Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-113/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 91.805,85 ABŞ dolları, hesablanmış cərimə borcuna görə 141.840,04 ABŞ dolları olmaqla, ümumilikdə 233.645,89 ABŞ dolları məbləğində vəsaitin, o cümlədən 400 manat mediasiya və 287,20 manat dövlət rüsum pullarının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016/22 saylı pambıq ipliyinin alqı-satqısına dair kontrakta əsasən, cavabdehə ümumilikdə 91.805,85 ABŞ dolları məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə 21,5 ton mal göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində onun tərəfindən iddiaçıya heç bir vəsait ödənilməmişdir. Halbuki, tərəflər arasında mövcud olmuş kontraktın ayrılmaz hissəsini təşkil edən xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsinə əsasən, pambıq ipliyinin göndərilməsini təsdiq edən gömrük bəyannamələri cavabdeh tərəfindən alındığı tarixdən etibarən 3 (üç) iş günü ərzində malın ümumi dəyəri iddiaçının bank hesabına ödənilməli idi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə “Cavabdeh” (alıcı) arasında xx.xx.2022-ci il tarixli 016/22 saylı pambıq ipliyinin alqı-satqısına dair müqavilə bağlanmışdır.
11. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndindən görünür ki, hazırkı kontrakt üzrə göndərilən malın qiyməti ABŞ dolları ilə müəyyən edilir və “İncoterms-2020”” uyğun olaraq CPT İstanbul, Türkiyə kimi başa düşülür. Kontraktın ümumi ilkin məbləği 91.805 ABŞ dolları təşkil edir.
12. Müqavilənin 8-ci bəndinə əsasən mübahisənin mediasiya qaydasında həlli mümkün olmadığı təqdirdə, mübahisələrə Azərbaycan Respublikasının aidiyyatı Məhkəmələrində baxılacaqdır.
13. Müqavilənin 9-cu bəndinə əsasən, tərəflər, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmədikdə, hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5 % həcmində cərimə ödəməlidirlər.
14. Tərəflər arasında bağlanmış müqavilənin 1 nömrəli əlavəsinin 1-ci bəndindən görünür ki, hazırkı kontrakt üzrə ödəniş, sənədlərə qarşı ödəmə (CAD) yolu ilə alıcının bankı tərəfindən gömrükləmə sənədlərini aldığı tarixdən sonra 3 iş günü ərzində aparılır.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. İş materiallarında olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, dəyəri 91.805,85 ABŞ dolları təşkil edən mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
17. Ancaq cavabdeh tərəf, ona dəyəri 91.805,85 ABŞ dolları təşkil edən malların verilməsinə baxmayaraq, iddiaçıya hər hansı bir ödəniş etməmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildirişin çatdırılması və iddiaya münasibətin öyrənilməsi barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən məhkəmə tapşırığı verilmişdir.
19. X2 Bakanlığı və X6 Müdürlüğü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “evrak elektronik ortamda sunulmuş olmuşdur”.
20. Göründüyü kimi, cavabdeh tərəf iddiaya etirazını bildirməmişdir.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 016/22 saylı alqısatqı müqaviləsi üzrə 91.805,85 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 4.500 ABŞ dolları məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 53,72 qəpik məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 016/22 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 91.805,85 ABŞ dolları, cərimə borcu üzrə 4.500 ABŞ dolları olmaqla, cəmi 96.305 (doxsan altı min üç yüz beş) ABŞ dolları, 85 (səksən beş) sent məbləğində pul “Cavabdeh”-dən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasına çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul“Cavabdeh”-dən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat,72 (yetmiş iki) qəpik məbləğində pul “Cavabdeh”-dən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov