Məhkəmə qərarları › İş №e-2-2(113)-1169/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1169/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1169/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400,27 manat (dörd yüz manat, iyirmi yeddi qəpik) əsas borc, 96 (doxsan altı) manat dəbbə pulu, 220 (iki yüz iyirmi) manat vəkil xidmət haqqı və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı MMC tərəfindən fiziki şəxs Cavabdeh malların təhvil-qəbul aktları əsasında ƏDV daxil ümumilikdə 400,27 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh öhdəliyinin icrasını pozaraq 400,27 manat əsas borcu ödəməmişdir. Müqavilənin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanunamüvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1% (sıfır tam,onda bir) miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% (sıfır tam,onda iki) miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam edilməsini xahiş etmiş, eləcə də iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 25 aprel 2024-cü il tarixli, ******* nömrəli məhsulların alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı müqaviləyə əsasən faktura üzrə məhsulların verildiyi məqamda alıcının ona verdiyi sifariş nəzərə alınmaqla alıcıya məhsulları müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur. Sifariş onlayn platformalar vasitəsilə verildikdə məhsulların qiymətləri həmin platforma vasitəsilə alıcıya bildirilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa, malı aldığı anda göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının müraciəti və sifarişi əsasında onun sifarişini (və ya tələbatını) və müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə ödənilməsi və geri qaytarılmamış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən alıcının müqavilədən irəli gələn öhdəliyini təmin etmək məqsədilə alıcı ilə və ya üçüncü şəxslə girov (ipoteka) və zaminlik müqaviləsi bağlanıla bilər. Həmin müqavilənin 7.4-cü maddəsinə əsasən müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilmədikdə tərəflər müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsinin üsulları hesabına öz tələbini ödəməyə haqlıdır. - xx.xx.2024-cü il tarixli, 787613 nömrəli malların təhvil-təslim aktına əsasən “X1 Bottlers” MMC tərəfindən Cavabdeh verilən malların ümumi dəyəri (ƏDV daxil) 278,29 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. Son ödəmə tarixi: xx.xx.2024. - xx.xx.2024-cü il tarixli, 020220 nömrəli malların təhvil-təslim aktına əsasən “X1 Bottlers” MMC tərəfindən Cavabdeh verilən malların ümumi dəyəri (ƏDV daxil) 49,62 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. Son ödəmə tarixi: xx.xx.2024. - xx.xx.2024-cü il tarixli, 803356 nömrəli malların təhvil-təslim aktına əsasən “X1 Bottlers” MMC tərəfindən Cavabdeh verilən malların ümumi dəyəri (ƏDV daxil) 72,46 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. Son ödəmə tarixi: xx.xx.2024. - “X1 Bottlers” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, hesab-faktura üzrə borcun qalıq məbləği 400,27 manat təşkil edir. -"xxxx" MMC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqısatqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, borcu yaranmışdır. İddia tələbinin digər hissəsini cavabdehdən 400,27 manat (dörd yüz manat, iyirmi yeddi qəpik) əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 400,27 manat (dörd yüz manat iyirmi yeddi qəpik) məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin məbləğdə borcun mövcudluğu müqavilə, malların təhvil-təslim aktları ilə öz təsdiqini tapır. İddia tələbinin digər hissəsini cavabdehdən 25 aprel 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 96 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 96 (doxsan altı) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı 220 manat vəkil xidməti xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, 220 (iki yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400,27 manat (dörd yüz manat iyirmi yeddi qəpik) əsas borc, 96 (doxsan altı) manat dəbbə pulu, 220 (iki yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 746,27 manat (yeddi yüz qırx altı manat iyirmi yeddi qəpik) məbləğində pul vəsiti İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar