Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1170/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Turkay Kıztasa qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdeh Turkay Kıztasın iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Turkay Kıztasa qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kıztaş Turkaydan 10.000 (on min) manat əsas borcun, 1200(min iki yüz) manat dəbbə pulunun, 220(iki yüz iyirmi) manat vəkil xidmət haqqının və 148 (yüz qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə fiziki şəxs Kıztaş Turkay arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinin 1 saylı Əlavəsinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi 5000 kasset müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri X3 mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsinin 8.2.1-ci bəndinə əsasən Satışı ilk öncədən Alıcıya 5000 manat (ƏDV xaric) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.8-ci bəndinə əsasən Alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa Satıcıya Əlavə №1-də göstərilmiş məbləğin,pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən fiziki şəxs Kıztaş Turkaya xx.xx.2021-ci il tarixli Hesab-faktura və xx.xx.2021-ci il tarixli Ödəmə qəbzi əsasında ƏDV xaric ümumilikdə 5000 (beş min) manat məbləğində pul verilmişdir. Cavabdeh öhdəliyini icra etməmiş və aldığı 5000 (beş min) manat borc məbləğinin iki mislini də geri ödəməmişdir. “Məhsulların güzəştli alğı-satqı” Müqaviləsinin 6.8-ci bəndinə əsasən Alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa Satıcıya Əlavə №1də göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3-ci bəndinə görə X2 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1(sıfır tam,onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30(otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı cavabdeh Kıztaş Turkaya rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı"xxxx" MMC olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Kıztaş Turkaydan 10.000 (on min) manat əsas borcun, 60(altmış) manat dəbbə pulunun, 220(iki yüz iyirmi) manat vəkil xidmət haqqının və 148(yüz qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1170/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh Kıztaş Turkaydan 10.000 (on min) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu, 220 (iki yüz iyirmi) manat vəkil xərcinin əvəzi və dövlət rüsumunun əvəzi qismində 148 (yüz qırx səkkiz) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
5. Həmçinin Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1170/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1170/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin qismən – 5000 manat hissəsində qəbul etdiyini, qalan hissədə iddiaya etiraz etdiyini bildirdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Kıztaş Turkay arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə Satıcı özünün istehsal və satışım təşkil etdiyi sərinləşdirici içkiləri və çayları Aha ya satmağı, Alıcı isə öz növbəsində Satıcının istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları qəbul etməyi, həmin məhsulları öz mağazasmda (satış nöqtəsi, restoran, otel, yemək xidməti sahəsi və.) Satıcının təklif etdiyi yerdə yerləşdirməyi, qəbul etdiyi məhsulun əvəzində müəyyənləşdirilmiş pul məbləğini Saücıya ödəməyi öhdəsinə götürür (tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 8-ci bəndində əlavə şərtlər də nəzərdə tutula bilər).
11. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri ƏDV daxil olmaqla faktura ilə müəyyən olunur.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) saüş zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin Saücıya ödənilməsini təmin etməlidir.
14. Müqavilənin 3.6-cı bəndinə əsasən X2 faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə Satıcıya ödənilərsə Alıcı bu barədə Satıcını dərhal xəbərdar etməlidir.
15. Müqavilənin 3.7-ci bəndinə əsasə alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız Satıcımın nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir. Bu qaydanın Alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı daşıyır.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini (və ya tələbatın) və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir.
17. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən məhsullar faktura üzrə Alıcıya çatdırıldığı andan onun mülkiyyəti hesab olunur.
18. Müqavilənin 6.3-cü bəndinə əsasən X2 faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 (sıfır tam onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam onda iki) % miqdarında dəbbə pulu ödəməlidir.
19. Müqavilənin 6.8-ci bəndinə əsasən alıcı bu müqavilənin predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa və yaxud müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gələrsə,fəaliyyətini dayandırarsa Satıcı tərəfindən ona ödənilmiş Əlavə № 1- də göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin (çətir, stəkan, örtük və s.) dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini Satıcıya geri ödəməyi öz öhdəsinə götürür.
20. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinə qədər qüvvədədir.
21. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilə əlavə 1-in 8.1.2-ci maddəsində göstərilmiş kaset sayı müqavilə müddəti ərzində satılmazsa, satıcı bu müqaviləni göstərilən həcmdə məhsul satılana qədər uzatmaq hüququna malikdir.
22. İddiaçı ilə Kıztaş Turkay arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinə 1 saylı əlavəyə əsasən:
23. Əlavənin 8.1.2-ci bəndinə əsasən bu müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş bütün öhdəliklər qarşılığında müqavilə müddəti ərzində alıcı satıcıdan satın aldığı 5000 kaset məhsulu satacağını.
24. Əlavənin 8.2.1-ci bəndinə əsasən satıcı alıcıya müqavilə müddəti ərzində satıcının istehsal və satışını təşkil etdiyiməhsullardan satacağına görə, ilk öncədən 5000 manat (ƏDV xaric) ödəniş etməyi öz öhdəsinə götürür.
25. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
27. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
30. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
31. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
32. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. İşdən və tərəflərin verdiyi izahata əsasən məlum olduğu kimi iddiaçı müqavilə üzrə həm 5000 əsas borcu həm də müqavilənin 6.8-ci bəndinə əsasən əsas borca 2 misli məbləğində hesablanmış borcu cavabdehdən tələb edir. Lakin, məhkəmə iclasında cavabdeh 10.000 manat tələbdən 5000 manata etiraz etdiyi üçün iddiaçının nümayəndəsi şifahi olaraq bildirdi ki, məhkəmə tərəfindən 5000 manat həddində iddia təmin olunsa belə yetərlidir və qalan hissədən şikayət verilməyəcək.
36. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinin 1.1-ci bəndinə əsasən 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə Satıcı özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici içkiləri və çayları alıcıya satmağı, Alıcı isə öz növbəsində Satıcının istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları qəbul etməyi, həmin məhsulları öz mağazasında (satış nöqtəsi, restoran, otel, yemək xidməti sahəsi və.) Satıcının təklif etdiyi yerdə yerləşdirməyi, qəbul etdiyi məhsulun əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür.
37. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 5000 manat məbləğində pul köçürülmüşdür, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi – iddiaçıya məxsus 5000 kaset müxtəlif çeşidli malların satılmasını icra etmədiyi üçün ödənilmiş həmin 5000 manatın geri qaytarılmasını xahiş edir.
38. Məhkəmə hesab edir ki, cavabdehin 5000 manat borcu qəbul etməsi və işdə olan sübutlarla həmin pul məbləğinin köçürülməsi iddianın həmin hissədə təmin edilməsi üçün əsasdır.
39. Bundan əlavə iddianın digər məbləğə dair hissədə, yəni 5000 manata dair hissədə məhkəmə əsassız hesab edir.
40. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndindən də göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirməzsə ona müqavilə müddətinin uzadılması hüququna malik olduğu razılaşdırılmışdır. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə 5000 manat kaset müxtəlif çeşidli içkilərin verilməsi iş materialları ilə müəyyən edilmir.
41. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
42. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsin əsasən hesablanmış 60 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
45. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (10000 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 60 manat məbləğində müəyyən edilməlidir.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 220 manat məbləğində vəkil xərci və 148 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 220 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 73 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti caabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Kıztas Turkaydan 5.000 (beş min) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu, 220 (iki yüz iyirmi) manat vəkil xərcinin əvəzi və dövlət rüsumunun əvəzi qismində 73 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova