Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1156/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 47518.43 manat (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 4751 manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manatın, habelə ödənilmiş 247 manat dövlət rüsumunun əvəzinin, cəmi 52866.43 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 004/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müxtəlif növdə qum, qırma qum, qırma daş materialları təhvil vermişdir. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Cavabdeh İddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, İddiaçıya 40269.85 + 7248.58 (ƏDV ) manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 004/06/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan mallar müqaviləyə 1 saylı Əlavədə göstərmişdir.
12. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin 2.2-ci bəndinə göstərilən malları təhvil aktı, qaimə-faktura (vergi hesab fakturası) əsasında alıcıya təhvil vermək satıcının vəzifəsi kimi müəyyən edilmişdir.
13. Müqaviləyə 1 saylı Əlavə ilə tərəflər malların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.
14. Müqavilə və 1 saylı Əlavə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDL seriyalı, 668256 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 25.633,19 manat, EBDN seriyalı 092147 nömrəli xx.xx.2023-cü il tarixli, dəyəri 33.231,15 manat, EBDJ seriyalı 574771 nömrəli xx.xx.2023-cü il tarixli, dəyəri 4.937,05 manat, EBDT seriyalı 402683 nömrəli xx.xx.2023cü il tarixli dəyəri 8.497,04 manat olan elektron qaimələr göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 72.298,43 mana təşkil edir.
19. İddiaçı cavabdeh tərəfindən müəyən ödənişlər edildikdən sonra hazırda 47.518,43 manat borcunun qaldığını bildirir.
20. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi, tərəflər arasında bağlanmış müqavilənin 3.2.1-ci bəndinin şərtləri, yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
22. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 47.518,43 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
23. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
24. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 47.518,43 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 4.751 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İddiaçı tərəfindən son elektron qaimənin 2023-cü ilin noyabr ayında göndərildiyini və iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə yəni 10 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.979,93 (47.518,43x5/100=2.375,921 (1 il üçün), 2.375,921/12=197,993 (1 ay üçün) 197,993x10=1.979,93 (10 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
28. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Rüfət oğluna xx.xx.2024-cü il tarixli order verilmişdir.
29. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
30. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********98 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 248 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
31. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 238,49 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 47.518 (qırx yeddi min beş yüz on səkkiz) manat 43 (qırx üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.979 (bir min doqquz yüz yetmiş doqquz) manat 93 (doxsan üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 238 (iki yüz otuz səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov