Məhkəmə qərarları › İş №e-2-2(113)-1159/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1159/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1159/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, AD-030/22 nomrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 8250,25 manat əsas, 6069,25 manat dəbbə pulu olmaqla cəmi 14319,5 manat borcun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC (VÖEN **********) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AD-030/22 nomrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə meyvə-tərəvəz malları satılmışdır. Qeyd edilən müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müvafiq satış nöqtəsində satıcıdan təqvim ayı ərzində ərzində aldığı malların qiymətini növbəti təqvim ayının 10-na qədər tam şəkildə ödəməlidir. Lakin, Cavabdeh MMC qeyd edilən müqavilə şərtini pozaraq almış olduğu malların pulunu tam olaraq ödəməmişdir. Qeyd edilən müqavilənin 6.1-ci bəndində qeyd olunan şərtə əsasən əgər alıcı müqqvilənin 2.2-ci bəndində göstərilən müddətə riayət etməsə hər gecikmə günü üçün ödənilməmiş malların qiymətinin 0,2% miqdarında dəbbə pulu ödəməlidir. Qeyd edilən müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 8250,25 (səkkiz min iki yüz əlli manat iyirmi beş qəpik) manat əsas, 6069,25 (altı min altmış doqquz manat iyirmi beş qəpik) manat dəbbə pulu olmaqla cəmi 14319,5 (on dörd min üç yüz on doqquz manat əlli qəpik) manat məbləğindədir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmədən xx.xx.2022-ci il tarixli, AD-030/22 nomrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 8250,25 manat əsas, 410 manat dəbbə pulu və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında uzun müddətli əməkdaşlıq olmuş, iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərinin əksər hissəsi ödənilsə də, iddia ərizəsinə əlavə olaraq təqdim edilmiş elektron qaimələr ödənilməmiş qalmışdır. Hazırda cavabdehin qalıq borcu 8250,25 manat təşkil edir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AD- 030/22 nörməli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilə imzalandığı andan bu müqavilədə nəzərdə tutulan qaydada tərəflər arasında razılaşdırılmış vaxtda və qiymətlərlə malları alıcıya təqdim etməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə görə bu müqavilənin 3.5 və 3.6-cı maddəsindəki şərtlər nəzərə alınmaqla alıcının müvafiq satış nöqtəsi satıcıdan təqvim ayı ərzində aldığı malların qiymətini növbəti təqvim ayının 10-na qədər tam şəkildə ödəməlidir. Alıcı malların dəyərini müqavilədə göstərilən bank hesabına ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürtməyi öhdəsinə götürür.

11. Müqavilənin 6.1-ci bəndinə görə əgər alıcı müqavilənin 2.3-cü bəndində göstərilən müddətə riayət etməsə hər gecikmə günü üçün ödənilməmiş malların qiymətinin 0,2 % miqdarında dəbbə pulu ödəməlidir.

12. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 22152,35 manat məbləğində vəsait ödənilmişdir.

13. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2680,41 manat ƏDV ödənilmişdir.

14. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8337,50 manat məbləğində mallar təqdim edilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AD-030/22 nörməli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq malları cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımınca icra edilməmiş, cavabdehin iddiaçıya 8250,25 manat məbləğində borcu yaranmışdır. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, cavabdehdən 8250,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış 410 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 8250,25 manat əsas borc, 410 manat dəbbə pulu tutularaq idddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 133 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8250,25 manat əsas borc, 410 manat dəbbə pulu, 133 manat dövlət rüsumu, ümumilikdə 8793,25 (səkkiz min yeddi yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar