Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1144/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 12393 (on iki min üç yüz doxsan üç) manat əsas borc, 898 manat faiz borcu, 131 (yüz otuz bir) manat dövlət rüsumu ümumilikdə cəmi 13422 (on üç min dörd yüziyirmi iki) manatın İddiaçı MMC -nin xeyrinə tutulmasına dair qətnaməqətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” MMCarasında xx.xx.2020 - ci il tarixli 28 saylı malların alqı - satqısı barədə müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən xx.xx.2020 –ci il tarixli EBAF 575259 saylı elektron qaimə əsasında sifariş olunmuş mallar “X1” MMC satılmışdır. Sözügedən müqavilələrin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” müxtəlif çeşiddə malları (bundan sonra “Mal” adlanacaq) “Alıcı ”ya təhvil verməyi, “Alıcı” isə həmin malları qəbul edərək müqavilə ilə müəyyənləşdirilmiş qiymətisatıcıya ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə təhvil verilmiş malların ümumi dəyəri satıcının təqdim etdiyi hesab fakturaya əsasən ödənilməlidir. Bildirmək istəyirik ki, tərəfimizdən elektron hesab faktura şirkətinizin elekton mühasibatlıq sisteminə göndərilmiş, eyni zamanda elektron qaimə şirkətin səlahiyyətli nümayəndəsinə rəsmi olaraq təhvil verilməklə elektron qaimə imzalanmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş müqaviləyə uyğun olaraq elektron qaimə imzalandıqdan sonra 15 gün ərzində Satıcının Bank hesabına köçürmə yolu ilə ödənilir. Qeyd etmək istəyirik ki, “X1” MMC –nin aramızda bağlanılmış müqavilə üzrə xx.xx.2020 –ci il tarixli EBAF 575259 saylı elektron qaimə əsasında almış olduğu mallara görə şirkətə ƏDV daxil olmaqla 12393 (on iki min üç yüz doxsan üç) manat borcu vardır. “X1” MMC bir neçə il vaxt keçməsinə baxmayaraq müxtəliif səbəblər gətirməklə bu günə kimi almış olduğu malların dəyərini ödəməməkdədir. Cavabdehə borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilməsinə baxmayaraq İddiaçı MMC –yə olan 12393 (on iki min üç yüz doxsan üç) manat borcunu bu günə kimi icra etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin sonuncu may ayına olan uçot dərəcəsi 7.25% məyyən edilmişdir. Cavabdehinİddiaçı MMC – yə olan 12393 (on iki min üç yüz doxsan üç) manat borcunun 7.25% faiz dərəcəsi əsasında hesabladıqda 898 manat olması müəyyən edilir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 28 saylı malların alqı-satqısı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Satıcı” müxtəlif çeşiddə malları (bundan sonra “Mal” adlanacaq) “Alıcı ”ya təhvil verməyi, “Alıcı” isə həmin malları qəbul edərək müqavilə ilə müəyyənləşdirilmiş qiyməti satıcıya ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə təhvil verilmiş malların ümumi dəyəri satıcının təqdim etdiyi hesab fakturaya əsasən ödənilməlidir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş müqaviləyə uyğun olaraq elektron qaimə imzalandıqdan sonra 15 gün ərzində Satıcının Bank hesabına köçürmə yolu ilə ödənilir.
12. xx.xx.2020-ci il tarixli 28 saylı malların alqı-satqısı müqaviləsinə 1 saylı əlavəyə əsasən malların ümumi satış dəyəri 12393,54 manat müəyyən edilmişdir.
13. Tərəflər arasında bağlanılmış müqavilə üzrə xx.xx.2020 –ci il tarixli EBAF 575259 saylı elektron qaimə əsasında almış olduğu mallara görə şirkətə ƏDV daxil olmaqla 12393 manat borcu vardır.(e-qaimə Agro Food Service MMC tərəfindən təsdiqlənmişdir.)
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
15. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları əsasında hüquq dəyərləndirilmə aparılması qanunauyğundur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
22. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
23. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
24. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
25. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
26. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Tərəflər arasında bağlanmış 1.1-ci bəndinə əsasən “Satıcı” müxtəlif çeşiddə malları (bundan sonra “Mal” adlanacaq) “Alıcı ”ya təhvil verməyi, “Alıcı” isə həmin malları qəbul edərək müqavilə ilə müəyyənləşdirilmiş qiyməti satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavlə öhdəlikləri lazımı qaydada yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticədə iddiaçıya ödənilməyən borcu qalmışdır.
30. AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və e-qaimənin cavabdeh MMC tərəfindən təsdiq olunduğu üçün 12393 manat əsas borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.
33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 898 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
36. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallara görə göndərilmiş xx.xx.2020-ci il tarixli e-qaimə üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 898 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 898 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 131 manat dövlət rüsumu ödənilmişdir.
39. Azərbaycan Respublikası MPM-in:
40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
42. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 131 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 12393 manat əsas borc, 898 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 131 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova