Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1172/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi 4026,92 manat vəsaitin və 127 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10928,92 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 7994,50 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi 4026,92 manat vəsaitin və 127 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12148,42 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi 4026,92 manat vəsaitin və 127 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10928,92 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən, cavabdehə məxsus avtonəqliyyat vasitələrinə iddiaçı tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1cimaddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 10 iş günündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus **-AB-*** dövlət qeydiyyat nişanlı “Audi” markalı avtonəqliyyat vasitəsinə 10.08.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 2430,80 manat, 02.09.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 5563,70 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Belə ki, **-AB-*** dövlət qeydiyyat nişanlı “Audi” markalı avtonəqliyyat vasitəsinə iddiaçı tərəfindən 10.08.2020-ci il və 02.09.2020-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 7994,50 manat təşkil edir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə 17.06.2021-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh borclu məbləğin ƏDV hissəsi olan 1219,50 manat məbləği 14.02.2022-ci il tarixdə iddiaçının depozit hesabına köçürmüş, qeyd olunan xidmətlərə görə 6775 manat borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyir. Cavabdehin borclarının yarandığı tarixdən iddia ərizəsi tərtib olunan tarixədək, yəni 12.01.2022-ci il tarixədək borcunu ödəməmişdir. Belə ki, həmin tarixlər arasındakı gün fərqləri: 12.01.2022- 10.08.2020=520 gün, yəni 1 il 5 ay 2 gün, 12.01.2022-02.09.2020=497 gün, yəni 1il 4 ay 10 gün, 10.08.2020-ci il tarixdə yaranan 2430,80 manat borc pula 520 günə 0,1 faizlə hesablanmış məbləğ 1263,60 manat təşkil edir. Belə ki, 2430,80 manatın 1 il (365 gün) üçün 0,1 faizi 886,95 manat, 1 gün üçün 0,1 faizi 2,43 manat təşkil edir. 520 gün x 2,43 manat=1263,60 manat. 02.09.2020-ci il tarixdə yaranan 5563,70 manat borc pula 497 günə 0,1 faizlə hesablanmış məbləğ 2763,32 manat təşkil edir. Belə ki, 5563,70 manatın 1 il (365 gün) üçün 0,1 faizi 2029,40 manat, 1 gün üçün 0,1 faizi 5,56 manat təşkil edir. 497 gün x 5,56 manat=2763,32 manat. Cavabdehdən 6775 manat borcdan əlavə, 01.08.2019cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq, yaranmış hər iki borcun hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi hesablanan ümumilikdə 4026,92 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Qanunvericilikdə yazılmışdır ki, elektron qaimə göndərildikdə 5 gün ərzində düzəliş olmadıqda sistemdən silinir. Hesab edir ki, cavabdehin heç bir borcu yoxdur. Tərəflər arasındakı müqavilədəki imza cavabdehin rəhbərinin imzası deyildir. Cavabdehin əvvəlki adı "xxxx" MMC olmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilədən görünür ki, iddiaçı, sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. 11.08.2020-ci il tarixli ********** saylı və 02.09.2020-ci il tarixli ********** saylı hesablardan, 11.08.2020-ci il tarixli EBAN seriyalı 527718 saylı və 03.09.2020-ci il tarixli EBAP seriyalı 551577 saylı elektron qaimələrdən, ********** saylı və ********** saylı təmir kartlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin 10AB187 dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş texniki xidmətin dəyəri ümumilikdə 7994,5 manat təşkil etmişdir. İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən 14.02.2022-ci il tarixdə 370,80 manat və 848,70 manat olmaqla, ümumilikdə 1219,50 manat iddiaçının depozit hesabına köçürülmüşdür. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, sifariş əsasında cavabdehin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, cavabdeh isə görülmüş işi qəbul etməyi və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehin 10AB187 dövlət qeydiyyat nişanlı avtomobilə 7994,5 manat dəyərində texniki xidmət göstərilmiş, cavabdeh tərəfindən isə bu məbləğin ƏDV hissəsi olan 1219,50 manat məbləği iddiaçının depozit hesabına köçürülmüş, qalan 6775 manat məbləğ isə ödənilməmişdir. Tərəflər arasında “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, texniki xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən yaranmış 6775 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabndehin borcunun olmadığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda cavabdeh tərəfindən borcun ƏDV hissəsi olan 1219,50 manat məbləğin hansı səbəbdən iddiaçının depozit hesabına köçürülməsinə münasibət bildirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 6775 manat dəbbə pulu məbləği yaranmış 4026,92 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 350 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləği, 350 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 65,96 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 83,76 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 43,24 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləği, 350 manat cərimə Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 127 manat dövlət rüsumunun 83,76 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 43,24 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1172/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1172/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver