tərəfindən təsdiq edilmiş tariflərə uyğun hesablanmaması faktı tərəflərin yalnız yanğın və partlayışdan sığorta olunması barədə razılığa gəlmələri barədə nəticəyə gəlmək üçün əsas vermir. Mülki Məcəllənin: 899.2-ci maddəsinə əsasən bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 902.1.4-cü maddəsinə əsasən sığorta riskləri sığorta şəhadətnaməsində göstərilməlidir. Beləliklə, sığortaçı tərəfindən imzalanmaqla sığortalıya təqdim edilən AS 001333 nömrəli sığorta şəhadətnaməsində müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəsinin qoyulması, cəmi sığorta haqqı məbləğinin 300 manat müəyyən edilməsi və sığortalı tərəfindən həmin məbləğdə sığorta haqqının ödənilməsi ona dəlalət edir ki, sığortalı öz mallarının müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması riskindən sığortalanması barədə sığortaçı ilə razılaşmışdır. Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Belə olan halda məhkəmə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində əmlakın yanğın və digər əlavə risklərin tam sığorta növü üzrə sığortalanmış İddiaçı məxsus geyim əşyalarına sığorta hadisəsi nəticəsində maddi ziyan vurulduğunu, eləcə də sığortaçının sığorta ödənişin verilməsindən imtina etməsi üçün əsas olan halların mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, sığorta münasibətlərində sığortalı qismində çıxış edən İddiaçı sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişini tələb etməkdə haqlıdır. Sığortaçıdan tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə sığorta predmeti olan əşyalara dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə subasma hadisəsi nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 84.071,06 manat olması müəyyən edilmişdir. Verilmiş ekspert rəyi ilə bağlı məhkəmə iclasında izahat verən ekspert rəydə müəyyən edilmiş əmtəə mallarının dəyərinin pərakəndə satış qiymətləri ilə hesablanmasını qeyd etmişdir. Məhkəmə İddiaçı mübahisəli malları pərakəndə alqı-satqı yolu ilə əldə etmədiyini nəzərə alaraq B.Məmədova dəymiş real zərərin malların topdan satış qiymətlərinə əsasən müəyyən edilməsini zəruri hesab etdiyindən iş üzrə əlavə əmətəşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən, əşyaların (geyim paltarlarının) istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin təxminən 79.719,93 manat təşkil etməsi müəyyən edilmişdir. Sözügedən rəyi vermiş və məhkəmə iclasında iştirak edən ekspert X8 izahatında rəydə texniki səhvə yol verildiyini, topdan satış qiymətinin “orta bazar qiyməti” kimi qeyd olunduğunu bildirmişdir. Məhkəmə həmin texniki səhvi nəzərə alaraq ekspert rəyində müəyyən edilmiş qiymətləri malların topdansatış qiymətlərinə əsasən hesablanmış dəyər kimi qəbul etmişdir. Beləliklə, iddiaçının iddia tələbinin həcmini azaldaraq 79.719 manat sığorta ödənişini tələb etdiyini nəzərə alan məhkəmə irəli sürülmüş tələblər çərçivəsində işə baxaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulacaq olan sığorta ödənişi 79.719 manat məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 79.719 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% olmaqla 4.783 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən, qanunda isə sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 4.783 manat (79.719x60x0,1%) dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 79.719 (yetmiş doqquz min yeddi yüz on doqquz) manat məbləğində əsas borc, 4.783 (dörd min yeddi yüz səksən üç) manat məbləğində dəbbə pulu, cəmi 84.502 (səksən dörd min beş yüz iki) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar