Məhkəmə qərarları › İş №e-2-2(113)-1153/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1153/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1153/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dəymiş zərər, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 20500 (iyirmi min beş yüz) manat sığorta ödənişinin və qətnamə qəbul olunan günədək sığorta ödənişinin gündəlik 0,1 faizi məbləğində dəbbə pulunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanda turizm fəaliyyəti ilə məşğuldur. Həmin ünvanda yerləşən obyekt onun tərəfindən xx.xx.2023-xx.xx.2024 dövrü üçün cavabdehdə sığortalanmışdır. Müqavilə üzrə sığortalı İddiaçıdur. xx.xx.2023-cü il tarixdə obyektdə yanğın baş vermişdir. Obyekt demək olar ki, tam yanaraq istifadəyə yararsız hala düşmüşdür. İddiaçı bir müddətdir ki, başqa ünvanda fəaliyyət göstərməyə məcbur qalmışdır. Sığorta hadisəsi baş verdiyindən cavabdeh "xxxx" ASC-yə müraciət olunmuşdur. Cavabdeh araşdırma apararaq sığorta hadisəsini təsdiq etsə də, cəmi 2400 manat zərər müəyyən etmiş və həmin məbləği iddiaçıya təklif etmişdir. Halbuki dəymiş zərər həmin məbləğdən qat-qat çoxdur. Sığorta sahəsində müstəqil qiymətləndirici olan Əmrulla Kərimovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən obyektə vurulan cəmi zərər 19993 manat təşkil edir. Digər qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə görə zərərin isə cəmi məbləği 20500 manatdır. Odur ki, sığorta ödənişi 20500 manat həcmində həyata keçirilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcbrai sığortalar haqqında” Qanunun 6.1,6.7, 15.1, 16.1, 18.2, 22.1.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni 2400 manat hissədə qəbul edirlər. Hesab edilir ki, azadolma məbləği çıxılmaqla, qalan həcmdə iddia təmin oluna bilər.

7. BB seriyalı, 757435 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, sığortalı – İddiaçı olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında yerləşən obyekt "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmış, sığorta məbləği 27943 manat, sığorta haqqı 60 manat, azadolma məbləği 400 manat məbləğində müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 adına xx.xx.2011-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 8466 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

9. İcarəyə verən qismində X5 ilə icarəçi İddiaçı arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə müqavilənin 3-cü bəndində nəzərdə tutulan qaydada və məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verən bundan sonra əmlak adlanacaq aşağıdakı əmlakı icarəçinin müvəqqəti istifadəsinə verir: AZ 1009 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 130 (Salam Tour) Sahəsi 60,9 kv.m. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakın mülkiyyət (sərəncam vermə) hüququ icarəyə verənə məxsusdur.

10. xx.xx.2023-cü il tarixli, AKT-167/23 nömrəli aktda qeyd edilmişdir ki, xüsusi mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 130, nömrəli qeyri-yaşayış yarımzirzəmidə yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsinə dair 27 noyabr 2023-cü il tarixdə sığortalı İddiaçı səlahiyyətli nümayəndəsi X1 etibarnamə əsasında müraciətinə uyğun olaraq əmlaka baxış keçirilmişdir. Bildirilir ki, İddiaçı icarə müqaviləsi əsasında sahibliyində olan, turizm şirkəti kimi fəaliyyət göstərən və "xxxx" ASCnin BB 757435 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi ilə sığortalanmış sözügedən yarımzirzəmiyə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirilmə işi yekunlaşdırılmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı icarə müqaviləsi əsasında sahibliyində olan və "xxxx" ASC-nin BB 757435 sığorta şəhadətnaməsi ilə sığortalanmış Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 130, saylı yarımzirzəmiyə dəymiş zərərin həcmi: 19993 (on doqquz min doqquz yüz doxsan üç) manat təşkil edir.

11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 202/ks/23 nömrəli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, hörmətli Ceyhun bəy, sizin xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən istifadənizdə olan Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 130 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsinə yanğın nəticəsində dəymiş ziyanın məbləğini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Dəymiş ziyanın məbləği 20500 (iyirmi min beş yüz) manat təşkil edir.

12. "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli sığorta ödənişinin verilməsinə dair bildirişdə qeyd edilmişdir ki, "xxxx" ASC-yə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 130 ünvanında yerləşən və istifadənizdə olan qeyri-yaşayış obyektinə (Salam Tour ofisi) xx.xx.2023-cü il tarixində sığorta hadisəsi (yanğın) nəticəsində zərər dəyməsi barədə məlumat verilmişdir. Müraciətlə bağlı bildirilir ki, baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlak) dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert tərəfindən sözügedən əmlaka baxış keçirilmişdir. Ekspertin zərərin hesablanması üzrə rəyinə əsasən baş vermiş hadisə nəticəsində daşınmaz əmlaka dəymiş zərər 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Sizinlə "xxxx" ASC arasında bağlanmış BB seriyalı 757435 blank nömrəli sığorta müqaviləsinin şərtlərinə əsasən daşınmaz əmlak üzrə şərtsiz azadolma məbləği 400 (dörd yüz) manat təşkil edir. Müqavilə şərtləri əsas götürülərək 400 (dörd yüz) manat azadolma məbləği ekspert tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq 2000 (iki min) manat məbləğində sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi mümkün hesab edilir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə razılıq bildirmədiyiniz təqdirdə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxsin seçilməsi üçün Sizin və ya səlahiyyətli nümayəndənizin (səlahiyyətli nümayəndə olduğunu təsdiq edən müvafiq sənədlə) "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən baş ofisinə yaxınlaşmağı xahiş olunur.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 130 (Salam Tour) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2400 manat məbləğində ziyan dəymişdir.

14. xx.xx.2023-cü il tarixli yanğın haqqında aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 130 (Salam Tour) ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğının səbəbi kimi baxış keçirilən zaman və alınan izahatlardan belə ehtimal edilir ki, ofisin daxili elektrik xətlərində baş vermiş qısa qapanma nəticəsində yanğın hadisəsi baş vermişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/2394 saylı ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsindən sonra əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı yenidən qurma və tikinti-təmir işlərinin təqribi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 7039 manat məbləğində müəyyən olunur. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 886.3-cü maddəsinə əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.4-ci maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

19. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icarəyə verən qismində X5 ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında yerləşən əmlakı icarəçinin müvəqqəti istifadəsinə vermişdir. İddiaçı həmin ünvanında yerləşən obyekti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. xx.xx.2023cü il tarixdə qeyri-yaşayış sahəsində yanğın baş vermiş və qeyri-yaşayış sahəsinə zərər dəymişdir.

20. Məhkəmə sığorta hadisəsinin baş verməsini, hadisə nəticəsində iddiaçıya məxsus əmlaka zərər dəyməsini, həmin zərərin əvəzi qismində cavabdeh tərəfindən ödənişin edilməli olmasını işin mübahisəsiz hallarını təşkil edir (mübahisə ödənilməli olan məbləğlə bağlı olmuşdur).

21. Cavabdeh tərəf iddia tələbini qismən, yəni 2400 manat hissədə qəbul etdiyini bildirmiş, lakin iddiaçı tərəf isə qeyd edilən məbləğlə razı olmayaraq iddia tələbində qeyd etdiyi məbləğdə ona ziyan dəydiyini bildirmişdir. Qeyd edilən halın, yəni dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsindən ötrü hazırkı iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq rəy tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Rəydə qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsindən sonra əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı yenidən qurma və tikinti-təmir işlərinin təqribi dəyərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq 7039 manat məbləğində olduğu müəyyən olunmuşdur.

22. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/2394 saylı ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə qarşı iddianı irəli sürməkdə haqlı olmuşdur və sığorta ödənişinin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 6639 (altı min altı yüz otuz doqquz) manat sığorta ödənişi (ekspert rəyi ilə müəyyən edilən məbləğdən şərti azadolma məbləği çıxılmaqla) (7039 – 400=6639 manat) iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.

23. Məhkəmə iddia tələbinin qətnamə qəbul olunan günədək sığorta ödənişinin gündəlik 0,1 faizi məbləğində dəbbə pulunun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, sığorta ödənişinin ödənilməməsi məbləğdəki mübahisə ilə bağlı olmuş, cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməsi təklif edilmiş, lakin iddiaçı məbləğlə razılaşmayaraq, həmin məbləğdə sığorta ödənişini qəbul etməmiş, ona görə məhkəməyə müraciət olunmuşdur. Bu baxımdan məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı gecikdirilməyə görə cavabdehdən dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı deyil.

24. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 32,40 manat (otuz iki manat qırx qəpik) hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 67,60 manat (altmış yeddi manat altmış qəpik) hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6639 (altı min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 32,40 manat (otuz iki manat qırx qəpik) hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 67,60 manat (altmış yeddi manat altmış qəpik) hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar