Məhkəmə qərarları › İş №e-2-2(113)-1150/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1150/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1150/2021 07.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 08 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc 9500 (doqquz minin beş yüz) manat, ƏDV 1710.01 (min yeddi yüz on manat bir qəpik) manat olmaqla, ümumilikdə 11210.01 (on bir min iki yüz on manat bir qəpik) manat və gecikdirilmiş vaxt üçün 1200 (min iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC 08.06.2018-ci il tarixində alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən iddiaçı cavabdehə dəyəri əsas məbləğ 19827,30 manat, ƏDV 3568,91 manat olmaqla, ümumilikdə 23396,21 AZN dəyərində tibbi əlcəklər satmağı, cavabdeh isə 23396,21 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə və 08.07.2018-ci il tarixli, 429664 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə dəyəri 23396,21 manat məbləğində olan tibbi əlcəklər təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən 14.06.2018-ci il tarixdə avans olaraq 8474,58 manat, uyğun olaraq 1525,42 manat ƏDV, 08.07.2018-ci il tarixli, 429664 saylı elektron qaiməyə əsasən 25.07.2018-ci il tarixdə 1352,72 manat, uyğun olaraq 243,48 manat ƏDV, 14.09.2018-ci il tarixdə isə 500 manat, uyğun olaraq 90 manat ƏDV olmaqla, ümumilikdə 12186,20 manat məbləğində pul ödənilmişdir. İddiaçının öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 9500 manat, ƏDV 1710,01 manat olmaqla, ümumilikdə 11210,01 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmuş və son olaraq 02 noyabr 2020-ci il tarixində pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq növbəti 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, göndərilmiş pretenziya məktubuna heç bir cavab verilməmişdir. Tərəflər arasında bağlanan 08.06.2018-ci il tarixli müqavilənin hər iki nüsxəsi cavabdehdədir. Müqavilənin bir nüsxəsi tələb olunsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək müqaviləni vermir. Cavabdeh müəssisəyə göndərilmiş e-qaiməyə hər hansı qeyd və ya etiraz bildirməmişdir, e-qaimə cavabdeh tərəfindən təsdiqlənmiş və eyni zamanda müvafiq ödənişlər olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi izahatda iddia tələbini qəbul etməyərək, bildirdi ki, sözügedən müqavilə Cavabdeh MMC-də yoxdur. Müqavilənin bağlanıldığı qeyd olunan tarixdə isə Cavabdeh MMC-nin direktoru başqa şəxs olmuşdur. Hazırda Cavabdeh MMC-də olan mühasibat sənədlərinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə hər hansı bir borcu mövcud deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC tərəfindən 08.07.2018-ci il tarixli, EAAK seriyalı, 429664 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 23396,21 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. - “xxxx” QSC tərəfindən İddiaçı MMC-nin 01.01.2018-31.12.2018 dövr üçün AZ32ACAB******************** nömrəli hesabından 03.03.2021-ci il tarixdə edilmiş çıxarışdan görünür ki, İddiaçı MMC-yə Cavabdeh MMC tərəfindən 14.06.2018-ci il tarixdə avans olaraq 8474,58 manat və 25.07.2018-ci il tarixdə EAAK seriyalı, 429664 saylı elektron qaimə üzrə 1352,72 manat, 14.09.2018-ci il tarixdə 500 manat ödəniş edilmişdir. - İddiaçı MMC-nin 01.01.2018-31.12.2018-ci illər dövrü üçün ƏDV sub-uçot hesabından 03.03.2021-ci il tarixdə edilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 14.06.2018-ci il tarixdə 1525,42 manat və 25.07.2018-ci il tarixdə EAAK seriyalı, 429664 saylı elektron qaimə üzrə 243,48 manat, 14.09.2018-ci il tarixdə 90 ƏDV ödənişləri edilmişdir. - İddiaçı MMC tərəfindən 02.12.2020-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbinin bir hissəsini cavabdehdən iddiaçının xeyrinə alqı-satqı müqaviləsinə əsasən əsas borc 9500 (doqquz minin beş yüz) manat, ƏDV 1710,01 (min yeddi yüz on manat bir qəpik) manat olmaqla, ümumilikdə 11210,01 (on bir min iki yüz on manat bir qəpik) manat məbləğində pulun tutulması təşkil edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2018-ci ilin iyun ayında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alqı-satqı müqaviləsinin əsli və ya surəti məhkəməyə təqdim olunmamışdır. İddiaçı müqavilə nüsxələrinin cavabdehdə olduğunu bildirmiş, cavabdeh isə onlarda belə bir müqavilənin olmadığını qeyd etmişdir. Məhkəməyə yazılı şəkildə bağlanan müqavilə təqdim olunmasa da, məhkəmənin qənaətinə əsasən tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə qənaətə gələrkən cavabdehin iddiaçının hesabına etdiyi avans və elektron qaimə üzrə ödənişlər, o cümlədən ƏDV ödənişləri nəzərə alınmışdır. Həmçinin iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olduğunu iddia etmiş, cavabdeh isə həmin ödənişlərin başqa bir müqavilə üzrə edildiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, müəyyən olunur ki, ƏDV daxil 23396,21 manat məbləğdən ümumilikdə ƏDV daxil 12186,20 manat cavabdeh tərəfindən ödənilmiş, əsas borc 9500 manat, ƏDV 1710,01 manat olmaqla, ümumilikdə 11210,01 manat ödənilməmiş borc qalmışdır, ona görə də iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin gigər hissəsi gecikdirilmiş vaxt üçün 1200 (min iki yüz) manat məbləğində pulun cavabdehdən tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 08.07.2018-ci il tarixli elektron qaimə tərtib edilərək iddiaçıya göndərilsə də, qalıq borc hazırkı vaxtadək ödənilməmişdir. Ona görə də iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt üçün 1200 (min iki yüz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 9500 (doqquz min beş yüz) manat əsas borc, 1710,01 manat (min yeddi yüz on manat bir qəpik) ƏDV, gecikdirilmiş vaxt üçün 1200 (min iki yüz) manat olmaqla, cəmi 12410,01 manat (on iki min dörd yüz on manat bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar