Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1139/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin icra olunması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1694,92 manat (min altı yüz doxsan dörd manat doxsan iki qəpik) pulun, 15000 (on beş min) manat təzminatın, 915 (doqquz yüz on beş) manat dəbbə pulunun, 220 (iki yüz iyirmi) manat vəkil xidməti haqqının və 143 (yüz qırx üç) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi 6000 kasset müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Cavabdeh onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsinin 8.2-ci bəndinə əsasən satıcı ilk öncədən alıcıya 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.8-ci bəndinə əsasən alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa, satıcıya 15000 (on beş min) manat təzminat (ƏDV xaric) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən fiziki şəxs Cavabdeh xx.xx.2020-ci il tarixli hesab-faktura və xx.xx.2020-ci il tarixli ödəmə qəbzi əsasında ƏDV xaric ümumilikdə 1694,92 manat (min altı yüz doxsan dörd manat,doxsan iki qəpik) məbləğində pul verilmişdir. Cavabdeh öhdəliyini icra etməmiş və aldığı borc məbləği olan 1694,92 manat (min altı yüz doxsan dörd manat doxsan iki qəpik) əsas borcunu və 15000 (on beş min) manat təzminatı ödəməmişdir. Məhsulların güzəştli alqı-satqı müqaviləsinin 6.8-ci bəndinə əsasən alıcı bu müqavilənin predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa, satıcıya Əlavə №1-də göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1% (sıfır tam onda bir) miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% (sıfır tam,onda iki) miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.2, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 1694,92 manat (min altı yüz doxsan dörd manat,doxsan iki qəpik) pulun , 220 manat (iki yüz iyirmi) vəkil xidməti haqqının və 143 manat (yüz qırx üç) ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, güzəştlı alqı-satqı müqavilələrində həvəsləndirmə tədbiri kimi belə məbləğlər alıcıya ödənilir və ona uyğun şərtlər qoyulur. 1694 manat məbləği də ilkin olaraq həvəsləndirmə tədbiri kimi cavabdeh tərəfə köçürülübdür. Hazırkı işdə 6500 kaset məhsul satılmalıydı, lakin həmin öhdəlik yerinə yetirilməmişdir.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, müqavilə onunla bağlanmamışdır. Müqavilədəki imza onun imzası deyildir. Ola bilər ki, administratorla danışılıbdır. Əgər 6000 kaset mal verilibsə, pulu nəyə görə hələ də ödənilməyibdir. O, bankdan pul götürməmişdir. Ola bilər ki, obyektin sahibi götürübdür. Bu məsələdən xəbəri yoxdur. Hesab adına açılıbdır, lakin pulları o götürməmişdir. Mənə pul verilməyib, mənim pulun verilməsindən xəbərim yoxdur. VÖEN mənim adıma olubdur. Bank hesabından pulları çıxaranda baxmırdım hardan gəlib, ayın sonunda hesabdan pulları çıxarıb işçilərin əmək haqqını vermişiş, icarə haqlarını ödəmişdir, bilməmişdir ki, administratoru yalançıdır, iddiaçı ilə əlbir işləyibdir. Belə pullar adətən ona görə köçürülürdü ki, alıcı yalnız Coca- Cola ilə işləsin, başqa şirkətlərlə işləməsin. Müqavilədə də 2000 manat yazılıb, həmin məbləğdən ƏDV çıxıldıqda hazırkı məbləğ alınır.
7. İddiaçı tərəfindən məhkəməyə satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlandığı iddia olunan Məhsulların güzəştli alqı-satqısı müqaviləsinin kserosurəti təqdim olunmuşdur. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən (kserosurət) alıcı istifadə üçün alıcıya verilən soyuducuda satıcının verdiyi məhsullardan başqa heç bir adda məhsul saxlamayacağını, satıcının istehsal və satışını təşkil etdiyi məhsulları satacağı, soyuducunu həmişə görünür yerdə, təmiz və işlək vəziyyətdə olmasını təmin etməyi öhdəsinə götürür. Əlavənin 8.2-ci bəndinə əsasən satıcı alıcıya müqavilə müddəti ərzində satıcının özünün istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə, ilk başdan 2000 manatlıq (ƏDV daxil) ödəniş etməyi öz öhdəsinə götürür.
8. İş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
9. xx.xx.2020-ci il tarixli, 00001 nömrəli, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış hesab fakturadan (kserosurət) müəyyən olunur ki, İddiaçı MMC-yə 1694,92 manat avans məbləğin Cavabdeh hesab fakturada göstərilən bank hesabına 5 iş günü ərzində ödənilməsi xahiş olunmuşdur.
10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 1694,92 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindəndir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
13. İddia tələbi Cavabdeh 1694,92 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
14. İddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını iddia etmiş və məhkəməyə sübut qismində alqı-satqı müqaviləsinin, eləcə də əlavəsinin surətini təqdim etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, etiraz etmiş, həmin müqavilənin onun tərəfindən imzalanmadığını bildirdiyindən iddiaçıya müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin müqavilənin əsli məhkəməyə təqdim olunmamışdır.
15. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən cavabdehin şəxsiyyət vəsiqəsinin, sahibkarlıq haqqında şəhadətnaməsinin surəti, bank hesab məlumatları iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilmişdir. Hesab olunur ki, həmin sənədlər iddiaçıya məhz cavabdeh tərəfindən təqdim oluna bilərdi.
16. Məhkəmə iddia tələbinə münasibətdə cavabdehin etirazını əsassız sayır.
17. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində “Vergi məlumatları” bölməsindən görünür ki, iddiaçının əsas fəaliyyət istiqaməti kola və meyvə içkilərinin istehsalı, cavabdehin fəaliyyət istiqaməti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması olmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin məbləğ də həmin zəmində avans məbləğ kimi ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 1694,92 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2019-cu il tarixli müqaviləyə 1 nömrəli əlavə və xx.xx.2020-ci il tarixli, 00001 nömrəli hesab faktura üzrə avans ödəmə qeyd edilmişdir. Cavabdeh tərəfindən həmin avans ödəmə qarşılığında iddiaçı üçün xidmət göstərməsi, iş görməsi və s.-lə bağlı sübutlar məhkəməyə təqdim etməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1694,92 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.
19. Eləcə də, iddiaçı 220 (iki yüz iyirmi) manat vəkil xidməti haqqının və 143 (yüz qırx üç) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,95 manat (otuz altı manat doxsan beş qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardım haqqının ödənilməsini sübut edən sənəd iş materiallarına əlavə edilmədiyindən məhkəmə hesab edir ki, həmin xərc cavabdehdən tutula bilməz.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1694,92 manat (min altı yüz doxsan dörd manat doxsan iki qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,95 manat (otuz altı manat doxsan beş qəpik) olmaqla, ümumilikdə 1731,87 manat (min yeddi yüz otuz bir manat səksən yeddi qəpik) pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova