Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1167/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi, dövlət rüsumu xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili X3, cavabdehin nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd v/k markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1400 manat pulun, 220 manat vəkil xidmət haqqının və 34 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeharasında imzalanmış xx.xx.2009-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 700(yeddi yüz) manat olan 1 ədəd v/k markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdehəvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2009-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh ümumiyyətlə belə bir müqavilə bağlamadığını, iddiaçı ilə indiyə kimi hər hansı əlaqəsinin olmadığını, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş muqavilədəki imzanın ona aid olmadığını bildirir. Həmçinin, Cavabdeh adına açdırmış olduğu VÖEN üzrə sahibkar kimi hər hansı fəaliyyət göstərməmişdir. Cavabdeh müraciətinə əsasən xx.xx.2009-cu ildə onun fəaliyyəti dayandırılmış və bu barədə müvafiq arayış verilmişdir. İddiaçı isə cavabdehlə xx.xx.2009-cu il tarixdə müqavilə bağladığını bildirir. Lakin ərizəyə əlavə edilən arayışdan görünür ki, iddiaçının göstərdiyi - müqavilənin bağlandığı tarixdən 1 gün sonra cavabdeh vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Əgər cavabdeh sahibkarlıq sahəsində fəaliyyət göstərməsi üçün iddiaçı ilə müqavilə bağlayırsa, o halda nəyə görə fəaliyyətini dayandırmışdır?!. Cavabdeh bildirir ki, həmin illərdə onun övladları xarici ölkələrdə - Türkiyədə və BƏƏ-də təhsil aldıqlarından o da övladları ilə birgə xarici ölkələrdə yaşamış, Bakı şəhərindəki mənzilini kirayə müqaviləsi əsasında kirayəyə vermək və gəlirini rəsmiləşdirmək üçün vergi orqanında qeydiyyatdan keçərək VÖEN açdırmışdır. Lakin 2009-cü ildə mənzilin kirayə müqaviləsi bitdiyindən, o da vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Göründüyü kimi iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Bundan başqa, iddiaçı tərəf bildirir ki, müqavilə 2009- cu ildə bağlanılmış, iddiaçı tərəfindən guya ki, cavabdehə əvəzsiz istifadə üçün soyuducu verilmişdir. Lakin 15 ildən sonra iddiaçı tərəfindən əvəzsiz istifadəyə verdiyini idida etdiyi əşyalarla bağlı iddia qaldırılmışdır. 15 il ərzində iddiaçı maraqlanmışdırmı ki, soyuducular təyinatı üzrə və müqavilə məqsədləri üçün istifadə edilib ya yox? Yaxud soyuducu ümumiyyətlə işlək vəziyyətdədirmi? Çünki əgər belə bir müqavilə bağlanmışdırsa, əvəzsiz istifadəyə verilmiş əşya müqavilə üzrə nəzərdə tututlmuş məqsədlər üçiin işlənməli və işlək vəziyyətdə olmalı idi. Bundan başqa iddiaçı nə vaxt və hansı qaydada cavadehlə əlaqə saxlayıb əşyalarını geri istəmişdir? Çünki cavabdehə indiyə kimi belə bir məktub, mesaj və ya telefon zəngi gəlməmiş, cavabdeh vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığından ona online kargüzarlıqdan hər hansı sənəd daxil olması mümkün olmamışdır. Bundan başqa, mülki qanunvericiliyin tələbinə əsasən hər hansı bir iddia tələbi müəyyən müddətlər ərzində qaldırıla bilər. Göründüyü kimi ümumi iddia ərizəsi üzrə 10 il, müqavilə tələbləri üzrə 3 il ərzində iddia qaldırıla bilər və əgər qanunda göstərilən müddətin keçməsindən sonra iddia qaldırılarsa, mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı iş üzrə iddia müddəti həm ümumi halda (yəni on il), ham da xüsusi halda (yani 3 il) ötürülmüşdür va mülki qanunvcriclik iddia müddətinin bərpasını yalnız fiziki şəxslərə münasibətdə tətbiq edilməsini mümkün sayır. Göründüyü kimi hazırkı iddia ərizəsi əsassız olduğundan, sübutlar qeyri-mötəbər olduğundan və iddia tələbi həqiqəti əks etdirmədiyindən, o cümlədən qanunla nəzərədə tutulmuş iddia müddətlərinin ötürülməsi ilə verildiyindən təmin edilməməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" MMC ilə Cavabdeh Cavad qızı arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 2965 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən “İstifadəyəverən”
9. 2.1.1. “İstifadəyəverən” müqavilə şərtlərinə əsasən onun mülkiyyəti olan, 1 ədəd V/K markalı 700 manat dəyəri olan soyuducunu istifadəçiyə verir. İstifadəyə verilmiş soyuducu üçün istifadə haqqı tələb etmir.
10. 2.1.2. İstifadəyə verilən soyuducu üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq “İstifadəçi”yə təslim edilməlidir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən “İstifadəçi”
12. Müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi istifadə üçün götürdüyü əmlakdan müqavilə şərtlərinə uyğun istifadə edilir.
13. Müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə, əmlakı qəbul etdiyi vəziyyəfə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir.
14. Müqavilənin 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidi. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmalkın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
16. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 4/264 saylı rəyində ekspertizaya təqdim edilmiş, işin 44-45-ci vərəqələrində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin sonunda “istifadəçi” qrafasında “Cavabdeh” yazıları, “imza” qrafasındakı imza və “417-77-37” rəqəmləri-Cavabdeh tərəfindən icra olunduğu, ekspertizaya təqdim edilmiş, işin 44-45-ci vərəqlərində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin sonunda “istifadəçi” qrafasında “Bakı şəhəri, Həsənoğlu küçəsi, ev 2, nənzil 3, AZE06051692 Nərimanov RPİ xx.xx.2007” yazıları –Cavabdeh tərəfindən yox, başq aşəxslər tərəfindən icra olunduğu qeyd olunmuşdur.
17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Göründüyü kimi iddiaçı soyuducuların əvəzsiz istifadə verilməsinə dair müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması səbəbi ilə 1 ədəd V/K markalı soyuducunun dəyərinin iki misli həcmində olmaqla cəmi 1400 manat məbləğində borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh isə müqavilənin bağlanmasını, soyuducunun onun tərəfindən götürülməsini inkar edərək iddianın rədd edilməsini xahiş etmişdir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında əmlakın əvəzsiz istifadəyə verilməsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən əmlakı cavabdehin əvəzsiz istifadəsinə versə də (müqavilənin cavabdeh tərəfindən imzalanması ekspert rəyi ilə öz təsdiqini tapmışdır), cavabdeh əvəzsiz istifadəyə verilmiş əmlakı vaxtında qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
24. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
25. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
26. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.
27. Beləliklə, cavabdehin iddiaçıya həmin əmlakın 2 misli dəyərində ödəniş etmə öhdəliyi yaranmışdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. İddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamış və müqavilə üzrə üzərinə götürüldüyü öhdəliyi pozmuşdur.
32. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
33. Həmçinin məhkəmə cavabdeh tərəfin müqavilə üzrə iddia müddətinin keçməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək hesab edir ki, əsassızdır.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
35. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
36. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
37. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
38. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
39. İşdən göründüyü kimi tərəflər arasında soyuducunun əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müqavilənin 2.2.8-ci və 3.1-ci bəndlərinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən tələb etmə anı olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun cavabdehə çatdırıldığı tarix əsas götürülməklə iddia müddəti ötürülməmiş hesab edilməlidir.
40. Buna görə də cavabdehin həmin dəlilinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.
41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 34 manat məbləğində dövət rüsumu və 220 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını xahi etmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Vəkil xərci ilə bağlı iddiaçı məhkəməyə sübut təqdim etmədiyindən iddia o hissədə təmin edilə bilməz.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 34 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı və 126 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixli müqavilə üzrə 1400 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 34 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova