Məhkəmə qərarları › İş №e-2-2(113)-1139/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1139/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1139/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MECC MMC-dən GS – 235/21 saylı, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək göndərilmiş malların dəyəri olan 16.960,48 manat, dəbbə pulu olaraq 1.696,05 manat, 200 manat mediasiya xərci, ümumilikdə 18.856,53 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq General Supply QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 17 may 2021-ci il tarixində X6 Səhmdar Cəmiyyəti (satıcı) və MECC Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında GS – 235/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq satıcı əlavədə göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və alıcı də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2.1-ci maddəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 6.2-ci maddəsində razılaşdırılmış şərtə uyğun olaraq tam şəkildə Cavabdeh MMC-yə göndərilmişdir. X5 Supply QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixini əhatə edən hesab-fakturalara uyğun olaraq 16.960,48 manat, bu ödənişlərə əlavə olaraq Müqavilənin 6.9-cu bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə dəbbə pulunun məbləği 1.696,05 manat, mediasiya mərhələsində iştirak etməmələri səbəbindən General Supply QSC-nin ödənişini həyata keçirdiyi 200 manat toplam olaraq 18.856,53 manat borcu vardır.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 427.3, 430.1, 442, 445.1 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianı qismən qəbul etdiyini və borcun 4.248 manat hissəsi ilə razı olmadığını bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə GS-235/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırıldıqdan sonra sifariş tamamlanmış hesab olunur.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi malın satıcı tərəfindən alıcının ünvanında tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhvil-təslim aktı və digər sənədlər (qaimə, vergi hesab-fakturası və s.) əsasında alıcıya təhvil verilməsidir.

13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Hazırda iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək verilmiş olan və göndərilmiş hesab-fakturalara əsasən 16.690,48 manat məbləğində borcun qaldığını və tutulmasını tutulmasını tələb edir.

15. Cavabdehin nümayəndəsi borcun olduğunu inkar etmədiyini, yalnız malların bir hissəsinin qaytarıldığını və iddianın qaytarılmış malların dəyəri olan 4.248 manat hissəsi ilə razı olmadığını bildirdi.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

18. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı QSC-nin üzərinə düşür.

19. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.

20. Tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı tərəfindən ödəniş əlavələrdə başqa şərt nəzərdə tutulmazsa, mallar çatdırıldıqdan sonra satıcının təqdim etdiyi hesab faktura əsasında 30 təqvim günü ərzində həyata keçiriləcəkdir.

21. Müqavilələrin qeyd edilən bəndinin və yuxarıda qeyd edilmiş 1.2-ci bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri malların verilməsinin rəsmiləşdirilməsi və verilmiş mallara görə ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.

22. İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixli 223187 nömrəli dəyəri 2.159,4 manat olan, xx.xx.2022-ci il tarixli 717825 saylı dəyəri 354 manat, xx.xx.2022-ci il tarixli 175496 nömrəli dəyəri 64.90 manat, xx.xx.2022-ci il tarixli 170438 nömrəli dəyəri 1.368,80 manat, xx.xx.2022-ci il tarixli 174842 nömrəli dəyəri 1.416 manat, xx.xx.2022-ci il tarixli 747830 nömrəli dəyəri 1.536,50 manat, xx.xx.2022-ci il tarixli 200520 nömrəli dəyəri 236 manat, xx.xx.2022-ci il tarixli 534809 nömrəli dəyəri 885 manat, xx.xx.2022-ci il tarixli, 534434 nömrəli dəyəri 708 manat, xx.xx.2022-ci il tarixli 731270 nömrəli dəyəri 97,94 manat, xx.xx.2022-ci il tarixli 765311 nömrəli dəyəri 94,40 manat, xx.xx.2022-ci il tarixli 785881 nömrəli dəyəri 94,40 manat, xx.xx.2022-ci il tarixli 960652 nömrəli dəyəri 442,50 manat, xx.xx.2022-ci il tarixli 085850 nömrəli dəyəri 236 manat, xx.xx.2022-ci il tarixli 178807 nömrəli dəyəri 1.947 manat, xx.xx.2022-ci il tarixli 223512 nömrəli dəyəri 737,5 manat, xx.xx.2022-ci il tarixli 606034 nömrəli dəyəri 855,50 manat, xx.xx.2022-ci il tarixli 989129 nömrəli dəyəri 265,50 manat, xx.xx.2022-ci il tarixli 123565 nömrəli dəyəri 1.563,50 manat, xx.xx.2022-ci il tarixli 420548 nömrəli dəyəri 330,40 manat, xx.xx.2022-ci il tarixli 024982 nömrəli dəyəri 2.006 manat olan elektron qaimələr alıcı Cavabdeh MMCyə göndərilmişdir.

23. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından da, görünür ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrdəki göstərilmiş məbləğdə olan mallar cavabdehin əməkdaşı kimi qeyd edilmiş Yıldırım Kayacan, M.Nəriman, Elnur Qədimov adlı şəxslər tərəfindən qəbul edilmişdir.

24. Məhkəmə iclasında cavabdeh tərəfdən qeyd edilmiş şəxslərin kim olması soruşulmuş, cavabdeh tərəf isə onların əməkdaşları olduğunu bildirmişdir.

25. Yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin cəmi 17.426,24 manat təşkil edir.

26. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə GS-235/2021 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya 465,76 manat məbləğində ödəniş edilmişdir.

27. Göründüyü kimi, cavabdehə verilmiş olan 17.426,24 manat dəyərində olan mallara görə 465,76 manat məbləğində ödəniş edildiyindən qalıq borc məbləği 16.960,48 (17.426,24-465,76) manat təşkil edir.

28. Bundan başqa da qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh MMC tərəfindən İddiaçı QSC-dən malların alındığını etiraf etmiş, ancaq 4.248 manat manat dəyərində olan malların qaytarıldığını bildirmişdir.

29. Cavabdehin 4.248 manat manat dəyərində olan malların qaytarılması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2022-ci il tarixli EBBV 117909 saylı elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə dəyəri 4.248 manat olan elektron qaimə göndərilmişdir.

30. Yəni malların qaytarılması məhz bu qeyd edilmiş elektron qaimə üzrə həyata keçirilmişdir.

31. Qeyd edilmiş xx.xx.2022-ci il tarixli EBBV 117909 saylı elektron qaimənin isə hazırkı mübahisə ilə tələb edilən məbləğə hər hansı bir aiddiyatı yoxdur. Belə ki, hazırkı mübahisəli münasibətlərin yaranmasından əvvəlki münasibəti və tarixi əhatə edir.

32. Beləliklə, Məhkəmə sübutlara kompleks halında qiymət verərək hesab edir ki, iddia əsas borcun yəni 16.960,48 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.

33. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

34. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.9-cu bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən bu müqavilə üzrə və əlavələrlə müəyyən olunmuş müddət ərzində alıcı tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi halda alıcı gecikdirilən hər gün üçün malların dəyərinin 0.1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Cərimənin məbləği gecikdirilən ümumi ödəniş məbləğinin 10%-dən artıq ola bilməz.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

38. Hazırki işin hallarından görünür ki, cavabdehin 16.960,48 manat məbləğində əsas borcuna münasibətdə 850 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

39. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı QSC tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə 200 manat məbləğində pul Bakı 2 X3 ödənmişdir.

40. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli GS-235/21 saylı müqavilə üzrə 16.960 (on altı min doqquz yüz altmış) manat 48 (qırx səkkiz) qəpik əsas, 850 (səkkiz yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 17.810 (on yeddi min səkkiz yüz on) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar