Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1151/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19737,99 manat məbləğində əsas pulun, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün, cəmi 1000 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 154 manat və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, 021/V-23 müqaviləyə əsasən, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olsan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən, alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 100% məbləğində ödəniş edir. Müqaviləyə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulmuş vaxt çərçivəsində malı alıcıya təhvil verməyibsə, o bu halda alıcıya dəbbə pulu ödəməlidir. Bildirilir ki, müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 25637,99 (iyirmi beş min altı yüz otuz yeddi manat doxsan doqquz qəpik) manat təşkil edir. Qarşılıqlı borcların üzləşməsi barədə aktdan sonra xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində alıcı tərəfindən cəmi 5900 manat ödəniş edilmişdir. Hazırda qalıq borc ümumi dəyər (16727,11) və ƏDV (3010,880) daxil olmaqla, cəmi 19737,99 (on doqquz min yeddi yüz otuz yeddi manat doxsan doqquz qəpik) manat təşkil edir. Müqavilə tərəflərinin xx.xx.2024-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin gecikdirilmiş günlər üçün 1000 (min) manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 154 (yüz əlli dörd) manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2024-ci il tarixdə poçt vasitəsi ilə, həmçinin, online kargüzarlıq qaydasında və elektron məhkəmə sistemindən pretenziya məktubu göndərilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 10478 manat qalıq borcu, vəkil üçün ödənilmiş 320 manat, dəbbə pulu olaraq 524 manat və dövlət rüsumu olaraq ödənilmiş 154 manat, ümumilikdə 11476 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021/V-23 nömrəli müqaviləyə əsasən, satıcı müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində müqavilə dəyərinin 100% məbləğində ödəniş edir.
10. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılma protokolunda və ya qaimə fakturalarda öz əksini tapmış malların dəyəri sifariş tarixindən 10 (on) gün müddətində satıcının bank hesabına (xəzinəsinə) ödənilmədikdə alıcı hər gecikən gün üçün məbləğin 0,1%-i qədər dəbbə pulu ödəməlidir.
11. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə təqdim edilən malların adı, ölçü vahidi, qiyməti və məbləğləri razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 53 nömrəli 23600 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 52 nömrəli 5793,14 manat məbləğində hesabfakturalar təqdim edilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli EBDP 681238 nömrəli 2759,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 912283 nömrəli 382,32 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 083179 nömrəli 8006,91 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 277751 nömrəli 2759,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 975260 nömrəli 8278,50 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına görə cavabdehin iddiaçıya 25637,99 manat ƏDV daxil olmaqla borcu vardır (akt cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir).
15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2021-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 6218,64 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 20000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 7600 manat məbləğində ödəniş edilmişdir.
16. 24.01.2025-ci il tarixli, **********963435 nömrəli köçürmənin aparılması haqqında bildirişə görə 1922 manat pul iddiaçı tərəfindən cavabdehə məxsus ədv sub-uçot hesaba ödənilmişdir.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021/V-23 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 10478 manat dəyərində malları alıcıya təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, qəbul edilmiş malların dəyəri ödənilməmişdir.
25. Belə ki, tərəflər arasında imzalanmış sonuncu üzləşmə aktı ilə tərəflər arasında olan qalıq borcun məbləği 25637,99 manat olması müəyyən edilmiş, həmin tarixdən sonra cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15159,99 manat məbləğində ödəniş edilmiş, qalıq 10478 manat məbləğində pul ödənilməmiş qalmışdır.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 10478 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021/V-23 nömrəli müqavilənin 7.3-cü bəndinə əsasən hesablanmış 524 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.
30. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Fides” Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 154 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 10478 manat əsas borc, 524 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 154 manat dövlət rüsumu, ümumilikdə 11476 (on bir min dörd yüz yetmiş altı) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova