Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1134/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və 99- ZF-283 dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonunun Cavabdeh4 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMCyə qaytarılması, Cavabdeh4 və X1 İddiaçı MMC-nin xeyrinə 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı Lizinq müaviləsinə əsasən xx.xx.2023-ci il tarixə iddiaçıya iddia qaldırılan günə 18.658 manat vaxtı keçmiş əsas lizinq borcu, 5.246 manat vaxtı keçmiş faiz borcu, 8.949 manat hesablanmış penya olmaqla, cəmi 32.853 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 212 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı Lizinq Müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh4 Mirsadiq qızının ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 44.000 manat olan 1 ədəd **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və **- ZF-*** dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonu mülkiyyətinə keçirərək, Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh4 isə öz növbəsində 30.800 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh4 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı Lizinq müqaviləsinə Əlavə №2-də 36 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1.290,70 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
7. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
8. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
9. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
10. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
11. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
15. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh4 arasında 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır.
16. 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı lizinq müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 2101/0750/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmışdır.
17. Lizinq müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh4 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 44.000 manat olan 1 ədəd **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və **-ZF-*** dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonu mülkiyyətinə keçirərək, Cavabdeh4 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
18. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
19. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.9-cu bəndində qeyd edilir ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.
20. Müqavilələr və əlavə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
21. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı lizinq müqaviləsinə 01 saylı əlavədən görünür ki, lizinq müqaviləsi üzrə ümumi dəyəri 44.000 manat olan 1 ədəd **-JY- *** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və **-ZF-*** dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonu Cavabdeh4 təhvil verilmişdir.
22. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, ümumi dəyəri 44.000 manat olan lizinq obyektinin dəyərindən 13.200 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 30.800 manat təşkil etmişdir.
23. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
24. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.
25. Məhkəmə ilk növbədə iddianın əsas borcun tələb edilməsi hissəsinə münasibət bildirilməsini zəruri hesab edir.
26. İş materiallarına əlavə edilmiş edilmiş 22 iyun 2021-ci il tarixli lizinq müqaviləsinin ödəniş cədvəlindən (02 saylı əlavə) görünür ki, lizinq müqaviləsinin müddəti 22 iyun 2024-cü il tarixədək olmuş və ödənilməli olan əsas borc məbləği 30.800 manat təşkil etmişdir.
27. Hazırda da, iddiaçı, yəni lizinq verən tərəf müddətin sonuna olan tam əsas borcu (müqavilənin 7.2.1-ci bəndinə əsasən tam lizinq məbləğini) tələb edir.
28. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, həqiqətən də, Cavabdeh4 tərəfindən lizinq ödənişləri vaxtı-vaxtında icra edilməmişdir. Ona görə də, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə borcu tələb etmək hüququ yaranmışdır.
29. Qeyd edilmiş sənədlərin müqayisəli təhlilindən görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə cəmi 12.142 manat məbləğində ödəniş edilmiş və lizinq müqaviləsi üzrə ödənilməmiş olan əsas borcu 18.658 (30.800-12.142) manat təşkil edir.
30. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc üzrə 18.658 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə həmçinin hesab edir ki, iddia 5.246 manat məbləğində mükafat borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır.
32. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsindən də, göründüyü kimi, iddiaçı 22 iyun 2021-ci il tarixli 2101/0750 saylı müqavilə üzrə xx.xx.2023-ci il tarixə 5.246 manat məbləğində mükafat borcunun tutulmasını xahiş etmişdir.
33. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsi üzrə ödəniş qrafiki nəzərdən keçirilməlidir.
34. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən görünür ki, lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilməli olan mükafat borcunun məbləği sadə riyazi hesablama ilə 15.046 manat təşkil edir.
35. İş materiallarında olan maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən müqavilə üzrə ödənilmiş mükafat məbləğləri 11.818 manat təşkil edir.
36. Belə olan halda, yəni iddiaçı tərəfindən məhz xx.xx.2023-ci il tarixə olan mükafat borunun tələb edilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixədək ödəməli olan mükafat borcu 15.046 manat təşkil etdiyindən və lizinq alan tərəfindən 11.818 manat ödəniş edildiyindən cavabdehin qeyd edilən tarixə ödənilməmiş 3.228 (15.046-11.818) manat mükafat borcu qalmışdır.
37. Ona görə də, məhkəmə hesab edir ki, iddia mükafat borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 3.228 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.
39. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndindən irəli gəlir. Həmin bəndə əsasən lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 % həcmində cərimə tələb etmək lizinq verənin hüququdur.
40. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
41. Hazırki işin hallarından görünür ki, cavabdehin 18.658 manat əsas borcuna münasibətdə 950 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
42. Bundan başqa, məhkəmə hesab edir ki, iddia **-JY-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF” markalı yük yəhərli dartıcı və 99- ZF-283 dövlət qeydiyyat nişanlı “KRONE” tentli furqonunun Cavabdeh4 alınaraq İddiaçı MMC-yə qaytarılması hissəsində təmin edilməməlidir.
43. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.
44. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.
45. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).
46. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)
47. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.
48. Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, da verilmiş 2 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.
49. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.
50. Eyni zamanda, iddia ərizəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ödəniş qrafikinə nəzər yetirildikdikdə aydın olur ki, iddiaçı tərəf əsas lizinq məbləğini tam tələb etmiş, eyni zamanda da, mükafat borcunun qismən hissəsini yəni, cəmi 613 ( son 6 ay) manat (172+145+117+89+60+30) hissəsini tələb etməmişdir.
51. Bu xüsusda da, məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə cəmi 613 manat mükafat borcunun tələb edilməməsi lizinq obyektinin geri tələb edilməsi üçün əsas deyildir. Belə ki, lizinq verən tərəfindən, lizinq müqaviləsinin müddəti bitməmişdən öncə əsas lizinq məbləği tam olaraq tələb edilmişdir.
52. Məhkəmə bu xüsusda, həmçinin qeyd edir ki, lizinq şirkəti tərəfindən ödəniş edilmədikdən sonra xeyli müddət gözləyərək, yəni müqavilənin müddətinin bitməsinə 5 ay qalmış məhkəməyə müraciət etməsi halı da, anlaşılan deyildir.
53. Bundan başqa da, qeyd edilməlidir ki, iddiaçı lizinq təşkilatı iddiasında məhz xx.xx.2023-ci il tarixə hesablamış olduğu 5.246 manat mükafat borcunu tələb etmişdir. Ancaq, lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tam mükafat məbləği 15.659,93 manat təşkil etmiş, bundan 11.818 manat hissəsi ödənilmişdir. Yəni müqavilənin son bitmə tarixinə lizinq təşkilatının 3.841,93 (15.659,93-11.818) manat tələb etməli olduğu halda, məhz xx.xx.2023-ci il tarixə 5.246 manat mükafat borcunu tələb etməsi halı da, anlaşılan deyildir.
54. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.
55. Bundan başqa, məhkəmə qeyd edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 212 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
56. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 212 manat məbləğində pul Bakı 6 saylı Mediasiya Təşkilatına ödənmişdir.
57. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
58. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 18.658 (on səkkiz min altı yüz əlli səkkiz) manat, mükafat borcu üzrə 3.228 (üç min iki yüz iyirmi səkkiz) manat, cərimə borcu üzrə 950 (doqquz yüz əlli) manat olmaqla, cəmi 22.836 (iyirmi iki min səkkiz yüz otuz altı) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 212 (iki yüz on iki) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov