Məhkəmə qərarları › İş №e-2-2(113)-1167/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1167/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1167/2022 15.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “Cooper and Hunter (SG) PTE. Limited” Şirkətinin cavabdehlər "xxxx" MMC və “Cavabdeh2” Şirkətinə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Cooper and Hunter (SG) PTE. Limited” Şirkətinin (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC və “Cavabdeh2” Şirkətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 87302 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sinqapur qanunvericiliyinə əsasən yaradılmış elektrik əşyaların və soyutma sistemlərinin satışı və ixracı ilə məşğul olan beynəlxalq alqı-satqı şirkətidir. Cavabdeh "xxxx" MMC Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaradılmış elektrik əşyaların və soyutma sistemlərinin Azərbaycanda marketinqi və paylanması ilə məşğul olan şirkətdir. 01 iyul 2019-cu il tarixində iddiaçı ilə cavabdeh alqı-satqı və müstəsna distribütorluq müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən iddiaçı Müqavilənin 1 saylı cədvəlində müəyyən edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə təsviri 6 mart 2020-ci il tarixli təhvil-təslim aktında (Warehouse Certificate of Receipt) verilmiş 273 ədəd əşya təqdim edilmiş və cavabdeh Baş Direktor Rəşadə Bahari tərəfindən həmin təhvil-təslim aktını imzalamaqla həmin əşyaları qəbul etmişdir. 06 mart 2020-ci il tarixində iddiaçı cavabdehə 95,102 ABŞ dolları məbləğində BC200228 saylı qaimə-faktura göndərmiş, lakin cavabdeh tərəfindən qeyd edilən qaimə-faktura ilə bağlı heç bir ödəniş edilməmişdir. 15 may 2020-ci il tarixində iddiaçı, cavabdeh və “Cavabdeh2” şirkəti müqaviləyə 2 saylı Əlavə imzalamış və həmin Əlavənin 1.2-ci bəndinə əsasən, tərəflər cavabdehin müqavilənin 3.1(a) bəndində qeyd olunan öhdəliyini Ortaqlığa/Cavabdeh 2-yə ötürmüşlər və Ortaqlıq/Cavabdeh iddiaçıya ləngimə olmadan 3.1(a) bəndində qeyd edilən qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür. 2 saylı Əlavənin 1.3-cü bəndinə əsasən, daşıma, gömrük rəsmiləşdirməsi və sair bəyannamə ilə bağlı əlaqəli xərclər cavabdeh tərəfindən ödəniləcəkdir. 20 may 2020ci il tarixində Ortaqlıq/Cavabdeh 2 iddiaçıya 500 ABŞ dolları və 22 may 2020-ci il tarixində 7.300 ABŞ dolları ödəmişdir. Cavabdehlərin hal-hazırda iddiaçıya 87,302 ABŞ dolları borcu var. İddiaçı cavabdehlərə 18 iyun 2021-ci il tarixində pretenziya məktubu göndərərək yuxarıda qeyd olunan borcun ödənilməsini xahiş etmiş, lakin müvafiq ödənişi ala bilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi L.Səfərova iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili L.Səfərovanın yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01.07.2019-cu il tarixli satış və eksklüziv distribürorluq müqaviləsinə əsasən satıcı beynəlxalq satış və təcnihzat şirkəti olmaqla Sinqapur Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərir. Alıcı beynəlxalq şirkət olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərir. Satıcı “Cooper&Hunter” markası ilə elektriklə çalışan istehlak malları və soyutma sistemlərini satmaq, yükləmək və ixrac etmək üçün qanunla müəyyən edilmiş kommerisya hüquqlarında sahibdir. Alıcı isə Azərbaycan ərazisində “bənzər” məhsulların lokalizasiyası, marketinqi və paylanması sahəsində ixtisaslaşıb və təcrübəyə sahibdir. İddiaçı və cavabdehlər arasında bağlanmış 01.07.2019-cu il tarixli alqı-satqı və müstəsna distribyutorluq müqaviləsinə 15.05.2020-ci il tarixli 02 saylı əlavə və dəyişikliyin edilməsi barədə sazişə əsasən ortaqlı əsas müqaviləyə tərəf olur və satıcı alıcıya əsas müqavilənin ayrılmaz hissəsini təşkil edən alış/təchizat sifarişində və/və ya əsas müqaviləyə müvafiq əlvələrdə nəzərdə tutulan malları tədarük etməyi, alıcı bu sazişə uyğun olaraq əsas müqaviləyə əlavə edilən və imzalanan alış/təchizat sifarişinin və/ və ya müvafiq əlavələrinin şərtləri əsasında belə malları qəbul etməyi, onun ortaqlıq isə öz növbəsində alıcı tərəfindən qəbul edilmiş malların müqabilində onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Sazişin 1.2-ci bəndinə əsasən tərəflər bununla razılaşırlar ki, əsas müqavilənin 3.1 (a) bəndinə əsasən alıcının qeyd edilən öhdəliyi ortaqlığa ötürülür və ortaqlıq satıcıya ləngimə olmadan 3.1 (a) bəndində qeyd edilən qaydada ödənişi etməyi öhdəsinə götürür. 20 may 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 20.05.2020-ci il tarixdə cavabdehlər tərəfindən iddiaçının hesabına 500 ABŞ dolları pul köçürülmüşdür. 22 may 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 21.05.2020-ci il tarixdə cavabdehlər tərəfindən iddiaçının hesabına 7300 ABŞ dolları pul köçürülmüşdür. 06.03.2020-ci il tarixli iddiaçi tərəfindən verilmiş hesabdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı və müstəsna distibutor müqaviləsinə əsasən cavabdeh tərəfindən ümumilikdə 95102 ABŞ dolları məbləğində pul ödənilməlidir. Təhvil-təslim barədə anbar şəhadətnaməsindən görünür ki, cavabdeh 273 qutu malı iddiaçıdan aldığını təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş 18 iyun 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında 01 iyul 2019-cu il tarixli müqavilə üzrə cavabdehlərin 87302 ABŞ dolları məbləğində borclarının 5 iş günü ərzində ödəməsini tələb etmiş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 iyul 2019-cu il tarixli satış və eksklüziv distribürorluq müqaviləsindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin satış və eksklüziv distribürorluq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 87302 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 87302 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin satış və eksklüziv distribürorluq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən 87302 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat rüsum cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər "xxxx" MMC və “Cavabdeh2” Şirkətindən 87302 (səksən yeddi min üç yüz iki) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Cooper and Hunter (SG) PTE. Limited” Şirkətinə ödənilsin. Cavabdehlər, qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar