Məhkəmə qərarları › İş №e-2-2(113)-1138/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1138/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1138/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı MMC-yə hesablanmış 2.073,60 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən ünvanda yerləşən qeyri-yaşayış sahəsi 2012-ci ildən təbii qazla təchiz edilmişdir. Qeyri yaşayış sahəsinə smart kart tipli qaz sayğacı quraşdırılmış və təbii qazdan istifadəyə görə hesablaşmalar bu sayğac vasitəsi ilə aparılırdı. Həmin sayğac vasitəsi ilə xeyli müddət təbii qazdan istifadə etmişlər və istifadə etdikləri təbii qazın dəyərini daim vaxtında ödəmişlər. 02.06.2021-ci il tarixdə qeyri-yaşayış sahəsinə G-6 mexanika tipli, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İlk ayda onlara təbii qazdan istifadəyə görə hesab təqdim edildikdə görmüşlər ki, onlara 2.073,60 manat məbləğində əlavə borc hesablanmışdır. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edildikdə onlara bildirildi ki, 18.07.2018-ci il tarixdə qeyri-yaşayış sahəsinə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və istifadələrində olan G-4 tipli qaz sayğacının qaz işlədicilərinin maksimal saatlıq qaz sərfinə uyğun olmadığı aşkar edilmiş və bununla bağlı “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək onlara 2.073,60 manat məbləğində əlavə borc hesablanmışdır. İlk olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdeh təşkilat tərəfindən pozuntu kimi qələmə verdiyi hal heç bir hüquqi məntiqə sığmır. Cavabdeh təşkilat ona vurulmuş zərərin (əgər vurulmuşsa belə zərər) hüquqi əsaslarını göstərmədən onlara cərimə borcu hesablamışdır. İstifadə edilən təbii qazın dəyəri vaxtı vaxtında tərəflərindən ödənilmişdir. Cavabdeh təşkilatın müdaxilə dediyi halın xüsusatından da göründüyü kimi qaz sayğacına tərəflərindən heç bir müdaxilə edilməmiş, cavabdeh heç bir hüquqi əsası olmadan qeyri-yaşayış sahəsinə baxış keçirmiş və qanunsuz akt tərtib edərək MMC-yə əlavə borc hesablamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddiaçının əlavə qaz cihazları quraşdıraraq təbii qazdan istifadə qaydalarının pozduğunu, istifadəçiyə 2.073,60 manat məbləğində əlavə borc hesablandığını, iddia tələbinə etiraz etdiklərini, borc məbləğinin ödənilməli olduğunu, həmin borcdan iddiaçı tərəfindən sadəcə 20 manat məbləğində ödəniş edildiyini bildirdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh İB (Qaz paylayıcısı) ilə İddiaçı MMC (istehlakçı) arasında bağlanmış 18.03.2019-cu il tarixli, AMX-1599/19 saylı Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı MMC-yə məxsus obyektdə Kombi adlı 2 ədəd və PQ adlı 3 ədəd qaz qurğusunun istifadə edilməsi müəyyən edilmişdir. Müqavilənin 4.4-cü maddəsinə görə obyektə G-6 markalı qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18.07.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 saylı abonentə məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən ünvanında yerləşən obyektə baxış keçirilərkən sayğacın maksimal saatlıq qaz sərfi obyektdə faktiki mövcud olan işlədicilərin qaz sayğacına uyğun olmadığı aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və nöqsanın aradan qaldırılması tələb edilmişdir. Aktın imzalanmasından istehlakçının nümayəndəsi imtina etmişdir . - Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Ceyhun Abdullayev, Orxan Cabbarlı, İsa Hüseynli tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 iyul 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 10.8 m3/saat, mövcud sayğacın ölçmə həddi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 10368 m3 qazın dəyərində olması müəyyən edilmişdir. - Abonent saldolarından görünür ki, İddiaçı MMC-yə (abonent kodu: **********00000) 2018-ci ilin iyul ayında akt əsasında 10368 m3 qaz sərfinə görə 2.073,6 manat məbləğində borc hesablanmış, 2019-cu ilin may ayında həmin borcun 2.053,60 manat hissəsi ödənilməmiş qalmışdır. 2021-ci ilin may ayında 2053,60 manat məbləğində borc abonentin mexanika tipli sayğacın hesabından silinərək smart kart tipli sayğacının hesabına yüklənmiş və həmin ilin iyul ayında smart kart tipi sayğaca hesablanmış digər borcla birlikdə (cəmi 2903,40 manat) yenidən mexanika tipli sayğacın abonent saldosuna qaytarılmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh İB-yə ünvanlanmış 05.01.2022-ci il tarixli pretenziya məktubu ilə müəyyən edilir ki, İddiaçı MMC Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18.07.2018-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 2.073,6 manat pul məbləğini 10 gün müddətində İddiaçı MMC-nin abunə hesabından silinməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi 18.07.2018-ci il tarixində İddiaçı MMC-yə məxsus obyektdə (Aqrotexnika K/M) qaz sayğacına baxış keçirilərkən sayğacın maksimal saatlıq qaz sərfi obyektdə faktiki mövcud olan işlədicilərin qaz sayğacına uyğun olmadığı aşkarlanmış və sayğac tərəfindən qeydə alınmamış təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq 2.073,6 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Bundan başqa iş materiallarından (abonent saldosundan) görünür ki, qaz sərfiyyatına görə 2018-ci ilin iyul ayında akt əsasında 10368 m3 qaz sərfinə görə 2.073,6 manat məbləğində borc hesablanmış və 2019-cu ilin may ayında həmin borcun 2.053,60 manat hissəsi ödənilməmiş qalmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC 2.073,6 manat borc məbləğindən 20 manat ödəniş etdiyindən(bu halı cavabdehin nümayəndəsi də məhkəməyə verdiyi izahatında bildirmiş), hazırda iddiaçı iddia ərizəsində artıq ödəmiş məbləğin geri qaytarılması tələbini irəli sürmədiyindən iddia tələbi sözügedən akt əsasında Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış və hazıda mövcud olan 2.053,60 manat məbləğində borcun silinməsi hissəsində iddia əsaslıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 40,73 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 99%-ə yaxın hissədə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18.07.2018-ci il tarixli ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı MMC-yə hesablanmış 2053,60 (iki min əlli üç manat altmış qəpik) manat məbləğində borc silinsin. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar