Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1150/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, faiz borcu, əldən çıxmış fayda, hüquqi yardım və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçıMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26423.97 manat əsas borcun, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc məbləğinin 5 faizi olan 1321 manatın, 5000 manat əldən çıxmış faydanın, 200 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 33444.97 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq faəliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Fəaliyyətinin əsas istiqaməti sement satışıdır. Belə ki, iddiaçı sement zavodları ilə bağlanmış müqaviləsinə əsasən aldığı sementləri cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC-yə sement məhsulları satmışdır. Cavabdehin iddiaçıya 26423.97 manat borcu qalmışdır. Həmin müqavilə 31 dekabr 2022-ci il tarixdək qüvvədə olsa da cavabdeh ötən bir il ərzidədə borcunu qaytarmamaqla iddiaçıya ziyanlıq vurmuşdur. Belə ki, həmin pul qaytarmamaqla həmin pulu dövriyyədə istifadə edilə bilməməyi ilə bağlı iddiaçıya ziyan dəymişdir. Hazırkı iddia ilə bağlı qarşı tərəfə 29 noyabr 2023-cü il tarixdə məhkəmədən öncə işin həllinə nail olmaq üçün pretenziya məktubu və mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir. Həmin məktub və təklif eyni zamanda cavabdehə məxsus vergi kabinetlərinə də elektron qaydada göndərilmişdir. Cavabdeh tərəf göndərilmiş həmin müraciətlərlə bağlı heç bir müsbət addım atmadıqlarından 11 dekabr 2023-cü il tarixdə Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Həmin müraciətə əsasən mediasiya sessiasiyası keçirilmiş, həmin sessiyada iştirak etsələr də qarşı tərəfin heç biri iştirak etməmişdir. Bundan sonra müvafiq mediator özünün 27 dekabr 2023-cü il tarixdə ilkin mediasiya prosesində iştirak edilməmə barədə arayışı təqdim etmiş və həmin arayış iş matarillarına əlavə edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək bildirdi ki, iddia tələbini tamamilə qəbul etmirlər. Müqaviləyə əsasən cavabdehə heç bir mal daxil olmamışdır və cavabdeh şirkət tərəfindən həmin e-qaimələr ləğv edilmişdir. Təhvil-təslim aktları İddiaçı MMC, "xxxx" və Cavabdeh MMC-nin imzaları olmalı idi, lakin buna dair sübutlar təqdim edilməmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55/22 saylı alqı-satqı müqaviləsinə əsasən:
7. Müqavilənin 1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 2.4-cü bəndinə əsasən ödənişlə bağlı şərt, alıcı satıcının "xxxx" ASCnin AZ64PAHA40060AZNHC********** saylı bank hesabına əvvəlcədən və ya 20 iş günü ərzində ödəniş etməlidir.
9. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcının satıcıya qalıq borcu ən gec 20 dekabr 2022-ci il tarixdə ödənilməlidir.
10. xx.xx.2022-ci il tarixli EBBX406676 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5328,01 manat dəyərində, eyni tarixli EBBX156075 saylı eqaiməyə əsasən 4824,03 manat dəyərində, eyni tarixli EBBX406603 saylı e-qaiməyə əsasən 5328,01 manat dəyərində, eyni tarixli EBBX722490 saylı e-qaiməyə əsasən 5615,86 manat və eyni tarixli EBBS812747 saylı e-qaimə əsasən 5328,01 manat dəyərində mal göndərildiyi qeyd olunmuşdur və göstərilən bütün qaimələr 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********638900 saylı kameral vergi yoxlaması haqqında məlumatına əsasən sistem tərəfindən deyil, cavabdeh hüquqi şəxsin özü tərəfindən təsdiq edilmişdir.
11. Cavabdeh MMC tərəfindən tərtib edilmiş və imza və möhür ilə təsdiqlənməmiş arayışa əsasən EBBX156075 saylı, EBBS812747 saylı, EBBX406603 saylı, EBBX406676 saylı və EBBX722490 saylı e-qaimələr üzrə göstərilən malların onlara təhvil verilmədiyi və buna görə də ödəniş edilmədiyi qeyd olunmuşdur.
12. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
13. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
16. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
17. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55/22 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüş və müqavilənin 2.4-cü bəndinə əsasən ödənişlə bağlı şərt, alıcı satıcının "xxxx" ASC-nin AZ64PAHA40060AZNHC********** saylı bank hesabına əvvəlcədən və ya 20 iş günü ərzində ödəniş ediməsi şərtləndirilmişdir.
21. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişlər.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
24. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
25. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
26. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
27. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
28. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
29. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb edilən bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdehin nümayəndəsi həmin e-qaimələrin onlar tərəfindən ləğv edilməsini bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və tərəfindən satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
31. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla bir illik 1321 manat məbləğində borc hesablanmışdır.
32. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
33. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
35. Belə ki, məhkəmə hesab edir ki, 1 illik gecikdirmə üçün 1321 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
36. Bundan əlavə iddiaçı 5000 manat məbləğində əldən çıxmış faydanın cavabdehən tutulması tələbini də irəli sürmüşdür.
37. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
38. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
40. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
41. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
42. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmiş və buna dair dəlil sübut təqdim etməmişdir.
43. Azərbaycan Respublikası MPM-nin:
44. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
46. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci və 500 manat məbləğində hüquqi yardıma görə pul məbləği iddiaçı tərəfindən ödənilmişdir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26423.92 manat əsas borc məbləği, 1321 manat faiz məbləği, mediasiya xərcinin əvəzi olaraq 200 manat və hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova