Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1130/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 13.448 manat 95 qəpik əsas borc, gecikdirməyə görə hesablanmış 1.990 manat 44 qəpik və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin, cəmi 15.469 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd edilmiş mallar satıcı (iddiaçı) tərəfindən alıcının (cavabdehin) mülkiyyətinə verilmişdir. Cavabdeh (alıcı) isə həmin malları qəbul edib, onların dəyərini müqavilənin şərtlərinə əsasən 50% avans şəklində, 50% isə malların təslimi zamanı ödəmək vəzifəsini (müqavilənin 4.2-ci bəndi) öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilənin şərtlərinə tam əməl etsə də, Cavabdeh MMC müqavilə üzrə onun üzərinə düşən vəzifələri icra etməmişdir (sonuncu ödəniş tarixi xx.xx.2019 - cu il). Bunun nəticəsində də cavabdehin iddiaçıya 13.448 manat 95 qəpik borcu yaranmışdır. Müqavilənin 3.3. bəndinə əsasən alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,1% faizi miqdarında cərimə ödəməlidir. 2020-ci il fevral ayının 12 – si tarixinədək cərimə 1990 manat 44 qəpik təşkil edir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək qeyd olunan pul məbləğini bu günədək iddiaçıya ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” MMC şirkəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxx 2018-ci il tarixli 61 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə Arçelik markalı malların və servis xidmətinin alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 3.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməli olan vəsaitin 0.1% -i məbləğində cərimə ödəməyi öz öhdəsinə götürmüşdür. 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma, avans ödənilməsi ümumi məbləğin 50%-ni, 4-5 həftəyə malların təslimi vı geri qalan 50%-in də malların təslimi zamanı köçürmə yolu ilə aparılır. “xxxx” MMC tərəfindən Cavabdehnə ƏDV daxil 97.763,07 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 949338 saylı; ƏDV daxil 10.140,92 manat dəyərində malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 915496 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “xxxx” MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə xx xxxxxx 2020-ci il tarixdə müraciət edərək, 13.448 manat 95 qəpik əsas borc, gecikdirməyə görə hesablanmış 1.990 manat 44 qəpik dəbbə pulunun, cəmi 15.439 manat 39 qəpik borc öhdəliyi xx xxxxxx 2020-ci il tarixədək icra edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Ödəniş tapşırıqların surətindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 41.425,03 manat, xx.xx.2018-ci il tarixdə 7.456,50 manat, xx.xx.2018-ci il tarixdə 16.570,01 manat, xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ciil tarixdə 4.782,60 manat, xx.xx.2019-cu il tarixdə 4.220,83 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat məbləğlərdə ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini - 13.448,95 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 13.448,95 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 13.448,95 manat borcun ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün gecikdirilmiş məbləğin 0,01 % hesablanmış 1.990,44 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulu ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13.448,95 manat (on üç min dörd yüz qırx səkkiz manat doxsan beş qəpik) məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu, cəmi 14.448,95 (on dörd min dörd yüz qırx səkkiz manat doxsan beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1130/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1130/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver